Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının sayı artıq 25 minə çatıb.
Layihənin 25 mininci iştirakçısı Bakı şəhər sakini Ceyran Gülverdiyevaya Layihə çərçivəsində aktivlər verilərək onun üçün dərzilik üzrə kiçik biznes qurulub. Həmçinin “Məşğulluğa Dəstək Layihəsi”nin 25 mininci iştirakçısı olması ilə əlaqədar ona Layihə tərəfindən sertifikat təqdim edilib.
Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rola malik olan, 2020-2025-ci illəri əhatə edən bu Layihə həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailələri üzvləri, aztəminatlı ailələr və b.) aid şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmalarına dəstək məqsədi daşıyır.
22 min işsiz şəxsi əhatə etməsi hədəflənən Layihənin uğurlu icrasının nəticəsi olaraq bundan daha çox olmaqla 25 mindən artıq benefisiarın bu layihəyə cəlb edilməsi nəzərdə tutulub.
Layihə iştirakçıları həmçinin Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” proqramı əsasında maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması və s. üzrə təşkil olunan təlimlərdə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara da yiyələnirlər.
Təlim və qiymətləndirmə mərhələsini uğurla tamamladıqdan sonra iştirakçılara istehsal və xidmət sahələri üzrə öz işlərini qurmaları üçün avadanlıqlar təqdim edilir. Həmçinin Layihə üzrə qurduğu kiçik təsərrüfatlarını uğurla inkişaf etdirənlərə bizneslərinin genişləndirmək üçün əlavə dəstək göstərilir.
“Məşğulluğa Dəstək Layihəsi”nin uğurlu icra prosesi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilərək ötən il Dünya Bankının yüksək mükafatına layiq görülüb.
M.Kamal
XQ


