Samux rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Zəfərin əbədi olsun, Azərbaycan!” adlı ümumrayon tədbiri keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının inzibati keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və müəssisə rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Dövlət Himnimiz səsləndirilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev “Tarixi Zəfər” mövzusunda çıxış edərək bildirib ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşən xalqımızın qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə xalqımızın gücünü, birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxışında qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün ərzində torpaqlarımızı düşmən işğalından azad edərək tarixə qızıl hərflərlə yazılan Qələbə salnaməsi yaratdı.
Digər çıxış edənlər vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu Qələbənin rəmzinə çevrilən milli birliyimizi daha da möhkəmləndirəcək və ölkəmizin beynəlxalq aləmdə mövqelərini daha da gücləndirəcək.
Tədbirin sonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri

