“Paris salnaməsi”ndə unudulan azərbaycanlı qadın

post-img

XX əsr Fransasında Ümmülbanu Əsədullayevanın gizli izləri

Paris mühacirət ədəbiyyatını adətən “rus ağ mühacirləri”, “gürcü aristokratları”, “erməni diaspor mətbuatı” xətti ilə oxuyur. Haqqında söhbət açacağımız azərbaycanlı qadın isə bu xəritədə bir istisnadır: Bakının neft aristokratiyasından gəlir, Parisdə gündəlik sağ qalma peşələrindən keçir, fransız dilində roman yazır, sonra isə uzun illər fransız intellektual çevrələrinin “kənarında, amma mərkəzə çox yaxın” yaşayır. Söhbət Ümmülbanu Əsədullayevadan – ədəbi təxəllüsü Banin (Banine) olan müəllifdən gedir.

Azərbaycan oxucusu üçün o, əsasən “Qafqaz günləri”nin nostaljik xatirə yazarıdır. Lakin bu günədək onun haqqında tədqiq edilməyən Fransa və İsveçrə arxivləri, biblioqrafik qeydlər və intellektual gündəliklər başqa bir Banini–model, tərcüməçi, ədəbi vasitəçi və Avropa mədəniyyətinin fəal iştirakçısını üzə çıxarır.

Düzdür, Ümmülbanu Əsədullayevanın model və tərcüməçi olması faktını Azərbaycan oxucusu bilir, amma məlumatlar çox səthidir. Bu yazıda Banin haqqında Azərbaycanda az tədqiq edilmiş, lakin Avropada, xüsusilə də Fransada onun Avropa miqyaslı fiqur olduğunu təsdiqləyən faktlara toxunmaq istəyirik.

Banin Parisdə tanınmış model olub

1905-ci ildə Bakıda Mirzə Əsədullayevin neft sərvəti içində doğulan Ümmülbanu 1920-ci ildə vətənini və bütün statusunu itirir. 1923-cü ildə Parisə gələn gənc qadın fransız cəmiyyətində həyatı sıfırdan qurmaq məcburiyyətində qalır. Fransız bioqrafik mənbələr bu ilk illərin maddi çətinliklərlə dolu olduğunu açıq şəkildə göstərir. Baninin həyatının bu dövrü Azərbaycan mənbələrinin bir çoxunda sadəcə "o, iş axtarışında vurnuxurdu: model, satıcı, katibə, tərcüməçi" qeydi ilə keçilir. Lakin fransız nekroloq və bioqrafik qeydlər çox spesifik bir detalı üzə çıxarır: Banin Parisin məşhur "Worth" moda evində model kimi fəaliyyət göstərib.

“Worth” XX əsrin əvvəllərində Parisin yüksək modasının (“Haute Couture”) mərkəzi idi, Avropa aristokratlarına və elit təbəqəyə xidmət edirdi. Bu fakt Baninin mühacir həyatına yeni bucaqdan baxmağa imkan verir: Banin sadəcə “təsadüfi işlər” görməyib. O, Qərb aristokrat zövqünün və mədəniyyətinin fiziki mərkəzində – yüksək moda sənayesində iştirak edib. Bu fəaliyyət onun Paris cəmiyyətinə intellektual dairələrlə yanaşı, sosial və vizual səviyyədə də inteqrasiya etməsinin dəlilidir. Bu inteqrasiya dərəcəsi indiyədək Azərbaycan tədqiqatlarında, demək olar ki, nəinki xüsusi olaraq vurğulanmayıb, heç araşdırılmayıb.

Poulhanın dəstəyi ilə ucalan Qafqazın səsi

Banin fransız dilində romanlar yazmaqla mühacir ədəbiyyatına qoşulur. İlk romanı "Nami" (1942) fransız ədəbiyyatında nüfuzlu sima, "Nouvelle Revue Française" jurnalının redaktoru Jean Paulhanın dəstəyi ilə çap olunur.

1946-cı ildə işıq üzü görən “Qafqaz günləri” (“Jours caucasiens”) isə Banini Qafqaz, Bakı və neft aristokratiyasının daxili dünyasını Qərb oxucusuna təqdim edən yeganə azərbaycanlı qadın müəllif edir. Bu kitab Fransa ədəbi dairələrində böyük rezonans doğurur və Banini nostalji yazardan peşəkar ədəbi fiqura çevirir.

Avropa fəlsəfəsinin tərcüməçisi

Baninin Azərbaycan oxucusu üçün ən az bilinən və onun intellektual çəkisini göstərən fəaliyyəti tərcüməçilik işidir. Düzdür, Azərbaycan oxucusuna məlumdur ki, Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. Lakin məsələ burasındadır ki, onun tərcüməçilik fəaliyyəti barədə tədqiqatlar, demək olar ki, aparılmayıb. Halbuki fransız biblioqrafik kataloqları Banini alman yazıçısı və filosofu Ernst Jüngerin məşhur “Sülh” (“La Paix”) əsərinin fransız dilinə tərcüməçilərindən biri kimi qeyd edir. Tərcümə Banin və Armand Petitjean tərəfindən birgə həyata keçirilib və nüfuzlu "La Table Ronde" nəşriyyatında (1946) çap edilib. Bu fəlsəfi əsər İkinci Dünya müharibəsindən sonra Avropada sülh, məsuliyyət və mənəvi bərpa mövzularının əsas müzakirə mətnlərindən biri idi. Azərbaycandan olan bir qadının bu fundamental fəlsəfi mətnin fransız intellektual dairələrinə çatdırılmasında birbaşa iştirakı, onun sadəcə "mühacir yazıçı" yox, Avropa intellektual tarixinin ortaq yaradıcısı olduğunu sübut edir.

