MEK 600 elektron nəşri Hiperkitap platformasına təqdim edib

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq elmi informasiya mübadiləsinin genişləndirilməsi istiqamətində növbəti addım atıb.

XQ xəbər verir ki, kitabxana Türkiyənin aparıcı rəqəmsal platformalarından biri olan Hiperkitap rəqəmsal verilənlər bazasına 600 adda elektron nəşr göndərib.

Bu təşəbbüs Azərbaycan tarixi, elmi və mədəni irsinin beynəlxalq rəqəmsal mühitdə daha geniş təmsil olunmasına imkan yaradır. Belə ki, Hiperkitap bazası dünyanın 10-dan çox ölkəsində 200-dən artıq universitet üçün açıqdır. Bu isə Azərbaycan tarixi, dövlətçiliyi və mədəniyyəti haqqında nəşr olunan kitabları həmin universitetlər üçün əlçatan edir.

Qeyd edək ki, 2026-cı ildən etibarən MEK-də istifadəçilər üçün Hiperkitap verilənlər bazasına abunəlik əsasında çıxış imkanı yaradılıb. Platforma veb və mobil interfeyslər vasitəsilə elektron resurslara fasiləsiz giriş təmin edir.

Hazırda kitabxana oxucuları Hiperkitap bazasından MEK-in oxu zallarındakı kompüterlər vasitəsilə birbaşa istifadə edə bilirlər ki, bu da tədqiqatçılar və tələbələr üçün rəqəmsal mənbələrə çıxışı daha əlçatan edir.

Elm