Həyatda elə insanlar var ki, onlar öz şəxsiyyətləri, xarakterləri, hədsiz peşəkarlıqları, sonsuz vətən sevgiləri ilə sadəcə sağlıqlarında xalqın, cəmiyyətin sevimlisinə çevrilmirlər. Onlar əbədiyyətə qovuşandan sonra da qoyub getdikləri zəngin irs, böyük məktəb, işıqlı xatirələrlə sevgi və ehtiram hissi ilə xatırlanır, daim böyük məhəbbətlə yad edilirlər. Azərbaycan xalqının belə nəhəng şəxsiyyətlərindən biri də peşəkar kəşfiyyatçı, təcrübəli çekist, ulu öndər Heydər Əliyevin silahdaşı Rzaqulu Hüseyn oğlu Quliyevdir.
Erməni soyqırımının qurbanları
Rzaqulu Quliyev 1915-ci ilin sentyabr ayında Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşdur. Lakin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı başlatdığı irimiqyaslı soyqırım siyasəti Qərbi Azərbaycandakı əksər azərbaycanlılar kimi Rzaqulu Quliyev ailəsini doğma yurd yerini tərk etmək məcburiyyəti qarşısında qoyur. Atası, eləcə də digər yaxın qohumları azyaşlı uşaqların həyatını xials etmək üçün doğma dədə-baba torpaqlarını tərk etsələr də, onlar erməni faşizminin vəhşilikləri ilə barışmır, bu tarixi ədalətsizliyə silahlı şəkildə müqavimət göstərirdilər. Məhz bu döyüşlərdə Rzaqulu Quliyevin atası Hüseyn bəy, eləcə də əmisi 23 yaşlı Heydər düşmənə ağır zərbələr endirmiş, qeyri-bərabər mübarizədə qəhrəmanlıqla şəhid olmuşdular.
Ermənilər tərəfindən gerçəkləşən soyqırımı zamanı Rzaqulu Quliyevin anası Zərif xanım da haqqın rəhmətinə qovuşmuş, uşaqlar valideyn himayəsindən məhrum olmuşdular. Məhz belə bir ağır zamanda Quliyevlər ailəsinin qohumları Əlirza Əliyev və İzzət xanım Rzaqulu Quliyev və onun bacılarını taparaq öz himayələrinə götürürlər. Bu, faktiki olaraq uşaqların gələcəyini xilas edir, onlar üçün yeni perspektivlər açır.
İkinci Dünya müharibəsi illərində
Orta məktəbi bitirdikdən sonra 1929-cu ildə əmək fəaliyyətinə başlayan Rzaqulu Quliyev, eyni zamanda, təhsilini də uğurla davam etdirir, ən məşhur ali məktəblərdə təhsil alır. 1940-cı ilə qədər müxtəlif sahələrdə çalışan və bütün bu vəzifələrdə özünü təsdiq edən Rzaqulu Quliyev İkinci Dünya müharibəsinin SSRİ-yə çatması ilə hərbi komissarlıq sistemində fəaliyyətə başlayır. 1940-1944-cü illərdə həm hərbi komissarlıq, həm də prokurorluq orqanlarında çalışan gənc vətənpərvər, 1944-cü ildə dövlət təhlükəsizlik orqanında fəaliyyətə başlayır. Rzaqulu Quliyev ömrünün sonuna qədər bu qurumda çalışır və Azərbaycan dövlətinin təhlükəsizliyinə böyük töhfələr verir.
R.Quliyev dövlət təhlükəsizlik orqanlarında xidmət edərkən, sadəcə, paytaxtda deyil, bölgələrdə də ciddi iş aparır. Şərur, Ordubad və Naxçıvanda peşəkar çekist kimi fəaliyyət göstərən R.Quliyev daha sonra Bakıda – mərkəzi idarədə mühüm tapşırıqlar həyata keçirir, ciddi postlarda təmsil olunur. Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanındakı 35 illik fəaliyyəti dönəmində yüksək orden və medallarla təltif olunmaqla yanaşı, həm də polkovnik rütbəsinə layiq görülür.
Ulu öndərin sevimlisi
Rzaqulu Quliyevin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti Heydər Əliyev tərəfindən diqqətlə izlənilir, təqdirlə qarşılanırdı. Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarında işləyən şəxslərdə əsasən iki mühüm keyfiyyətin olmasını vacib hesab edirdi. Bunlardan biri həqiqi peşəkarlıq, digəri isə əsl vətənprəvərlik idi. Ümummilli lider hesab edirdi ki, bu iki amil dövlət təhlükəsizliyi orqanlarında çalışanlarda vəhdət təşkil etməlidir. Çünki yalnız bu halda müvəffəqiyyət qazanmaq, dövlətin və xalqın təhlükəsizliyini sözün həqiqi mənasında təmin etmək mümkündür. R.Quliyev da məhz bu xüsusiyyətləri – peşəkarlığı və vətənpərvərliyi ilə diqqət çəkir, bununla ətrafdakı digər insanların da rəğbətini qazanırdı.
