Şəhid Cavid Ələkbərovun nəşi 30 ildən sonra Sumqayıtda torpağa tapşırılıb

post-img

Bu gün Sumqayıtdakı Şəhidlər Xiyabanında I Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Murovdağ yüksəkliyində itkin düşmüş, hazırda nəşi tapılan Qubadlı rayon Novlu kənd sakini şəhid Ələkbərov Cavid Fazil oğlu ilə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Milli Məclisin deputatları, YAP Qubadlı rayon təşkilatı, hüquq mühafizə orqanları, Qubadlı Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, həmçinin şəhid ailələri, müharibə veteranları iştirak edirdilər.

Bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Mərasimdə bildirilib ki, 1992-ci ildə rayonun ilk şəhidlərindən olan Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-də Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olub, Novlu kənd orta məktəbini bitirib. 1993-cü ildə ordu sıralarında həqiqi hərbi xidmətdə olub, Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklər uğrunda erməni işğalçılarına qarşı gedən şiddətli döyüşlərdə əsl igidlik və fədakarlıq nümunəsi göstərərək, düşmənə sarsıdıcı zərbələr vurub. Son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyində olub.

Qeyd edilib ki, həmin gün Murovdağının ətəklərində və yüksəkliklərində şiddətli döyüşlər gedib, qəhrəman əsgərlərimiz düşmənə sarsıdıcı zərbələr endirib. Xalqımızın igid oğlu Cavid Ələkbərov da həmin döyüşdə itkin düşüb.

Çıxışlarda bildirilib ki, şəhidin ailə üzvlərindən də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunanlar var. Belə ki, I Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı gedən döyüşlərdə həyatını itirən Cavidin əmisi Ələkbərov Rafiq Qaçay oğlu və əmisi oğlu Ələkbərov Füzuli Hidayət oğlu da burada uyurlar. O, cümlədən şəhidin adını daşıyan I Qarabağ müharibəsi veteranı Aqil Ələkbərovun oğlu Cavid Ələkbərov 44 günlük Vətən müharibəsində Hadrut istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, müharibəsi veteranıdır. Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha sonra Ələkbərov Cavid Fazil oğlunun nəşi torpağa tapşırılıb. Ruhuna dualar oxunub.





Sosial həyat