Ernst Jüngerin gündəliyində “türk qəhvəsi”

“Qafqaz günləri” kitabı Baninə böyük uğur qazandırıb. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Jünger və başqaları ona məktublar yazıb. Tarixi faktlar sübut edir ki, iki dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Jüngerlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Təsadüfi deyil ki, Banin Jüngerə bir neçə kitab (“Ernst Yüngerlə görüş” (1951), “Ernst Yüngerin portreti” (1971), “Ernst Yünger müxtəlif sifətlərdə” (1989) romanlarını) həsr edib.

Azərbaycan oxucusuna yad deyil ki, onlar 1943-cü ildə – Baninin Azərbaycanda sosial düzümün faciəsini özündə əks etdirən “Bizimlə” romanı işıq üzü gördükdən sonra tanış olublar. Romanın təəssüratı altında olan Jünger Baninə zəng vurub özünü təqdim edib, növbəti gün isə azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedib.

Azərbaycan tədqiqatçıları üçün o qədər də geniş araşdırılmayan faktlar isə Ernst Jüngerin Banin barəsində olan təəssüratlarıdır. Baninin Avropa intellektual dairələrindəki mövqeyini daha da gücləndirən dəlil Ernst Jüngerin öz şəxsi Paris gündəliklərində yer alır. Jünger gündəliklərində Banin ilə görüşlərini, onun evində içdikləri türk qəhvəsini və Baninin "Nami" romanı ətrafında apardıqları söhbətləri qeyd edir. Məhz bu detal Baninin, sadəcə, uzaqdan müşahidəçi olmadığını, Parisin ən mürəkkəb intellektualları ilə bərabər səviyyədə dialoq quran, öz milli mədəniyyətini (türk qəhvəsi simvolizmi) və ədəbiyyatını Avropa düşüncəsi ilə kəsişdirən fəal tərəf olduğunu göstərir.

Banin – yenidən qiymətləndirilməli fiqur

Baninin – Ümmülbanu Əsədullayevanın həyatı və fəaliyyəti göstərir ki, onun Paris salnaməsindəki izi "nostaljik xatirə yazarı" etiketi ilə məhdudlaşdırıla bilməz. Model fəaliyyəti Qərb cəmiyyətinə fiziki və sosial inteqrasiyasının dərinliyini, sıfırdan başlayan mühacir qadının mübarizəsini sübut edir. Ernst Jüngerin əsas əsərinin tərcüməsində iştirakı isə onu sadəcə ədəbi, həm də Avropa fəlsəfi və intellektual tarixinin bir hissəsinə çevirir. Baninin intellektual dialoqlarına gəlincə, təkcə Jünger kimi titanlarla şəxsi ünsiyyəti onun Parisin fikir mühitində passiv yox, aktiv və hörmət edilən bir fiqur olduğunu təsdiqləyir.

Beləliklə, bu faktların sistemli şəkildə Azərbaycan elmi və publisistik dövriyyəsinə daxil edilməsi Banini, sadəcə, Bakıya həsrət qalan bir mühacir yox, Avropa miqyaslı, cəsarətli və universal mədəni fiqur kimi yenidən qiymətləndirməyə imkan verə bilər. Fikrimizcə, onun "Worth" moda evi fəaliyyəti və Jünger tərcüməçiliyi mövzuları xüsusilə yeni tədqiqatlara cəlb edilməlidir.

Bundan başqa, onun barəsində yalnız Fransa yox, İsveçrə Milli Kitabxanası və arxiv sənədlərində tədqiqini gözləyən maraqlı faktlar var. Baninin 1970-1980-ci illərdə hansı ideya dairələri ilə yazışdığını, hansı mövzulara üz tutduğunu, özünü “azərbaycanlı”, “qafqazlı” və ya “fransız yazar” kimi necə təqdim etdiyini araşdırmaq üçün birbaşa “sənəd xəritəsi” verir. Təfərrüatlı tədqiqatlar Baninin qeyri-rəsmi ədəbi çevrəsi, onun Azərbaycan/Bakı mövzusu barədə hansı siyasət dili ilə danışıqları kimi məqamlara aydınlıq gətirə bilər. Təəssüf ki, məsələyə bu cür mikro-tarix yanaşma Azərbaycanda Banin mövzusunda, demək olar, tətbiq olunmayıb.

Ölkəmizdə Ümmülbanunun romanlarının çap olunduğu fransız nəşriyyatları ilə münasibəti ümumi şəkildə qeyd edilir. Halbuki Parisin ixtisaslaşmış kitabxana-arxiv kataloqlarında onun “Plon” redaksiyasına məktubları ayrıca sənəd kimi təsvir edilir. Düşünürük ki, bu sənədlər (məktub, müqavilə əlavələri, redaktor qeydləri, düzəlişlər) tapılarsa, bir çox suallara (məsələn, “Nami” və digər mətnlərdə redaktor müdaxiləsi olubmu? Banin fransız oxucusu üçün Qafqaz/Bakı təsvirlərini necə “uyğunlaşdırıb”? və s.) cavab verilə bilər. Bu isə artıq ədəbiyyatşünaslıqdan əlavə, nəşriyyat sosiologiyası mövzusudur və Azərbaycanda, demək olar ki, işlənməyib.

Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universiteti ümumi hüquq kafedrasının müəllimi



Sosial həyat