Daşnak quldurlar aşığı sevimli yurdundan necə didərgin salmışdılar?
Sazı ilə, sözü ilə böyük şöhrət qazanan, fitri qabiliyyəti, haqdan verilən ilhamı ilə saza da, sözə də böyük şöhrət qazandıran Dədə Ələsgər “Pənc – Ali-əba” adlı şeirində deyirdi:
Günahım dəryadı, özüm qanmışam,
Tutduğum işlərə çox utanmışam.
Püşti-pənahına daldalanmışam,
Adım Ələsgərdi, əslim göyçəli.
Beş bənddən ibarət olan bu qoşmada Aşıq Ələsgər ilahidən dərs aldığını, beş müqəddəs şəxsə – (Məhəmməd (s), Fatimə (ə), Əli (ə), Həsən (ə) və Hüseyn (ə)) - ə cani – dildən bağlı olduğunu bildirmiş, şeirin son bəndində isə həyatda onlara pənahlandığını, onlardan imdad və yardım istədiyini bildirmişdir. Böyük söz ustadı bu gözəl mədhiyyənin sonunda özünün də kimliyini nişan vermişdir: adım Ələsgərdi, əslim göyçəli.
Şifahi ədəbiyyatla bərabər yazılı ədəbiyyatın da əksər nümayəndələri doğulub boya-başa çatdıqları torpağı öz əsərlərində məhəbbətlə tərənnüm etmişlər. Hətta bir çox şairlər ədəbiyyat tarixinə öz nisbələri ilə – şairin doğulduğu yerin adı ilə düşmüşlər: Məsələn, Nizami Gəncəvi, Xəqani Şirvani, Sahib Təbrizi.
Qayıdaq aşığın həyatının ən faciəli dövrü olan 1918-ci ilin erməni soyqırımı dövrünə. O dövrə ki aşıq sevimli Göyçəsindən didərgin düşmüş, min bir əzab-əziyyətə dözməli olmuşdu. Cənubi Qafqazın müsəlmanlar yaşayan bir çox vilayətlərində müsəlmanlara qarşı ermənilər tərəfindən törədilən böyük qırğın, deportasiya, faciə dolu günlərdə, aylarda Aşıq Ələsgər həmyerliləri ilə bir yerdə ağır məclislər yola verdiyi qonşu Kəlbəcərə pənah gətirmişdi.
O zaman Azərbaycan müstəqil dövlət deyildi, Çar Rusiyasının ucqar bir əyaləti idi. Çar II Nikolay da taxtdan salınmış, Rusiyanı aclıq, yoxsulluq, vətəndaş müharibəsi bürümüşdü. Azərbaycanda da əhalinin böyük əksəriyyəti savadsız, dünyada və regionda gedən siyasi proseslərdən xəbərsiz idi. Bundan başqa, yoxsulluq, silah-sursat ehtiyatının olmaması, ayrı-ayrı bölgələrin bir-birindən xəbərsiz, məlumatsız olması da öz işini görmüşdü.
Birinci Dünya müharibəsində ruslara qoşulan ermənilər Osmanlı dövləti ərazisində türk şəhərlərinə, kəndlərinə hücum edir, silahsız dinc əhalini cinayətkarcasına qətlə yetirirdilər. Ermənilərin törətdikləri qətliamları və dövlət əleyhinə casusluq fəaliyyətlərini dayandırmaq üçün Osmanlı dövləti 1915-ci ildə “24 aprel Əmrnaməsi”ni elan etdi.
Həm Osmanlı dövləti ərazisindən gələn silahlı erməni zabitləri və əsgərləri, həm də Çar Rusiyası ordusunda təlim keçmiş erməni hərbçilər əldə etdikləri silahları günahsız, silahsız, əliyalın azərbaycanlı əhaliyə qarşı çevirdilər.
Tarixi mənbələrin verdiyi məlumata görə, 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələri İrəvan, Eçmiədzin, Nor-Bəyazid qəzalarında 197 kəndi dağıtmış, əhalini öldürmüş və didərgin salmışlar. 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə də bu qırğınları davam etdirmişlər. Naxçıvan, Gəncə və Zəngəzur vilayətlərində bu qırğın və talanların miqyası daha böyük olmuşdur.
