Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabiti Şixamir Qaflanov tale payı olan 34 illik ömrünü şərəflə yaşadı. İkinci Qarabağ savaşında igidliyinə görə dövlət tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, döyüş dostları arasında isə əfsanəvi “Rembo” adı ilə tarix yazdı.
Zaqatalada anadan olan, Gəncədə əsgərlik keçən, sonra Bakıda Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbini bitirən Şixamir İzmirdə “Jandarma Komando” kurslarında da təhsil alıb. Mayor rütbəsində “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri kimi Vətənə qulluğunu davam etdirib.
Onun başçılıq etdiyi 40 nəfərdən ibarət şəxsi heyət işğal altındakı torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsində əfsanəvi igidliklər göstərib. Dəstənin ilk döyüşü Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində olub. Səhər saatlarında başlanan hücumun nəticəsində təmas xətti yarılıb və Qaraxanbəyli düşməndən geri alınıb. Həmin döyüşlərdə “Bəbir”lər heç bir itki verməyiblər.
Daha sonra Şixamirgil Cəbrayıl rayonunun Lələtəpə səmtindən başlayaraq Arazboyu əməliyyatlara qatılıblar. Bir sıra əlverişli mövqelərin və yaşayış məntəqələrinin Azərbaycan Ordusu tərəfindən azad edilməsində xüsusi fədakarlıq nümayiş etdiriblər.
Əfsanəvi komandirin son döyüşü oktyabrın 19-da Xocavənd rayonu istiqamətində olub. Xüsusi tapşırığa əsasən, strateji əhəmiyyətə malik olan mövqe ermənilərdən təmizlənməli idi. Zəfər yoluna “yaşıl işıq” yandıracaq bu mövqenin bir istiqaməti Laçın dəhlizinə, digəri isə Füzuli rayonuna aparırdı.
Həmin günəcən Şixamir Qaflanovun rəhbəri olduğu dəstənin şəxsi heyətində bir nəfər belə həyatını itirməmişdi. Vətən uğrunda can verməkdə də o, birinci oldu. Ardınca daha 3 nəfər hərbi qulluqçu şəhadətə qovuşdu. Baş çavuşlar Sahib Məmmədovla Surxay Mehdiyev və çavuş Sənan Ələsgərzadə komandirin getdiyi əbədiyyət yolunda “müşayiət” etdilər. Dəstənin digər üzvləri sözügedən mövqeyə sahib çıxaraq, komandirin ruhunu nigaran qoymadılar. Əfsanəvi Rembo və dostları buna qədər neçə-neçə hərbçimizi düşmən mühasirəsindən xilas etmiş, erməni ordusunun çoxlu canlı qüvvəsini zərərsizləşdirmişdilər.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüşlər zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirən zaman göstərdiyi misilsiz hünərə görə Şixamir Qaflanova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Hələ həlledici savaşa atılmazdan 3 ay əvvəl layiq görüldüyü “Qüsursuz xidmətə görə”, eləcə də Zəfər Yürüşünün nəticəsi olaraq adına yazılan “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları da onun şərəfli döyüş yolunu nurlandıran təltiflərdir.
Şixamirin böyük qardaşı Asif Qaflanov Birinci Qarabağ savaşının qazisi, 2-ci qrup müharibə əlilidir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb. Qəhrəman zabitimizin digər qardaşı – Qurban Qaflanov vaxtilə Daxili Qoşunların sıralarında xidmət edib, hazırda Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xüsusi vasitələr xidməti rəisi, polis mayorudur. Şixamirin Müzəffər Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda verdiyi döyüş əmrini böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladığını deyir: “Şixamir mənim üçün təkcə qardaş deyil, həm də bir dost, sirdaş idi. Hər bir dərdini mənimlə bölüşərdi. Cəbhəyə yollananda da evdəkilər nigaran olmasın deyə, bu “sirr”i yalnız mənə bildirmişdi... Onun Vətənə can-başla xidmət missiyasını davam etdirməyimlə qürur duyuram”.
İctimai televiziyada hazırlanaraq təqdim olunmuş “Bir “Bəbir” kimi…” sənədli filmi ölməz qəhrəmanın örnək həyatı barədə gözəl vizual dastandır. Şixamir Qaflanovun Zaqatalada yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Rayon Humanitar Fənlər Gimnaziyası qəhrəmanın adını daşıyır. Onun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fondunda qorunub saxlanır.
Ə.DOSTƏLİ
XQ


