Milli Onkologiya Mərkəzində Nevrouroginekoloji Simpozium keçirilib

post-img

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Nevrouroginekoloji Simpozium 2025” adlı tədbir keçirilib.

XQ xəbər verir ki, Milli Onkologiya Mərkəzinin konfrans salonunda keçirilən bu elmi tədbirdə Azərbaycan və Türkiyədən olan alim və mütəxəssislər iştirak ediblər.

Simpoziumu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin Baş direktor müavini, tibb elmləri doktoru Fuad Quliyev açaraq Mərkəzin Baş direktoru akademik Cəmil Əliyevin təbriklərini və ürək sözlərini tədbir iştirakçılarına çatdırıb. O qeyd edib ki, simpoziumun keçirilməsində əsas məqsəd uroloji, nevroloji və ginekoloji sahələrdə rast gəlinən problemlərin multidissiplinar müzakirəsini təmin etmək, bu istiqamətdə müasir yanaşmalar və klinik təcrübələrin paylaşılmasına şərait yaratmaqdır.

Simpoziumda Türkiyənin aparıcı universitetlərindən olan mütəxəssislər-Ankara Universitetindən professor Fülya Dökmeci, Mərmərə Universitetindən professor Rahmi Onur və Biruni Universitetindən professor Ege Can Şərəfoğlu, həmçinin yerli mütəxəssislər Toğrul Cavadov və Nərmin Novruzova iştirak ediblər. Onların son elmi nailiyyətlərə əsaslanan maraqlı mühazirələri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Simpoziumun sonunda bu tipli tədbirlərin tibbin uroloji, nevroloji və ginekoloji kimi sahələrində aparılan araşdırmaların müalicə - profilaktika işinə böyük töhfə verdiyi qeyd olunub, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi və klinik halların müzakirəsi aparılıb.









Sosial həyat