Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib.
XQ xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin sədrliyi ilə 2026-cı ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Baş naziri bildirib ki, 2026-cı ilin birinci rübündə muxtar respublikada həyata keçirilən islahatlar ümumilikdə müsbət nəticələr verib.
Qeyd olunub ki, hesabat dövründə ümumi daxili məhsul 383,6 milyon manat təşkil edib, real artım 4 faiz olub. Həmçinin əsas kapitala yönəldilən investisiyalar 29,2 faiz, sənaye məhsulu istehsalı 13,4 faiz, ixrac isə 38,5 faiz artıb. Diqqətə çatdırılıb ki, 2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 104,5 milyon manat olmaqla, proqnoza 93,6 faiz əməl olunub. Büdcə xərcləri üzrə isə 110,9 milyon manatlıq ilkin plana qarşı 98,9 milyon manat icra olunub və icra səviyyəsi 89,2 faiz təşkil edib.
Büdcə daxilolmalarında artımın müşahidə olunduğunu qeyd edən Cabbar Musayev cari ilin birinci rübündə muxtar respublikada iqtisadi aktivliyin, fiskal intizamın və sosial sabitliyin qorunub saxlanıldığını bildirib.
Əmək bazarında müşahidə olunan çağırışların qarşıdakı mərhələdə daha çevik, düşünülmüş və nəticəyönümlü qərarların qəbulunu zəruri etdiyini qeyd edən Baş nazir, ikinci rübdə və ümumilikdə növbəti dövrdə hökumətin fəaliyyətinin əsas istiqamətlər üzrə ardıcıl, sistemli və məqsədyönlü şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra müşavirənin gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovun, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevin və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadənin məruzələri dinlənilib.
Təqdim olunan məruzələr ətrafında müzakirələr aparılıb, aidiyyəti qurumlara qarşıdakı dövr üçün müvafiq tapşırıqlar verilib.

