“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant vəsaiti ilə gerçəkləşdirdiyi “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsinin məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.
Layihə çərçivəsində ilk dəfə hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” adlı kitab çap olunub. Bu kitaba I və II Qarabağ savaşları zamanı ifa edilən və eyni zamanda, digər dövrləri əhatə edən hərbi marşlar salınıb. Topluda “Kitabi-Dədə Qorqud”dan üzü bəri vətənpərvərlik mövzusunda yaradılmış poetik mətnlərdən istifadə edilib. Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları nəşri daha da zənginləşdirib. Kitab orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə edilən gərəkli mənbələr sırasında yer alıb.
Ön söz müəllifi və tərtibçisi “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin layihə rəhbəri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov XQ-yə açıqlamasında bildirib:
– Qarabağın işğalından sonra Azərbaycan şairlərinin, demək olar, hamısı bu mövzuda əsərlər yazıb. Bu şeirlərdə Türkiyə–Azərbaycan ictimai, siyasi, hərbi birliyi ilə yanaşı, mənəvi birliyindən doğan böyük bir ümid və gələcəyə yönəlik mesajlar vardır. Həm Türkiyə, həm Azərbaycan şeirində Qarabağ mövzusunda birlik və bərabərlik mesajları verilir. Araşdırmalar göstərir ki, ictimai, siyasi, hərbi birlik olan zaman ədəbiyyat, poeziya da bu birliyi tərənnüm edir və yaşadır. XX yüzilin əvvəllərindən başlayan bu birlik mesajları bütün türklərin birləşməsi üçün bir örnək xarakteri daşıyır.
Bütün bunlar türklüyün gələcək həyat yolunda Turan ideyasının və Turançılığın poetik dərketməsinin ilk mərhələsidir. Düşünürük ki, hələ bundan sonra da Türkiyə və Azərbaycan ordusunun zəfərlərinə yeni şeirlər həsr olunacaq. 107 il əvvəl Nuru Paşaya poetik öygülər olduğu kimi, bu günün müharibə qəhrəmanlarına da yeni vəsflər yazılacaq.
P.ƏMİRCANOV
XQ