Yeri gəlmişkən, bildirim ki, mənim də 33 ildir ki, Kəlbəcərdən məcburi köçkün düşdüyüm Göygöl rayonunun Balçılı kəndi vaxtilə 20 kənddən ibarət bir kiçik mahalın adı olmuşdur. 1918-ci ildə buraya, xüsusən də Dərə Balçılıda yerləşən kəndlərə ermənilər hücum etmiş, Ağyoxuş kəndində insanlıq dışı faciələr törətmişlər. Ancaq Ağyoxuş qırğınları nə qeydə alınıb, nə tarix kitablarına yazılıb, nə də mətbuata yol tapıb. Eləcə yaddaşlarda, xatirələrdə yaşayır.
Azərbaycanlı əhalinin var-yoxunun talan edilməsi, sağ qalanların isə öz yurd-yuvalarından didərgin salınması, bir sözlə, erməni daşnaklarının törətdikləri ən böyük qırğınlardan biri Göyçə mahalında həyata keçirilmişdir. Əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Göyçə mahalında olan qırğınlar haqqında, əhalinin sağ qalan hissəsinin öz yurd- yuvalarından qovulması haqqında, köçkün düşməsi haqqında da tutarlı tarixi faktlar azdır. Ancaq bu faktların bir qismi nə yaxşı ki, bədii sözün hesabına itib-batmayıb, aşıqların, nağılçıların dilində nəsildən-nəslə ötürülərək yaşamaq hüququ qazanıbdır.
Bir elə gələn fəlakət, bir yurdu gözləyən afət o elin sənətkarından, söz ustasından yan keçə bilməzdi. Göyçə camaatı öz kəndlərindən, dədə-baba evlərindən baş götürüb dağlara üz tutdular. Hələ qarı-buzu əriməmiş uca dağ zirvələrini keçib Cavanşir mahalının indiki Kəlbəcər rayonunun onlara ən yaxın olan kəndlərinə çatmağa, tayqulaq Andranikin qaniçən quldur dəstələrindən canlarını qurtarmağa çalışırdılar.
Yazın ala-çalpovunda dağın boranına düşüb qırılan əhalinin ah-naləsini eşidəcək Allah bəndəsi olmadı. Qışdan 3 gün borc alan yaz fəsli həmin il qəzəblə, nifrətlə, həqarətlə dağın gədiyini aşmaqda olan ac-susuz, yorğun köç əhlini haqladı. Ona saymazlıq göstərən qarı nənənin keçilərini qırmaqla ürəyi soyumadı. Qışdan kirələyib aldığı tufan, boran, qasırğa adlı döyüşçüləri ilə bu talehsiz insanları qısnayıb dərin dərənin içinə doldurdu. İnsanlar bir-birinə qısıldılar, beş bir, on bir toplaşıb dərənin kənarındakı qayalara, kahalara, yarğanlara pənahlandılar.
Heyhat, təbiət ona bu dəfə pənah gətirənlərə həyan olmadı, onların malına da, canına da qıyan oldu. Soyuqdan, şaxtadan buz bağlayan insanların üstünə burum-burum qar ələdi. Donmaqda olan insanlara nəfəs çəkməyə imkan vermədi. Bu müsibəti hər şeyi görən Allah da sanki görmədi. Az sonra əsən qarlı, buzlu külək yamaclardakı, zirvələrdəki düyuyə bənzər narin qar dənələrini sovurub bu biçarə insanların sığındığı dərəni doldurdu. O tay, bu tay yamaclara qədər bu dərin dərə küləyin sovurub gətirdiyi qarla doldu. Bu qar laylarının altında qalan insanlar nə tərpənə bildilər, nə də tarın altından çıxa bildilər.
