Qanunvericilikdə yeni dəyişikliklər əlilliyi olan və digər imtiyazlı şəxslərin sanatoriya-kurort yollayışı ilə təminat imkanlarını artırır

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata əsasən, Nazirlər Kabinetinin bir sıra qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə yeni Qərarları əlilliyi olan və digər imtiyazlı şəxslərin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təminat imkanlarının artırılmasına xidmət edir. 

Belə ki, bu dəyişikliklərə əsasən yollayışla təmin olunma hüququ yaranan 15 yaşına çatmamış uşaqlar da müşaiyətçi ilə təmin oluna biləcəklər və onların putyovka ilə təmin olunduğu müddət ərzində 1 dəfə müşayiətçini dəyişdirmək hüquqları olacaq.  

Həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslərin çalışdığı təqsirkar müəssisə ləğv olunduqda belə işəgötürən yenidən təşkil edildiyi halda bu şəxslər həmin işəgötürənin hüququ varisi tərəfindən yollayışla təmin olunacaqdır.  Bundan başqa, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi müəyyən edilmiş uşaqların yollayışla təmin olunduğu müddət ərzində 1 dəfə müşayiətçini dəyişdirmək hüququ olacaqdır.  

Eyni zamanda yeni qaydalarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən “Sanatoriya-kurort” altsistemi vasitəsilə avtomatlaşdırılmış qaydada sanatoriya-kurort yollayışı ilə təmin edilmə ilə bağlı müddəalar da əksini tapıb. 

Eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin və hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin də sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi qaydalarında uyğunlaşdırma üçün texniki xarakterli dəyişikliklər edilib.

 

 

Sosial həyat