TDT ölkələrinin turizm dünyası

post-img

Böyük bir coğrafi ərazidə, faktiki olaraq, 2 qitədə yerləşən türk dövlətləri üçün turizmin davamlı inkişafı xüsusi önəm daşıyır. Təqdirəlayiq haldır ki, son vaxtlar Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu sahəyə diqqət artıb. Mütəxəssislərin fikrincə, bu, türk xalqları arasında mədəni və humanitar əlaqələrin güclənməsinə səbəb olacaq.

Türkiyənin turizm sahəsindəki zəngin təcrübəsi TDT dövlətləri üçün nümunə rolunu oynayır. Qardaş ölkəni ildə orta hesabla 60 milyona yaxın əcnəbi qonaq ziyarət edir. Turistlərin sayına görə Türkiyə Avropada Fransa, İtaliya, İspaniyadan geri qalsa da, qardaş ölkədə bu istiqamətdə artan dinamika müşahidə olunur.

Azərbaycan hökuməti də ölkəmizdə turizmin hərtərəfli inkişafını dəstəkləyir. Son illər bu sahədə bir çox iri layihələrin icra olunmasına start verilib. Ölkəmizdə müasir otellərin sayı artır, xidmət səviyyəsi durmadan yüksəlir. Azərbaycanda çox sayda beynəlxalq tədbirlərin keçirilməsi də turizmin sürətli inkişafına təkan verir.

Yeri gəlmişkən, bir müddət əvvəl “Xalq qəzeti” redaksiyasına 2 türkiyəli jurnalist təşrif buyurmuşdu. Baş redaktor Əflatun Amaşov onları mənimlə tanış etdi. Məqsədlərinin Azərbaycanda turizmin inkişafını təşviq etmək olduğunu dedilər.

Məlum oldu ki, həmkarım Mövlud Yeni Türkiyə Qəzetçiləri Konfederasiyası başqanının beynəlxalq əlaqələr ürzrə yardımçısıdır. 40 ilə yaxın davam edən uğurlu peşə fəaliyyətinin çox hissəsini “Tərcüman”, “Axşam”, “Sabah” kimi nüfuzlu qəzetlərin redaksiyalarında keçirib, bu mətbu nəşrlərdə parlaq araşdırma yazıları dərc etdirib.

Mövlud Yeni hazırda Türkiyədə kifayət qədər populyar olan “mygazete.com” saytının sahibidir. O, Azərbaycanda turizmin perspektivləri barədə söz düşəndə əvvəlcə bunları dedi:

–Bilirsinizmi, turizm sektoru bu gün neft qədər gəlirli, həm də də ekoloji cəhətdən zərərsiz, yəni “bacasız istehsal sahəsi olmaqla”, sevimli ölkələrimizin iqtisadiyyatının inkişafına əlavə dinamizm və sanballı maliyyə faydaları gətirmək gücünə malikdir.

Mövlud bəyin bu sözlərindən sonra digər türkiyəli həmkarım Emin bəy də öz növbəsində söylədi ki, bir halda ki, hədəf bəllidir, niyyətimiz xeyirxah məqsədlərə xidmət edir və real imkanlara söykənirsə, niyə bu sahədə qüvvələrimizi birləşdirib layiqli uğur qazanmayaq.

Emin bəy sonra qeyd etdi ki, belə bir amili də unutmaq olmaz ki, çağdaş dünyada bütün sahələrdə, eləcə də turizm sektorunda rəqabət çox güclüdür. Bu istiqamətdə yeni yaranmış fürsətləri qaçırmaq zərər gətirər. Biz əl-ələ verib zamanın çağırışlarını qarşılamağı bacarmalıyıq.

Bu fikirlərdən sonra qonaqlar bir sıra önəmli rəqəm və göstəriciləri dilə gətirdilər. Bildirdilər ki, son 5 ay ərzində Türkiyədən Azərbaycana cəmi 170 min turist səfər edib. Bu göstərici mövcud potensialla müqayisədə çox aşağıdır. Daha böyük irəliləyişə nail olmaq isə mümkündür və vacibdir.

Mövlud bəy öz növbəsində, dərin inam hissi ilə dedi:

– 85 milyon əhalisi olan Türkiyədən nədən qardaş ölkəyə hər il azı 1 milyondan çox turist gəlməsin?! Niyə türkiyəli ziyarətçilər gözəl və bənzərsiz Şuşanın təmiz havasından udub, İsa bulağının saf suyundan içməsinlər? Nə üçün Xəzərin “cənub mirvarisi” Lənkəranın, “şimal gözəli” Qubanın məğrur dağları kimi qürurlu insanları ilə ünsiyyətdə olmasınlar? Nədən dünyanın ən ləziz mətbəxləri ilə yarışmaq gücündə olan Şəki nemətlərinin ləzzətini damaqlarında hiss etməsinlər?! Hansı turist Zaqatalanın bərəkətli vadilərində becərilən qızılgüllərin gözəlliyinə heyran qalmaya bilər?!

Bəli, Azərbaycan başdan-başa gözəlliklər diyarıdır! Təkcə Mövlud və Emin bəy deyil, başqa çox sayda türkiyəli həmkarlarımız da “can Azərbaycan”ın böyük turizm imkanlarını təbliğ və təşviq etmək, marketinq ilə bağlı məsələlərin həllinə dəstək verməyə hazırdırlar.

Belə bir vacib amili də nəzərdən qaçırmayaq ki, rəsmi media orqanları ilə yanaşı, geniş izləyici auditoriyası olan sosial şəbəkələrin, internet televiziya kanallarının imkanlarını da bu xeyirxah missiyanın həllinə yönəltmək olar və lazımdır.

Bu gün təkcə Türkiyə və Azərbaycan deyil, Orta Asiyada yerləşən digər türk dövlətləri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda da turizmin inkişafı prioritet vəzifələrdəndir.

Məlumat üçün bildirək ki, turistlərin sayına görə, Qazaxıstan regionda liderlik edir. 2024-cü ildə bu ölkəyə 15 milyon turist səfər edib. İkinci yerdə Özbəkistan gəlir. Ötən il bu qədim türk diyarını 8 milyon turist ziyarət edib. Bu, əvvəlki ildə olduğundan 20,1 faiz çoxdur. Özbəkistanın Buxara və Səmərqənd kimi qədim şəhərləri əcnəbi qonaqların xüsusilə böyük maraq göstərdikləri tarixi məkanlardır.

Məsaim ABDULLAYEV
XQ

 



Sosial həyat