Aradan illər keçəcək. Kəlbəcərli şair Məmməd Aslan bu faciəli hadisəni eşidəcək, tükləri biz-biz duracaq. Ancaq sovet rejiminin çəkdiyi qalın pərdəni, keçilməz səddi tam çılpaqlığı ilə aça bilməyəciyini bilmiş, ürək yanğısını “Sümüklü dərə” şeiri ilə söndürməyə çalışmışdır. Bənzərsiz bədii dilə, üsluba malik olan şair 1969-cu ildə qələmə aldığı bu şeirdə başımıza gələn bu faciələrdən obrazlı bir dillə bəhs etmişdir. Göyçə mahalında mənfur ermənilərin törətdiyi vəhşilikləri o zaman üçün gənc və istedadlı şair cəsarətlə lənətləmiş, Sovet hökumətinin kəsəkəs vaxtı olmasına baxmayaraq xalqı öz keçmişinə, öz tarixinə sahib çıxmağa çağırmışdır:
Mən dərə görmüşəm: moruq qoxulu,
Mən dərə görmüşəm:nərgiz yuxulu...
Bu dərə nə qədər müdhiş, qorxulu -
Sümüklü dərə.
Aşıq Ələsgərin əsərlərindən Göyçə mahalında yaşayan azərbaycanlıların öz yurd-yuvalarından qovulana – 1918-ci ilə qədər də müəyyən çətinliklərlə üzləşdiyi məlum olur. I Dünya müharibəsinin törətdiyi qıtlıq, iqtisadi çətinlik kimi problemlərə ermənilərdən gələn milli zülm və ayrı-seçkilik də əlavə olunur. Qocaman sənətkar bir filosof uzaqgörənliyi ilə Göyçə mahalında iqtisadi çətinliklərin olduğunu, insanların həyat şəraitinin günbəgün pisləşdiyini bir sıra əsərlərində qeyd etdiyi kimi “Bahalıq” şeirində də realistcəsinə təsvir etmişdir:
Satırlar iman, bahalıq.
Gen dünya bizim üçün
Olubdu zindan, bahalıq.
Günü-gündən dərdimiz
Eyləyir tüğyan, bahalıq.
Müxəmməsin bu bəndindən aydın görünür ki, Göyçədə iqtisadi tənəzzül yaradan, “gen dünyanı bizim üçün zindan edən” “qeyri-yerin millətidir”. Bu vəziyyəti yaradan yəqin ki, xarici ölkələrdən köçürülüb gətirilən erməni tacirləridir, iş adamlarıdır, ayrı-ayrı məmurlardır, “çinovnik, naçalnik və pristav”lardır. Ancaq eyhamla danışan aşıq bu adamların kimliyinə, milli mənsubluğuna aydınlıq gətirmir. “Ağaclı ağacını götürəndə suçlu suçunu anlayar”, atalar sözündə olduğu kimi suçlunun kimliyini anlamağı dinləyicinin öhdəsinə buraxır:
Ələsgərin bu dərdini
Gedin, dərdbilənə deyin.
Ac, susuz, açıq, çılpaq
Sürürük dövran bahalıq.
Qocaman sənətkar “Ələsgərin (əslində isə xalqın, millətin) dərdini” başbilənlərə, dərdbilənlərə deməklə xalqın bu acınacaqlı vəziyyətdən çıxış yollarını arayırdı. Ancaq heyiflər olsun ki, vəziyyət daha da pisləşdi. Göyçə mahalı öz yerindən yeridi, insanlar tərki-vətən oldular.
Tərtər çayının əsas qollarından biri olan Lev çayı öz başlanğıcını Qonurdağdan, Söyüdlüdən, kiçik Alagöllərdən axan bulaqlardan başlayır, Dəmirçidam, Cəmilli, Lev, Təkəqayası kəndlərinin dağlarından kiçik çaylar şəklində axıb gəlir, bu kəndlərin aşağı hissəsində bütöv bir çay halında birləşərək Qamışlı kəndini keçəndən sonra Tərtərə qarışır.
Lev çayının sağ sahili Söyüdlüdən Tərtərə qədər meşə örtüyü ilə bürünmüş yamyaşıl yamaclardan, astanalardan, talalardan, sərt qayalardan, dağlardan ibarətdir. Lev çayının bu sağ sahilində yalnız bircə kənd var idi: Qanlıkənd. Dörd tərəfi meşə ilə əhatə olunmuş bu kənd olduqca mənzərəli bir yerdə yerləşirdi. Kənd sakinlərinin çoxu isə dülgərlik və bənnalıq işlərinin məharətli ustaları idilər. 1905-ci ildə ermənilərin Dərələyəzdə törətdikləri qırğınlardan canını qurtaran bir neçə qohum ailəyə həmin Qanlıkənddən olan Mərdan oğlu Abbas tarixi Lev qalasının üst yanında – Qalaboynu adlanan ərazidə yaşamaq üçün yer verir.
Qalaboynu ilə Qanlıkəndin arası çox yaxın idi – iki kilometrdən də az idi. 1918-ci ildə Aşıq Ələsgərin Göyçədən qaçqın düşən ailəsini də Qanlıkəndin o vaxtkı kişiləri Qalaboynu adlanan yerdə yerləşdirir. Qısa vaxtda onlar köməkləşib Aşıq Ələsgərə bir ev tikirlər. Abbasın atası Mərdanın çayın kənarında olan dəyirmanını işlətmək işini də Aşıq Ələsgərə həvalə edirlər. Aşıq Ələsgər həm bu dəyirmandan aldığı haqq ilə ailəsini dolandırır, həm də Qanlıkənd və İlyaslar (Ellazallar) arasında olan qan düşmənliyinin davam etməsinin qarşısını almış olur.
1981-1984-cü illərdə təyinatla Kəlbəcər rayonunun Qanlıkənd kəndində müəllim işləyəndə dəfələrlə tarixi Lev qalasına, qalanın üst yanında Qalaboynu adlanan yerdə Aşıq Ələsgərin evinin kalafasına baxmışdım, sanki, qəmli düşüncələrindən doğan misraların əks-sədası yarpaqların pıçıltılarına qarışmışdı:
Sürgün torpağına bənzəyir bu kənd,
Hər tərəf sakitlik, hər insan tənha.
Burda istədiyin dostla görüşmək
Ümidi qalıbdı yalnız Allaha.
Arının, mal-qoyunun qırılması, balın-yağın qəhətə çəkilməsi, əkin-biçin işlərinin pozulması nəticəsində arpanın, buğdanın çətinliklə tapılması, hətta pulun dəyərdən düşdüyü bir zamanda dareqanın da, darının da hədsiz dərəcədə bahalaşması əhalinin çətin güzəranını bir qədər də çətinləşdirdi. Faktiki olmayan dövlətdən, başını itirmiş cəmiyyətdən əli üzülən qocaman sənətkar üzünü Allaha, peyğəmbərə tutur, “şahlar şahın”dan imdad istəyir:
Zalım cəllad nə giribdi qəsdinə,
Xəbər verin övladına, dostuna.
Şahlar şahı sayə salsın üstünə,
Ələsgərtək bəxti qara dolansın!
Aşıq Ələsgərin bu şeirdə - “Dolansın” rədifli qoşmasında gəldiyi qənaətlər, fikir və düşüncələr mahiyyət etibarilə Molla Pənah Vaqifin həyatının son illərində gəldiyi qənaət və nəticələrə uyğundur. M.P.Vaqif də “Görmədim” müxəmməsində Allahdan başqa bir kimsədə lütvi-inayət görmədiyini bildirmiş, “Bax” qəzəlində isə üzünü “Əhmədi-Muxtara, Ali-Əbaya” çevirməkdən başqa bir yol görmədiyini söyləmişdir.
Qaçqınlıq dövründə dediyi “Tapılmaz” rədifli qoşmasında Aşıq Ələsgər doğma elində və evində olan xoş günlərini yada salır, ermənilərin hücumları nəticəsində Göyçə mahalının bəy, sərdar ləyaqətində olan adamlarının öldürüldüyünü, ağ otaqların, əlvan yorğan-döşəklərinin yandırılıb talan olunduğunu ürək ağrısı ilə dilə gətirir:
Bica işdi mən bu sözü deməyim,
Ölübdü sərdarım, tutulub bəyim.
Ağ otağım, əlvan yorğan-döşəyim,
O şövkəti-şan bu yerdə tapılmaz.
Quranı, islam dininin əsaslarını mükəmməl bilən, öz əsərlərində Məhəmməd Peyğəmbərə, imamlara məhəbbət və sədaqətini bildirən Aşıq Ələsgər həyatının bu çətin və məşəqqətli anlarında belə öz iman və əqidəsində sabitqədəm qalır, dini baxış və inamını qoruyub saxlayır. “Bu yerdə tapılmaz” şeirinin son bəndində dini-tarixi şəxsiyyət olan 8-ci imamımız İmam Rzaya Xorasan şahına pənah aparmaqdan başqa çarə yolu görmür:
Ələsgər, viranda xəstə düşgünən,
Eyham anla, sözün üstə düşgünən.
Şahi-Xorasana bəstə düşgünən,
Dərdinə dərman bu yerdə tapılmaz.
“Dəyirmançı aşıq” dastan-rəvayətindən məlum olur ki, İrəvan tərəflərdə türk-müsəlman əhalisini qıran daşnaklar Göyçə mahalına da hücum edirlər. “Novruz bayramından 17 gün keçənə qədər Göyçənin igid oğulları ermənilərlə vuruşdular. Ermənilərə yenə qüvvə gəldi, müsəlmanların gülləsi qurtardığına görə, Göyçədən çıxmağa məcbur oldular”. Aşıq Ələsgərin Çamırlı kəndindən olan Həsən, Heydər və Mustafa adlı dostları da ermənilərə qarşı döyüşlərdə həlak olurlar. Bu üç igid qardaşın ölüm xəbəri də qocaman aşığı möhkəmcə sarsıdır:
Hanı Həsən, hanı Heydər,
Hanı sərdar Mustafa?
Sayəyi- mərhəmətindən
Bir müddət sürdük səfa.
Azərbaycanlıların ov tüfənglərinin olmadığı halda ermənilərin ruslardan əldə etdikləri tüfənglərlə, hətta toplarla silahlanması, xalqımıza qarşı genosid siyasətini həyata keçirtməsi qocaman el sənətkarının əndişəsini daha da artırır.
“Arxalı köpək qurd basar” məntiqi ilə hərəkət edən ermənilər 1918-ci ilin yaz-yay aylarında nəinkin Azərbaycan xalqının yaşadığı şəhər və kəndləri habelə Azərbaycan xalqının yaylağa köçən təbəqələrini də top-güllə atəşinə tuturlar. Xalqımızın mal-qarasını da ələ keçirəndən sonra bahalıq, qıtlıq tüğyan eyləyir. “Dərd gələndə, batmanla gəlir”, – deyib atalar. Batmanla gələn dərdləri Dədə Ələsgər bir operator dəqiqliyi, bir rəssam məharəti ilə təsvir edir:
Sarınərdən top-tüfəngin atılı,
Qısır Murğuz Şah dağına çatılı.
Bir əmliyin min tümənə satılı,
Yenə xəzəl oldu pulların, dağlar.
“Aşıq elnən nəfəs alar”, “Aşığınkı toydur, mollanınkı vaydır,”- deyib atalarımız. Doğma türk obalarının, yurdlarının yağmalandığını, talan edildiyini görən qocaman el aşığı elsiz yaşamaqdansa eli ilə, obası ilə birgə hər cəfaya dözməyi, hətta ölməyi belə üstün tutur:
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgərtək qulların, dağlar!
“Dağlar” rədifli qoşmasında Dədə Ələsgər elat camaatının səxavətli-əliaçıq olduğunu ağır məclislər qurduğunu, öz mal-dövlətini şülən çəkdiyini bildirir:
Hanı mərd iyidlər, boş qalıb yurdu?
Səxavətdə Eldar nurəlanurdu.
Erkək kəsib, ağır məclis qururdu,
Şülən çəkilirdi malların, dağlar.
Şeirdə qəmgin, ümidsiz düşüncələrlə bərabər, mərdlik, cəsarət, hünər notlarının da olması Aşıq Ələsgərin Azərbaycan xalqının gələcəyinə, igid oğullarımızın düşməndən qisas alacağına inam bəslədiyinin əyani sübutudur:
Halıyam Eldarın var cümləsindən,
Gecə yatmır bir-birinin bəhsindən.
İyid nərəsindən, güllə səsindən,
Dəyməmiş tökülür kalların, dağlar.
Göyçə əhalisinin doğma yurd-yuvalarından didərgin düşməsindən üç ildən artıq bir vaxt keçəndən sonra – 1921-ci ilin 2-ci yarısından etibarən camaat hissə-hissə öz doğma kəndlərinə, evlərinə dönməyə başladılar. Hər şeyi təzədən başlamaq, yenidən tikib-qurmaq lazım gəldi. Heç bir dövlət yardımı almayan zəhmətkeş insanlar min bir əzab-əziyyətlə dədə-baba yurdlarını abadlaşdırmağa başladılar.
Göyçənin digər kəndləri kimi, Ağkilsə kəndinin camaatı da öz ev-eşiyinə, öz yurd-yuvasına qayıdır. Ömrü boyu Allaha, peyğəmbərə, imamlara sidqi-dildən bağlı olan Aşıq Ələsgər üçillik intizardan sonra doğma evinə qayıdır və möcüzə ilə qarşılaşır. Kənddəki bütün evlər erməni vandalları tərəfindən yandırılsa da, Aşıq Ələsgərin evi yanmayıb, salamat qalmış imiş. Aşıq Ələsgərlə bağlı olan “Yanmayan ev” adlı xatirəsində Aşıq Talıbın söylədiyi əhvalat çox ibrətamizdir.
Camaat Göyçədən qovulandan sonra ermənilər kəndləri talamış, evləri yandırmışdı. Göyçəlilər Azərbaycanın ayrı-ayrı yerlərində yaşayırdılar. Bizim külfətimiz də Kəlbəcərin Qanlıkənd kəndindəydi. Qaçqınlar bir-birinin vəziyyətindən tez-tez halı olurdular. Allah keçənlərinizə rəhmət eləsin! Dədəmin də yanına göyçəlilərdən gəlib-gedən çox olurdu. Göyçəyə qaçandan bir az sonra Ağkilsədən kim idisə (huşumdan çıxıb) bizə gələnlər varıydı. Bir az söhbət eyləyəndən sonra, Ağkilsə kəndinin də tamam yanırıldığını söylədilər və bizim evin yanmasına təəssüfləndilər.
Dədəm dedi:
– Mənim evim yanmaz! Gələnlərdən biri dedi:
-Axı, gözümüzlə gördük. Kənddəki evlərin hamısı yanırdı. Sizin də evin bacasından tüstü-alov ərşə bülənd olmuşdu.
-Gözünüzlə görsəniz də mənim evimi erməni yandıra bilməz!
-Axı niyə yandıra bilməz?! O evin də üstü ağacdan deyil?! Dədəm bir az da uca səslə dedi:
- O evin ağaclarını ağzım oruc, yayın isti günlərində meşədən min bir əziyyətlə gətirmişəm. O ev yanmaz!
Söhbət bununla kəsildi.
Göyçəyə qayıdanda gördük ki, kənddə salamat qalan bircə bizim evdi. Dirəklərin dördünün də dibində qalaqlanan qamış külü göstərdi ki, evin yanması xəbərini verənlər yalan deməyiblər.
Belə şiddətli alova tutulan evin od almaması hamını heyrətləndirdi.
1988-ci ildə Ermənistan adlanan respublikadan azərbaycanlı əhali son nəfərinə qədər qovuldu. Ulu Göyçə elinin də əhalisi öz yurd-yuvalarını tərk edib Azərbaycana pənah gətirdilər. Aşıq Ələsgərin övladlarının evi də, ölməz sənətkarın məzarı da işğal altında qaldı.
Aradan az və ya çox illər keçəcək, azərbaycanlılar doğma yurd yerlərinə dönəcəklər. İnanırıq ki, 1918-1921-ci illərdə aşıq Ələsgərin evi yanmayıb salamat qaldığı kimi yaxın gələcəkdə, təxminən, 2030-cu illərin hansısa uğurlu bir ayında, günündə Göyçə mahalı da yenidən əzəli sakinlərini qarşılayacaq. O yerlərdə rəhmətə gedən əcdadlarımızın, o cümlədən Dədə Ələsgərin ruhu o torpağa dönən insanlarımızı salamlayacaq. O gün uzaqda deyil.
Salman QARALAR,
şair-tədqiqatçı,
ələsgərşünas