R.Quliyevin çalışqanlığı, çətin və mürəkkəb situasiyalarda məntiqli qərarlar qəbul etməsi, öz təmkinini heç vaxt itirməməsi ulu öndər Heydər Əliyevin yüksək qiymətləndirdiyi keyfiyyətlər idi. Buna görə də Heydər Əliyev Rzaqulu Quliyevə xüsusi ehtiramla yanaşır, onun fəaliyyətini, dövlət qarşısındakı xidmətlərini yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, Rzaqulu Quliyev 1982-ci ildə vəfat edən zaman II Fəxri Xiyabanda dəf edilmiş, onunla bağlı rəsmi nekroloq yayımlanmışdır. Həmin nekroloqda deyilirdi:
“Kəşfiyyat orqanlarında məsul vəzifələrdə Rzaqulu Quliyev operativ işi düzgün təşkil etmək və şəxsi heyətlərin səylərini başlıca vəzifələrin yerinə yetirilməsinə səfərbər etmək bacarığı ilə fərqlənmişdir. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyi uzun illər ərzində o, yüksəkixtisaslı kəşfiyyatçı, bacarıqlı təşkilatçı kimi yetişmiş, zəngin təcrübə toplamış, təcrübəsini cavan əməkdaşlara səxavətlə öyrətmişdir”.
Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanlarında xidmət edərkən gənc kadrlara bu peşənin sirlərini həvəslə öyrədir, öz təcrübəsini onlarla sevə-sevə bölüşürdü. O, çox yaxşı bilirdi ki, dövlətin gələcək təhlükəsizliyi məhz gənclərdən, onların bilik və bacarığından, peşəkarlığından asılıdır. Buna görə də Rzaqulu Quliyev gənclərə xüsusi həssaslıqla yanaşır, onlar üçün sözün həqiqi mənasında ilham mənbəyi rolunu oynayırdı.
Sonadək xalqın xidmətində
Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanlarından təqaüdə çıxandan sonra da xalqa xidmət etməkdə davam etmiş, ictimai-siyasi müstəvidə ciddi aktivlik sərgiləmişdir. Xalq arasında yüksək nüfuza və hörmətə malik olan Rzaqulu Quliyev şəhər və rayon Xalq Deputatları sovetlərinin deputatı seçilmiş, bu vəzifədə də xalqa ləyaqət və vicdanla xidmət etmişdir. O, “İnturist" Ümumittifaq Səhmdarlar Cəmiyyətinin Bakı Şöbəsinin rəhbəri, habelə, Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini vəzifələrində də fəaliyyət göstərmişdir.
Rzaqulu Quliyev ictimai-siyasi fəaliyyətinə görə də çoxsaylı təltiflər almış, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenlərinə, SSRİ-nin “Fəxri çekist”i adına layiq görülmüş, Azərbaycan Respublikasının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.
Peşəkar kəşfiyyatçı təqaüdə çıxdıqdan sonra da gənclərlə aktiv şəkildə işləməkdə davam etmiş, onları yüksək təhsil almağa, dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməyə, özlərini inkişaf etdirməyə həvəsləndirmişdir. Yüzlərlə gənc məhz Rzaqulu Quliyevin məsləhət və tövsiyəsi ilə ali məktəblərdə təhsil almış, müxtəlif dövlət qurumlarında faəliyyətə başlamışdır. Hansı ki, Rzaqulu Quliyevin işıqlı xatirəsi bu gün də onlar tərəfindən ehtiramla xatırlanmaqdadır.
...Qarşıdan mərhum çekistin anadan olmasının 110 illiyi gəlir. İnanıram ki, Rzaqulu Quliyevin 110 illik yubileyi əlaqədar dövlət qurumları tərəfindən yüksək səviyyədə qeyd ediləcək, onun xatirəsi bir kəs daha təntənəli şəkildə yada salınacaq.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də bütün ömrünü Azərbaycan dövlətinin və xalqının inkişafına, təhlükəsizliyinə həsr edən Rzaqulu Quliyevlə bağlı tədbirlər keçirəcək, gəncləri məhz bu cür şəxsiyyətlərdən öyrənməyə səsləyəcəyik. Gənclərimiz dünənlərinə görə kimlərə minnətdar olduqlarını bilməli və sabahın təhlükəsizliyini keçmişin təməlləri üzərində inşa etməyi bacarmalıdırlar. Çünki bu, keçmişə sahib çıxmaq mədəniyyəti və dərrakəsi ilə yanaşı, həm də inkişaf və təhlükəsizliyin ən etibarlı, ən optimal yoludur!
Cəlil XƏLİLOV,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik