Ana dilimizin yazı tarixindən
Qurultayın ən mühüm və eyni zamanda ən çox mübahisə doğuran məsələsi əlifba problemi olmuşdur. Müvafiq bölmədə SSRİ ərazisində yaşayan türk xalqlarının istifadə etdikləri ərəb əlifbasının dəyişdirilməsinin məqsədəuyğunluğu müzakirə edilmiş, onun əvəzinə Kiril və ya latın əlifbasının tətbiqi, yaxud bu ərazilərdə yaşayan türk xalqları üçün ortaq və ya ayrı-ayrı əlifbaların qəbul olunmasının daha uyğun olub-olmaması məsələsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Müzakirələr beş iclasdan sonra yekunlaşdırılaraq səsverməyə çıxarılmış və həlledici səs çoxluğu ilə latın əlifbasının qəbulu barədə qərar verilmişdir. Beləliklə, Egey sahillərindən Çin sərhədlərinə qədər geniş coğrafiyada yaşayan türk xalqları üçün latın qrafikalı əlifbanın tətbiqi nəzərdə tutulmuşdur.
Bu silsilə yazılarda qurultay çərçivəsində aparılan ən diqqətəlayiq müzakirələrin icmalı və elmi təhlilinin təqdim edilməsi qarşıya məqsəd qoyulur.
Rusiyalı linqvist, qafqazşünas, iranşünas alim professor Lev İvanoviç Jirkov əlifba məsələsinin müzakirəsində üç əsas aspekti fərqləndirir. Birincisi, əlifba islahatının həyata keçiriləcəyi türk xalqları arasında mövcud olan mədəni və sosial şəraitlə bağlıdır. İkincisi bu və ya digər əlifbanın tətbiqinin texniki baxımdan işlənməsini əhatə edir, yazı sistemi və orfoqrafiya ilə birbaşa əlaqədar olub, konkret bir dil üçün neçə qrafik işarənin zəruri olduğu məsələsini müəyyən edir. Məruzəçi işarələrin sayının müəyyənləşdirilməsi üçün müxtəlif üsulların mövcud olduğunu, həmçinin işarələrdən istifadə zamanı qənaət etmənin yollarından bəhs edir. O, üçüncü aspekt olaraq konkret bir dil üçün əlifba qrafikasının zəruriliyinin müəyyənləşdirilməsini qeyd edir.
Bu mənada, Yakovlev Qafqaz bölgəsində latın qrafikalı əlifbanın tədqiqi məsələsinin son dərəcə mürəkkəb mədəni və sosial şəraitdə həyata keçirildiyini xüsusi vurğulayır. Bu kontekstdə o, dini amilin ayrıca nəzərə alınmasının vacibliyini vurğulayır. Latın və ərəb qrafikalı əlifbalar arasındakı qarşıdurma fonunda gələcək müzakirələrdə diqqətin əsasən müsəlman mədəniyyətinə mənsub xalqlar üzərində cəmləşdirilməsinin zəruriliyini və konkret olaraq, müsəlman ənənələrinin tarixi kökü və təsir dairəsinin nəzərə alınmalı olduğunu qeyd edir.
Qafqazda mövcud vəziyyət bu baxımdan olduqca xarakterikdir və milli yazı məsələsində özünü müxtəlif formalarda göstərir. Bir tərəfdən, inqilabdan əvvəl, ümumiyyətlə, yazı sistemi olmayan, hazırda isə onu böyük çətinliklə formalaşdırmağa çalışan yazısız, digər tərəfdən isə müəyyən yazı ənənələrinə malik olan xalqlara rast gəlinir. Məsələn, osetinlərdə yazı tarixinin təxminən yüz ilə yaxın keçmişi olduğu halda, inquşlarda yazı sistemi yalnız son dövrlərdə meydana çıxmışdır.
Yakovlevin məruzəsində diqqət verdiyi mühüm məqamlardan biri Şimali Qafqaz xalqları arasında latın əlifbasının tətbiqi məsələsidir. Onun qənaətinə görə, latın qrafikasını ilk qəbul edən xalqlardan biri məhz inquşlar olmuşdur. Sosial tərkibinə və müsəlman ənənələrinin zəifliyinə görə onlar mədəni baxımdan ən geri qalmış xalqlardan biridirlər, faktiki olaraq, formalaşmış yazı sisteminə malik olmamışlar. Bununla yanaşı, osetinlərin də latın qrafikasını ilk qəbul edən xalqlar sırasında yer alması diqqətəlayiqdir. Beləliklə, latın əlifbasına keçid prosesində paradoksal mənzərə yaranır: bu prosesdə həm mədəni baxımdan ən geri qalmış, həm də nisbətən ən qabaqcıl xalqlar ön sıralarda yer alırlar.
Dağıstan ərazisində isə vəziyyət tamamilə fərqlidir. Burada əsrlərə söykənən yazı ənənəsi, ərəb dilinin və maarifçiliyin yayılması mövcuddur və məhz bu səbəbdən indiyədək latın qrafikasının tətbiqi istiqamətində ciddi təşəbbüslər müşahidə olunmamışdır.
Bəzən iddia olunur ki, Azərbaycan latın qrafikalı əlifbanı tətbiq etsə də, bunun üçün kifayət qədər ciddi sosial baza mövcud deyil. Oxşar iradlar Kazan üçün də səsləndirilir və latın əlifbası islahatının həyata keçirilməməsi bu arqumentlə əsaslandırılır. Lakin Yakovlev tarixi faktlara istinad edərək bildirir ki, azərbaycanlılar latın qrafikalı əlifbanı tətbiq edən ilk türk xalqlarından biri, bəlkə də birincisi olmuşdur. Onun fikrincə, bu hal bir neçə əlverişli amilin üst-üstə düşməsi ilə izah edilə bilər. Belə ki, latın əlifbasına keçidin asanlığı milli yazının əvvəlki inkişaf səviyyəsi ilə tərs mütənasibdir: savadlılıq səviyyəsi nə qədər yüksək olmuşdursa, keçid bir o qədər mürəkkəbləşmişdir. Azərbaycanda şəhər əhalisinin nisbətən yüksək paya sahib olmasını məruzəçi bu prosesin müsbət həllinə təsir edən mühüm fakt kimi dəyərləndirir.
* * *
Yakovlev məruzəsində əlifba islahatını üç əsas istiqamət üzrə şərh edir:
1. Mədəni və sosial şərait – hər bir türk xalqının əlifba islahatına olan münasibəti mədəni və sosial xüsusiyyətlərinə bağlıdır.
2. Texniki işləmə və qrafik dizayn – hər bir dil üçün neçə qrafik işarənin lazım olması və bu işarələrdən necə qənaətlə istifadə ediləcəyi əlifbanın texniki səmərəliliyini müəyyən edir.
3. Konkret dil üçün zəruri qrafikanın müəyyən edilməsi – dilin fonetik tələblərinə cavab verən qrafika uzunmüddətli tətbiq üçün məqsədəuyğundur.
O, Qafqaz bölgəsində əlifbanın spesifikliyini təhlil edir. Müsəlman ənənələrinin müxtəlifliyi – latın və ərəb qrafikası arasındakı müzakirələrdə, kök salmış dini ənənələr mühüm rol oynayır. Məsələn: osetinlərin 100 illik yazı tarixi, inquşların son dövrlərdə yaranmış yazı sistemi. Məsələ burasındadır ki, latın əlifbasına keçən ilk xalqlar arasında həm mədəni baxımdan geri qalmış, həm də nisbətən qabaqcıl xalqlar olmuşdur. Məruzəçi bildirir ki, Qafqazda əlifba islahatı hər bir xalqın mədəni və dini şəraiti nəzərə alınmaqla həll edilə bilər; əks halda tətbiq uğursuz ola bilər.
Yakovlev bildirir ki, Azərbaycan latın qrafikasını erkən tətbiq edən türk xalqlarından biridir. Yerli şəhər əhalisinin payının nisbətən yüksək olması sosial islahat üçün əlverişlidir. Latın əlifbasına keçidin uğuru təkcə əlifbanın texniki üstünlüyündən deyil, həm də cəmiyyətin sosial və mədəni hazırlığından asılıdır. Dağıstanda isə əsrlərə söykənən yazı ənənəsi və ərəb dilinin yayılması latın qrafikasının tətbiqini çətinləşdirdiyini qeyd edir. Şübhəsiz ki, mövcud sosial-mədəni mühit əlifba islahatının sürətini və dərəcəsini müəyyən edir. Əlifba islahatı lokal kontekstə uyğunlaşdırılmalıdır, lakin vahid standart tətbiq etmək hər zaman mümkün deyil.
Yakovlevin yanaşması çoxsahəlidir: əlifba islahatı texniki, fonetik, sosial və mədəni aspektlərin inteqrasiyasını tələb edir. Latın əlifbasının tətbiqi yalnız texniki üstünlükdən deyil, həm də cəmiyyətin savadlılıq səviyyəsi, mədəni hazırlıq və sosial bazası ilə bağlıdır. Qafqaz xalqlarının timsalında hər bir xalqın tarixi, dini və sosial xüsusiyyətlərinin əlifba seçiminin uğuruna birbaşa təsir etdiyini xüsusi vurğulayır.
Yakovlev əlifba məsələsini zahirən texniki görünsə də, islahatı tarixi və mədəni zərurət kimi deyil, idarəolunan sosial proses kimi təqdim edir. Əslində onun bölgüsü elmi sistemləşdirmədən çox, siyasi qərarın legitimləşdirilməsidir. Bu yanaşma ona imkan verir ki, əlifba seçimini ideoloji müdaxilə yox, obyektiv şəraitin nəticəsi kimi göstərsin və məsuliyyəti qərarverən subyektdən alaraq tarixi-sosial mühit istiqamətinə yönəltsin. Əsas diqqət mərkəzində olan konkret əlifbaların texniki üstünlüyü deyil, həmin əlifbaların hansı sosial-mədəni mühitdə qəbul edilə biləcəyidir. Yakovlev üçün əlifba mədəniyyətin daxili ifadə vasitəsi yox, cəmiyyətin yenidən təşkili üçün istifadə olunan alətdir. Bu səbəbdən o, yazı ənənəsi zəif olan, dini təsirləri nisbətən az hiss olunan xalqların latın qrafikasını daha asan qəbul etdiyini vurğulayır və bunu inkişaf üçün uyğun zəmin kimi təqdim edir. Burada dini faktor açıq şəkildə hədəfə alınmır, lakin ənənələrin möhkəmliyi anlayışı vasitəsilə din modernləşməyə mane olan amil kimi dolayı yolla uğursuz status qazanır. Onun təqdim etdiyi paradoks, yəni latın əlifbasının həm ən geri qalmış, həm də ən inkişaf etmiş xalqlar tərəfindən tez qəbul edilməsi, əslində, latın qrafikasının ideoloji neytrallaşdırılma cəhdidir. Bu arqumentlə latın əlifbası nə geriliyin, nə də elit mədəniyyətin simvolu kimi görünür – bütün xalqlar üçün universal və təhlükəsiz seçim statusu qazanır. Bunun fonunda ərəb qrafikası açıq şəkildə rədd edilməsə də, mədəni missiyasını başa vurmuş, tarixi mərhələsini keçmiş yazı sistemi kimi təqdim olunur. Bu isə elmi nəticədən çox, mədəni gələcəyin inzibati qaydada müəyyənləşdirilməsidir.
Azərbaycanda bu prosesin gedişatının xüsusi vurğulanması da təsadüfi deyil. Yakovlev burada təkcə tarixi faktı qeyd etmir, eyni zamanda, latın əlifbasına keçidin “sosial bazası yoxdur” iradını qabaqlayıcı şəkildə neytrallaşdırır. Şəhər əhalisinin nisbəti, milli mühitin formalaşması kimi arqumentlər vasitəsilə Azərbaycan sovet modernləşməsinin uğurlu modeli kimi təqdim olunur. Bu model, əslində, digər türk xalqları üçün də dolayısı ilə normativ çərçivə yaradır: doğru sosial quruluş varsa, doğru əlifba seçimi də mümkündür. Ən çox problemli vəziyyətdə təqdim olunan xalqlar Kazan tatarları və özbəklər, məhz aralıq mərhələdə olan cəmiyyətlərdir. Onların yazı ənənələrinin mövcudluğu, savadlılıq səviyyəsi ilk baxışdan üstünlük kimi görünsə də, Yakovlev üçün bu, keçidi çətinləşdirən faktordur. Burada açıq şəkildə görünür ki, əlifba məsələsində həlledici amil dil və ya mədəniyyət yox, sosial struktur, xüsusilə də sovet proletariatının mövcudluğudur. Beləliklə, əlifba islahatı mədəni seçimdən çox, sinfi və siyasi layihəyə çevrilir.
Rus əlifbasının tarixi olaraq ruslaşdırma ilə əlaqələndirilməsi isə taktiki xarakter daşıyır. Bu arqumentlə Yakovlev rus qrafikasını da problemli göstərir və latın əlifbasını “üçüncü yol”, ideoloji cəhətdən daha az yüklü alternativ kimi irəli sürür. Nəticədə, latın qrafikası nə islamlaşmanın, nə də ruslaşdırmanın simvolu kimi təqdim olunur, sovet beynəlmiləlçiliyinin texniki ifadəsi rolunu alır.
Ümumilikdə, Yakovlevin məruzəsi elmi müzakirə təsiri bağışlasa da, əslində, milli yazı sistemlərinin gələcəyini sovet modernləşmə layihəsinə tabe etdirməyə yönəlmiş ideoloji əsaslandırmadır. Burada əlifba mədəni yaddaşın davamı kimi deyil, keçmişlə əlaqəni zəiflədən və yeni sosial nizamı möhkəmləndirən vasitədir. Məhz bu səbəbdən ərəb qrafikasının “tarixi missiyasının bitməsi” fikri səsləndirilir və latın əlifbası gələcəyin yeganə rasional seçimi kimi təqdim olunur. O, açıq şəkildə göstərir ki, əlifba məsələsi təkcə mədəni seçim deyil, tarixi istiqaməti müəyyən edən prosesdir. Burada ərəb əlifbasının “tarixi missiyasının tədricən geri çəkilməsi” ideyası ilk dəfə statik yox, dinamik proses kimi təqdim olunur. Yəni Yakovlev demir ki, ərəb qrafikası artıq bitib; o deyir ki, bu əlifba hələ də mövcuddur, lakin mövqelərini itirə-itirə geri çəkilir. İdeoloji baxımdan düşünülmüş fikirdir, çünki burada zorakı ləğv yox, “tarixin öz axarı ilə sıradan çıxma” təsviri yaradılır.
Yakovlev Şimali Qafqaz, Azərbaycan və Orta Asiya ardıcıllığını coğrafi xəritə üzərində geri çəkilən dalğanın hərəkəti kimi göstərir. Bu dalğa guya obyektiv tarixi prosesdir və heç bir mərkəzi iradə ilə idarə olunmur. Halbuki mətndə bu “axın”ın istiqaməti artıq müəyyən edilib və oxucuya açıq ismarış ötürür: Orta Asiya üçün də bu mərhələdən keçmək qaçılmazdır. O, gələcəyi proqnozlaşdırmır, əslində normativ şəkildə müəyyənləşdirir. Ərəb əlifbası tərəfdarlarının öz düşərgəsində parçalanma ideyası xüsusilə strateji xarakter daşıyır. Klassik ərəbçilərlə “neo-ərəbçilər” arasındakı fərqi vurğulamaqla, ərəb qrafikasının artıq vahid ideoloji dayaq olmadığını göstərməyə çalışır. Neo-ərəbçilər, yəni qrafikanı texniki cəhətdən islah etmək istəyənlər əslində Yakovlevin nəzərincə məğlubiyyətin etirafıdır. Çünki bu yanaşma ərəb əlifbasını müasirliyə uyğunlaşdırmaq deyil, onun latın islahatına alternativ ola bilmədiyini dolayı yolla qəbul etmək kimi göstərilir. Beləliklə, ərəb qrafikası həm xaricdən təzyiq altında, həm də daxildən qeyri-sabit vəziyyətdə təqdim edilir.
Məruzənin əsas ideoloji xətti yazı, elm və din münasibətlərinə dair irəli sürülən qanunauyğunluqdur. O, iddia edir ki, mədəniyyət yalnız müəyyən inkişaf mərhələsinədək dinlə sıx bağlı olur və milli özünütəyinetmə mərhələsində yazının dindən ayrılması qaçılmazdır. Bu, konkret tarixi faktların ümumiləşdirilməsi deyil, universal inkişaf sxemi kimi təqdim olunan ideoloji tezisdir. Bu sxemə əsasən, ərəb əlifbasında israr etmək milli inkişafın geridə qalmış mərhələsində qalmaq deməkdir. Beləliklə, əlifba seçimi birbaşa milli yetkinlik ölçüsünə çevrilir. Bu ölçü ilə latın əlifbası özünütəyinetmə meyarı kimi təqdim olunur. Xüsusilə yazı ənənəsi zəif, milli kimliyi hələ tam dəqiqləşdirilməmiş xalqlar üçün latın qrafikası keçmişlə ağır bağlar yaratmayan, dini simvolizm daşımayan və yeni milli identiklik qurmaq üçün daha asan vasitə kimi göstərilir. Burada latın əlifbasının üstünlüyü mədəni neytrallıqla əsaslandırılır. Bu, sovet modernləşmə məntiqinə tam uyğundur.
Professor Jirkov “Əlifbanın qurulmasının texniki əsasları”nı izah edərkən yazı ilə dil arasında prinsipial fərqi ön plana çəkir. Onun fikrincə, yazı heç vaxt və heç bir cəmiyyətdə mükəmməl olmamışdır. Dil, müəyyən mənada, insanın şüurlu müdaxiləsindən kənarda inkişaf edən canlı sistem olduğu halda, yazı ondan fərqli olaraq məqsədli və şüurlu şəkildə formalaşdırılan bir vasitədir. Bu səbəbdən xalqın hər hansı bir yazı sistemini mənimsəməsi təsadüfi yox, dərk olunmuş tarixi prosesdir və bu prosesin hansı sosial, mədəni və texniki amillərin təsiri altında baş verdiyini izləmək mümkündür. Jirkov vurğulayır ki, yazı sistemlərinin formalaşmasında ümumi mədəni təsirlərlə yanaşı, fərdi yaradıcılıq və ixtiraçılıq amili də mühüm rol oynamışdır. Slavyan əlifbasının ilkin texniki işlənməsində Kiril və Mifodinin fəaliyyəti buna klassik nümunədir. Demək olar ki, sami əlifbası istisna olmaqla, əksər yazı sistemlərinin yaranma mərhələsində və ya sonrakı islahatlar dövründə konkret fərdi ixtiraçılarla qarşılaşırıq.
Jirkov qeyd edir ki, şifahi nitqlə yazı arasında həmişə müəyyən uyğunsuzluq mövcud olmuşdur. Əlifbanın ixtiraçıları və ya islahatçıları ya kifayət qədər estetik zövq və texniki istedada malik olmamış, ya da dilin daxili təbiəti barədə təsəvvürləri kifayət qədər aydın olmadığı üçün yazı sisteminə rasional şəkildə yanaşa bilməmişlər. Yeni milli mədəniyyətlərin və ədəbiyyatların yaradılmasına yönəlmiş cəhdlər, bir qayda olaraq, inqilabi sarsıntılar nəticəsində meydana çıxır və bu proses ya yeni əlifbaların yaradılmasını, ya da mövcud əlifbaların köklü şəkildə islah edilməsini zəruri edir. Onun fikrincə, cari tarixi mərhələnin əsas xüsusiyyəti də məhz bundan ibarətdir və bu vəziyyət həm türk, həm də qeyri-türk xalqları üçün eyni dərəcədə xarakterikdir.
Əlifba yazı alətlərindən biridir və bu alətin qeyri-kamil olması yalnız estetik deyil, həm də ciddi sosial nəticələr doğurur. Natamam və qeyri-aydın yazı oxu və ünsiyyət prosesində çətinliklər yaradır, bu isə cəmiyyətdə narazılıq və gərginlik mənbəyinə çevrilə bilər. Jirkov əlifbaya sırf texniki baxımdan yanaşaraq bu yanaşmanın üç əsas meyar üzərində qurulmalı olduğunu bildirir: birincisi, əlifbanın oxunaqlılığı, yəni rahat oxunuşu; ikincisi, həmin əlifbanın mövcud yazı materialları və dövrün texniki vasitələri ilə asan və səmərəli şəkildə təkrar istehsal edilə bilməsi; üçüncüsü, pedaqoji baxımdan asan mənimsənilməsi, yəni geniş əhali kütləsinə bu yazı alətini öyrətməyin mümkünlüyü.
Bu meyarlar əsasında Jirkov mühüm bir nəticəyə gəlir: əlifbanın estetik cəhətdən həddindən artıq gözəlliyi çox vaxt oxunaqlılığa zərər vurur. Onun fikrincə, bu xüsusiyyət ərəb əlifbasına xasdır. Ərəb yazısı yüksək estetik dəyərə malik olsa da, məhz bu xüsusi keyfiyyət onun əsas texniki çatışmazlığına çevrilir. Müasir texniki vasitələr ərəb əlifbasını əlyazmasındakı incəlik və ahənglə təkrar istehsal etməyə imkan vermir, mətbəə yığımında ərəb şrifti heç vaxt əlyazmasındakı qədər aydın və estetik görünmür. Bu baxımdan, latın əlifbası öz aydınlığı və texniki uyğunluğu ilə mübahisəsiz üstün mövqedə dayanır və belə olduğu təqdirdə ərəb əlifbası ona yol verməyə məcbur qalır.
Jirkov əlifba islahatının zorakı üsullarla həyata keçirilməsinin yolverilməz olduğunu xüsusi vurğulayır. Onun fikrincə, köhnə və texniki cəhətdən natamam yazı vasitələri, o cümlədən ərəb şrifti tədricən latın əlifbası ilə əvəz olunmalıdır. Bu proses tamamilə təbii xarakter daşıyır: iki yazı aləti eyni vaxtda mövcud olduqda, daha mükəmməl olan zamanla üstünlük qazanır. Cəmiyyətin müxtəlif təbəqələri köhnə alətdən yeni və daha funksional yazı sisteminə mərhələli şəkildə keçirlər. Bu səbəbdən islahatlar taktiki baxımdan ölçülü və ehtiyatlı aparılmalıdır. Yeni əlifbanın gətirdiyi texniki və praktik üstünlüklər keçid dövründə yaranan müəyyən uyğunlaşma çətinliklərini və kiçik narahatlıqları kompensasiya edir. Belə çətinliklər ümumi islahatın tənqidi üçün əsas sayıla bilməz; əsas məqsəd əlifbanın texniki səmərəliliyini və sosial faydasını qorumaqdan ibarət olmalıdır.
* * *
Professor Jirkov əlifba müzakirələrində nə latın əlifbasını ideoloji simvola çevirir, nə də ərəb əlifbasını tarixi-sinfi kateqoriyalarla tənqid edir. Əksinə, əlifba məsələsini yazı texnologiyası problemi kimi formullaşdırır. Bu yanaşma onu Qorxmasov, Ağamalıoğlu kimi idealistlərdən, İvanov və Sabaşkin kimi praqmatiklərdən fərqləndirir. Jirkovun təhlilinin nəzəri nüvəsi dil və yazının prinsipial ayrılığıdır: dil – canlı, yazı – məqsədli, şüurlu, texniki vasitə. Bu fərq ilə o, əlifba məsələsini milli ruh, mədəni irs, dini mənsubiyyət kateqoriyalarından tamamilə ayırır. Yazı təbii deyil, müəyyən quruluşlu obyekt kimi təqdim olunur və onun dəyişdirilməsi texniki optimallaşdırma sayılır. Jirkov mühüm metodoloji balans yaradır: yazı sistemləri sosial-mədəni mühitdən doğur, eyni zamanda, fərdi ixtiraçıların rolu burada həlledicidir. Kiril və Mifodinin misal gətirilməsi də təsadüfi deyil: əlifba özü-özünə yaranmır, onu konkret insanlar texnika vasitəsilə formalaşdırırlar.
Jirkovun ən güclü elmi müşahidələrindən biri də şifahi nitqlə yazı arasında heç vaxt tam uyğunluğun olmamasıdır. Bu uyğunsuzluğun səbəbi estetik, texniki səriştəsizlik, dilin daxili mexanizmlərinin düzgün anlaşılmamasıdır – yazının natamamlığı struktur xüsusiyyət kimi təqdim olunur. O, dilçilikdə inqilab anlayışını ideoloji yox, struktur-mədəni katalizator kimi istifadə edir. Yeni milli mədəniyyətlərin ya yeni əlifba, ya da köklü islahat ilə başladığını bildirir. Bu inqilabı əlifba dəyişiminin siyasi səbəbi yox, tarixi şəraiti kimi təqdim edir. Burada ideoloji təzyiq yox, funksional zərurət ön plandadır. O, əlifbanın qeyri-kamil olmasının yalnız estetik deyil, birbaşa sosial təsirlərin yaratdığını göstərir, yəni oxu çətinləşir, ünsiyyət ləngiyir, narazılıq və gərginlik yaranır, bu zaman əlifba dil aləti yox, sosial element kimi dəyərləndirilir.
Jirkovun təklif etdiyi üç meyar əlifba müzakirələrinin ən sistemli texniki ölçüsüdür: oxunaqlılıq, texniki təkrar istehsal (mətbəə, material, texnologiya), pedaqoji mənimsəmə (kütləvi təhsil üçün uyğunluq). Bu üçlük əlifbanı nə estetik zövqə, nə də ideoloji simvolizmə tabe edir. Onun ən kəskin, lakin elmi baxımdan əsaslandırılmış nəticəsi budur: estetik gözəllik çox vaxt oxunaqlılığa zərər vurur, ərəb əlifbası bu baxımdan əlyazmada mükəmməl, texniki reproduksiyada zəif sistem kimi təqdim olunur. Mətbəə texnologiyası ilə uyğunlaşmaması onun tarixi üstünlüyünü texniki çatışmazlığa çevirir. Bu arqument ideoloji yox, texnoloji determinizm üzərində qurulub.
Jirkov əlifba islahatının inzibati zorakılıqla, qəfil qadağalarla aparılmasını qəti şəkildə qəbul etmir. Onun modeli texnoloji təkamüldür: iki yazı paralel mövcud olur, daha funksional olan tədricən üstünlük qazanır. Bu sovet müzakirələri içində ən liberal və elmi əsaslandırılmış keçid modelidir: əlifba məsələsinin ən yüksək nəzəri-texniki (təcrübi – N.M.) səviyyədə qoyuluşudur, ideoloji mübahisələrə elmi zəmin yaradır, latın əlifbasını tarixi labüdlük yox, texniki baxımdan optimal seçim kimi əsaslandırır. Bu mövqe əlifba məsələsini ideoloji mübahisədən çıxarıb elmi-texniki rasional seçim səviyyəsinə qaldıran ən yetkin yanaşmadır.
Professor Jirkov yazı ilə dil arasındakı prinsipial fərqi vurğulayır və bildirir ki, dil canlı, inkişaf edən sistem olduğu halda, yazı məqsədli və şüurlu şəkildə formalaşdırılan vasitədir. Ona görə də xalqın hər hansı bir yazı sistemini mənimsəməsi təsadüfi deyil, dərk olunmuş tarixi prosesin nəticəsidir və sosial, mədəni və texniki amillərin təsiri altında baş verdiyini izləmək mümkündür. Yeni milli mədəniyyətlərin və ədəbiyyatların yaradılmasına yönəlmiş cəhdlər adətən inqilabi sarsıntıların nəticəsində meydana çıxır və bu, yeni əlifbaların yaradılmasını və ya mövcud əlifbaların köklü islahını zəruri edir; cari tarixi mərhələ də məhz bu xüsusiyyətlə səciyyələnir və həm türk, həm də qeyri-türk xalqları üçün xarakterikdir. Jirkovun fikrincə, əlifba yalnız yazının alətidir və onun qeyri-kamil olması estetik yox, həm də ciddi sosial nəticələr doğurur; natamam və qeyri-aydın yazı, oxu və ünsiyyət prosesində çətinliklər yaradır, bu isə cəmiyyətdə narazılıq və gərginlik mənbəyinə çevrilir.
Jirkov vurğulayır ki, əlifbanın estetik gözəlliyi oxunaqlığa təsir edə bilər və bu xüsusiyyət xüsusilə ərəb əlifbasında özünü göstərir. Ərəb yazısı yüksək estetik dəyərə malik olsa da, bu onun əsas texniki çatışmazlığına çevrilir: müasir texniki vasitələr əlyazmanın incəlik və ahəngini tam təkrarlaya bilmir, mətbəədə isə ərəb şrifti heç vaxt əlyazmadakı qədər aydın və estetik görünmür. Bu baxımdan latın əlifbası öz aydınlığı və texniki uyğunluğu ilə üstün mövqedə dayanır. Jirkov, eyni zamanda, islahatın zorakı üsullarla aparılmasının yolverilməz olduğunu bildirir. Köhnə və texniki baxımdan natamam yazı vasitələri, o cümlədən ərəb şrifti, tədricən və mərhələli şəkildə latın əlifbası ilə əvəz olunmalıdır. İki yazı aləti eyni vaxtda mövcud olduqda, daha funksional və mükəmməl olan zamanla üstünlük qazanır; cəmiyyətin müxtəlif təbəqələri köhnədən yeni əlifbaya mərhələli şəkildə keçir. Bu səbəbdən islahatlar taktiki və ehtiyatlı aparılmalı, keçid dövründə yaranan çətinliklər və kiçik narahatlıqlar isə yeni əlifbanın texniki və praktik üstünlükləri ilə kompensasiya olunmalıdır. Ümumilikdə, Jirkovun yanaşması göstərir ki, əlifba islahatı həm texniki, həm sosial, həm də pedaqoji meyarlarla dəyərləndirilməli və əsas məqsəd əlifbanın səmərəliliyini və cəmiyyət üçün faydasını artırmaq olmalıdır.
(ardı var)
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

