Samuxda Yeni Azərbaycan təsis edilməsinin 33-cü ildönümünə həsr edilən “Yeni Azərbaycan Partiyası – müstəqilliyimizin dönməzliyinin təminatçısıdır” adlı genişformatlı tədbir keçirilib.
Tədbirdə RİH əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, müəllimlər, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rəsmi hissəyə başlamazdan əvvəl müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar. Dövlət Himninin səsləndirilməsi ilə mərasimin rəsmi hissəsi başlayıb. Partiyanın 33 illik yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu YAP Azərbaycanın siyasi arenada mühüm rol oynayaraq ölkənin inkişafına sanballı töhfələr verib. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi tarixi nailiyyətlər – 2020-ci il Zəfəri və 2023-cü ildə tam suverenliyin bərpası xalq-iqtidar birliyinin və milli maraqlara əsaslanan siyasətin nəticəsidir.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxışında partiyanın yaranma tarixindən, keçdiyi şərəfli və məsuliyyətli yoldan söz açıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP bu gün beynəlxalq aləmdə tanınan, nüfuzlu siyasi təşkilatlardan biri kimi mövqeyini daha da gücləndirir. Gündüz Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni uğurlara imza atır və bu nailiyyətlərin zirvəsində tarixi Zəfər dayanır.
Tədbirdə YAP-ın 33-cü ildönümü münasibətilə partiya həyatında fəallığı ilə seçilən bir qrup üzv fəxri fərmanlarla təltif edilib, partiyaya yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Təltif mərasimindən sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. Tədbir Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin bədii proqramı ilə yekunlaşıb.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri


.jpg)
