Odur ki, paytaxtda soyuq aylara davamlı hazırlıq aparılır
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi layihələr, eləcə də ölkə əhalisinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlərə olan tələbatının ödənilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Əldə edilən uğurlar son illər respublikada aparılan effektiv iqtisadi siyasətin, həyata keçirilən irimiqyaslı infrastruktur layihələrinin məntiqi nəticəsidir. Bütün bunlar xalqımızın rifahının yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə, o cümlədən əhalinin mənzil-kommunal xidmətləri sahəsindəki mövcud problemlərinin aradan qaldırılmasına xidmət edir.
Payız-qış mövsümündə də Bakı rayonlarının təsərrüfatlarında əhaliyə keyfiyyətli mənzil-kommunal xidmətlərinin göstərilməsinə xüsusi önəm verilir. Bu məqsədlə yaradılan qərargahlarda tədbirlər planına müvafiq olaraq istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulan yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyət göstərməsi üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın törədə biləcək amillərin qarşısının alınması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır.
Paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq noyabrın ikinci yarısından etibarən şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlar, təhsil müəssisələri və özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. BŞİH-in şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərlərinin iştirak etdikləri yığıncaqlarda rayonların müvafiq sektorlarının soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığı vəziyyəti araşdırılır, eyni zamanda, görülməsi zəruri olan işlər müzakirə edilir.
BŞİH rəhbərliyi yerlərdə qış mövsümünə hazırlığı və görülən işlərin icra vəziyyətini davamlı olaraq diqqətdə saxlayır. Bununla bağlı rayon icra hakimiyyətlərində yaradılan qərargahların, eləcə də kommunal və təsərrüfat xidmətlərinin, aidiyyəti təşkilatların rəhbərlərinin hesabatları dinlənilir və zəruri tapşırıqlar verilir.
Əvvəlki dövrlərdə olduğu kimi, bu il də müvafiq qurumlara qarın təmizlənməsi üçün lazımi qədər inventarın (bel, kürək, ling və s.) toplanılması, duz ehtiyatının yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması tapşırılıb. Bundan başqa, yağmurlu günlərdə küçə və məhəllələrdə hərəkətin tənzimlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işə kommunal qurumlarla yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl müəssisələrin mövcud texnikalarının cəlbi də nəzərdə tutulub.
İndi isə qış mövsümünə hazırlıqla bağlı ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinə diqqət yetirək. Əvvəlcə qeyd edək ki, artıq noyabrın 15-dən paytaxt Bakıya və respublikanın bütün rayonlarına istiliyin verilməsinə başlanılıb. “Azəristiliktəchizat” ASC-nin ictimaiyyətlə əlaqələr sektorunun rəisi Elvin Basqallının sözlərinə görə, qış rejiminə keçidlə bağlı bütün hazırlıq işləri həyata keçirilib. Belə ki, qazanxanalar yoxlanılıb, təmizlənib, oradakı 80 mindən çox avadanlıq saz vəziyyətə gətirilib.
“Azəristiliktəchizat” ASC-nin balansında olan min kilometrdən artıq magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılıb. Harada axıntı, qəza riskləri varsa, aradan qaldırılıb. Cari və ya əsaslı təmir işləri aparılıb, axıntı qeydə alınan xətlər dəyişdirilib. Ötən il 5 qazanxana, bu il isə 7 qazanxana sökülərək yerində yenisi inşa edilib.
Yeri gəlmişkən, 2025-2026-cı illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC-nin balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 3 min 841 yaşayış binası, 276 orta məktəb, 156 uşaq bağçası, 143 səhiyyə müəssisəsi və 2 min 786 sosial və təsərrüfathesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub.
İstiliyin qoşulması ilə bağlı yeni müraciətlər olduğundan qazanxanalar yenilənərək gücü artırılıb, müasir tipli bir neçə bina bu sistemə qoşulub. Bununla əlaqədar fərdi mənzil sahiblərinin də müraciətləri müsbət həll edilib. Beləliklə, abonentlərin sayının çoxalması ilə yanaşı, balansdakı mənzillərin və qeyri-yaşayış obyektlərinin istiliklə təminatında keyfiyyət artımına nail olunub. Qeyd edək ki, Azərbaycanda istilik mövsümünün gələn il aprelin 15-nə qədər davam edəcəyi nəzərdə tutulub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində də qış mövsümünə hazırlıqla bağlı qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib. Bu qurumdan aldığımız məlumata görə, adıçəkilən xidmət tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılıb. Kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilib. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri görülüb. Ərazilərdəki şəbəkələr payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilib.
Yağışlar zamanı fəsadların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də gücləndirilib. Belə ki, riskli ərazilərdə (“qırmızı nöqtələrdə”) fəaliyyət göstərəcək briqadalar yaradılıb, kanalizasiya-nasos stansiyalarının fəaliyyəti, yağış sularının kənarlaşdırılması üçün xətlərin idarə olunmasına diqqət artırılıb. Belə ki, şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyəsi məqsədilə yeni xətlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bütün bunlardan əlavə, sözügedən istiqamətdə uzunmüddətli layihələr də həyata keçirir. Bu baxımdan, yeni kollektorlarla bağlı görülən işlər diqqət çəkir. Belə ki, leysan yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədilə bir neçə istiqamətdə yeni kollektorlar qurulur, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq görülür. Onu da deyək ki, layihələrin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var, işlər yekunlaşandan sonra isə güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.
Xidmətin məlumatında yer alan bir məsələni də diqqətə çatdırmaq istərdik. Bildirilir ki, payız-qış mövsümündə hər bir kollektorun müəyyən daşıma həcminin mövcudluğunu nəzərə almaq zəruridir. Belə ki, intensiv leysan xarakterli yağışlarda kollektorlar həddindən artıq yüklənir. Hətta elə ərazilər var ki, orada indiyədək təchizat sistemi yoxdur. Belə hallarda isə həmin sahələrdə intensiv yağıntılar zamanı suyun ətrafa toplanması halları baş verir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yuxarıda sadalanan problemlərin aradan qaldırılması məqsədilə hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Qurum tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq su-kanal idarələrinin qəza briqadalarını cəlb edərək istismar qaydalarının mümkün şərtləri çərçivəsində yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsini gerçəkləşdirir, eyni zamanda, hazırda su və tullantı su təchizatının yaxşılaşdırılması, eləcə də yeni infrastruktur təminatı məqsədilə bir sıra irihəcmli layihələr icra edir.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatında isə bildirilir ki, hər il may ayının 1-dən noyabrın 1-nə qədər payız-qış mövsümünə hazırlıq prosesinə start verilir və bu müddətdə cədvəl üzrə müəyyən işlər görülür. Məsələn, təzələnən qaz xətlərində sızma vəziyyəti yoxlanılır, boyama işləri həyata keçirilir, şkaf siyirtmələrinin sazlığı dəqiqləşdirilir, yeraltı boru xətləri yerüstü dayaqlar üzərinə qaldırılır, korroziyaya uğramış boru xətləri yenilənir.
Məlumatda görülən işlər rəqəmlərlə də ifadə edilib. Belə ki, cari ilin may ayının 1-dən noyabrın 1-dək, ümumilikdə, 233 kilometr qaz kəməri əsaslı təmir olunub. Bunlardan 58 kilometri Bakının, 175 kilometri isə regionların payına düşüb. Eyni zamanda, bu müddətdə 37 kilometr yeraltı qaz xətti yerüstü dayaqlar üzərinə qaldırılıb. 104 kilometr uzunluğunda yenilənmiş və ya korroziyaya uğramış hissələrdə boyama işləri aparılıb.
* * *
Qış aylarında güclü qar, yağış yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərir, yollarda qəzalara səbəb olur, sıxlıq, tıxac yaradır. Məsələn, qar yağır, onun təmizlənməsi isə yalnız bəzi mərkəzi küçə və prospektlərdə sürətlə aparılır. Kənar ərazilərdə isə vəziyyət Allah ümidinə buraxılır, problem havalar düzələndən, buz əriyəndən sonra həllini tapır.
Qışa tam hazır olmaq ifadəsi bütün küçə və prospektlərin eyni vaxtda texnika, canlı qüvvə ilə təmizlənməsi anlamını əhatə etməlidir. Amma əksər hallarda bu, belə olmur. Paytaxtda, eləcə də rayonlarda bəzi yollar həmin günlərdə diqqət mərkəzində saxlanılsa da, digər ərazilərdə bu, unudulur.
Ümumiyyətlə, bu istiqamətdə görülən işləri qiymətləndirməklə bərabər, illərlə müşahidə olunan narahatlıq doğuran bir məqamı da qeyd edək. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarlı günlərdə respublika əhəmiyyətli yolların qardan təmizlənməsində operativ fəaliyyət göstərə, vəziyyətə vaxtında müdaxilə edə bilmir. Məsələn, Bakı–Şamaxı magistralında, Ağsu aşırımında gecənin bir aləmində qar yağmağa başlayır, dərhal da yol buz bağlayır. Yalnız bundan sonra əraziyə texnika çıxarılır ki, bu da magistralın qısa müddətdə qardan təmizlənməsini, işlək vəziyyətə salınmasını çətinləşdirir.
Bu məqamda mövzu ilə əlaqədar bir məsələni də qeyd etmək istərdik. Belə ki, ölkədə ənənəvi qış hazırlığı dövründə tədbirlər planı əsasında müəyyən layihələr həyata keçirilir. Evlərə istiliyin verilməsində problemlərlə üzləşilməməsi, qaz, elektrik enerjisi təchizatında kəsilmələrin olmaması üçün təxirəsalınmaz işlər görülür. Lakin bütün bunlara baxmayaraq, soyuq aylarda, qarlı-yağışlı günlərdə qəfil fəsadların özünü göstərməsi mövcud sahəyə cavabdeh qurumları çıxılmaz vəziyyətə salır. Başqa sözlə, hava şəraitinin birdən-birə dəyişməsi, intensiv yağıntılar, şaxtalı günlər bəzən planlaşdırılmış işlərin qarşısını alır və müəyyən fəsadların meydana çıxmasına gətirib çıxarır.
Bu zaman Avropa ölkələrinin təcrübəsinə diqqət yetirmək zərurəti yaranır. Ekspertlər bildirirlər ki, Avropada qışa hazırlıq mövsümi xarakter daşımır, bu, illik dövr edən texnoloji proses kimi qəbul edilir. İşlər isə bir neçə mərhələ üzrə aparılır. Ümumiyyətlə, qışa hazırlıq hava istiləşən kimi başlayır. Bu mərhələdə istilik xətlərinin təzyiq sınaqları aparılır, köhnə qazanxanalar yenilənir, neft-qaz anbarları doldurulur, elektrik stansiyalarının profilaktik təmiri həyata keçirilir. Məsələn, Almaniyada yay baxışı prosesində hər bir elektrik və istilik stansiyasının ən azı 20–30 günlük dayanma rejimində əsas işlər başa çatdırılır.
Avropa İttifaqının qaydalarına görə, hər ölkənin qış mövsümü ərəfəsində qaz anbarlarının 90 faizi, strateji mazut ehtiyatının isə 100 faizi dolu olmalıdır. Bu tələbin məqsədi kəskin soyuqlar və ya enerji bazarında təchizat çətinlikləri yarandığı halda fasiləsiz təminatı qorumaqdır.
İsveç, Danimarka, Finlandiya kimi ölkələrdə istilik təchizatı əsasən mərkəzləşdirilmiş sistemlər vasitəsilə həyata keçirilir. Bu sistemlər hər bir məhəllənin istilik tələbatını real vaxtda ölçür, istehsalatı həmin tələbat əsasında avtomatik tənzimləyir, fövqəladə şəraitdə ehtiyat qazanxanaları işə salır. Beləliklə, son anda yaranan gərginliklər minimuma endirilir.
Avropada qışa hazırlığın mühüm elementlərindən biri də məhz istilik itkisini azaltmaqdır. Çünki istilik nə qədər qənaətlə istifadə edilərsə, şəbəkəyə düşən yük də bir o qədər azalar. Bu məqsədlə fasadların termoizolyasiyası, pəncərələrin iki-üçqat şüşə paketlə əvəz edilməsi, dam örtüklərinin yenilənməsi, istilik izolyasiyalı boru sistemlərinin tətbiqi kimi layihələr həyata keçirilir. Bundan başqa, Avropa İttifaqı ölkələrində “Energieeffizienz” proqramları çərçivəsində ev sahiblərinə subsidiyalar, ucuz kreditlər və vergi güzəştləri təqdim olunur.
Beləliklə, Avropa ölkələrinin payız-qış mövsümünə hazırlıq təcrübəsi göstərir ki, enerji və kommunal təsərrüfatın düzgün planlaşdırılması yalnız texniki tədbirlərlə bitmir. Bu sahədə səmərəli kompleks yanaşma, illik dövr edən təhlil və təmir işləri, “ağıllı” idarəetmə sistemlərinin tətbiqi, eləcə də əhalinin məlumatlılığı tələb edilir. Hazırlıq işlərinin davamlı, çevik və koordinasiyalı şəkildə aparılması nəticəsində Avropa ölkələri sərt iqlim şəraitində belə ciddi fəsadlarla üzləşmir. Azərbaycanın da bu sahədə Avropa modellərindən bəhrələnməsi mövsümi problemlərin minimuma endirilməsinə mühüm töhfə verə bilər.
Deməli, Avropa modelindən çıxan nəticələr göstərir ki, qış mövsümünə hazırlığın səmərəli olması üçün 3 əsas şərt vacibdir: payız-qış mövsümünə hazırlıq ilboyu həyata keçirilməli, “ağıllı” idarəetmə sistemlərinin tətbiqi reallaşdırılmalı, enerji balansı real vaxtda ölçülməli, ehtiyat infrastruktur genişləndirilməli və alternativ qazanxanalar, ehtiyat xətlər, enerji anbarları yaradılmalıdır. Azərbaycanda isə xüsusilə mərkəzləşdirilmiş istilik şəbəkələrinin müasir idarəetmə sistemləri ilə təchiz edilməsi önə çəkilməli, qışdan əvvəl kommunal şəbəkələrin yay təmir strategiyası gücləndirilməli, enerji və qaz təchizatında ehtiyat güclər artırılmalı, binaların enerji səmərəliliyi standartları sərtləşdirilməlidir.
Hazırda paytaxtda qış mövsümünə hazırlıq sona çatmaq üzrədir. Belə bir vaxtda sakinlərin görülən işlərlə bağlı nəzərəçarpan çatışmazlıqlar barədə redaksiyamıza məlumat vermələrini də istərdik. Təbii ki, növbəti yazıda mənzil-kommunal xidmətlərin həmin problemlərin həlli istiqamətində həyata keçirdikləri tədbirləri də diqqətə çatdıracağıq.
Vaqif BAYRAMOV
XQ





