ABŞ-da ordu güclənir, yardımlar isə azalır
ABŞ Prezidenti Donald Trampın administrasiyası qarşıdan gələn maliyyə ili üçün büdcə layihəsini təqdim edib. Yeni büdcə layihəsində Ağ evin sahibi hərbi xərcləri rekord səviyyəyə qaldırmaq niyyətində olduğunu vurğulayıb. Konqres cənab Trampın tələbini təsdiq edərsə, hərbi xərclər Amerika tarixində ilk dəfə olaraq 1 trilyon dolları keçəcək. Eyni zamanda, mülki xərclər kəskin şəkildə azalacaq, ABŞ-dan maliyyə dəstəyi gözləyən xarici ölkələr də gözlədikləri vəsaiti ala bilməyəcəklər.
Ağ ev Konqresə 2025-ci il oktyabrın 1-də başlayan və 30 sentyabr 2026-cı ildə başa çatacaq maliyyə ili üçün büdcə təklifi göndərib. Əslində, bu, tam hüquqlu qanun layihəsi deyil, Donald Tramp administrasiyasının istəkləridir. ABŞ mətbuatı yazır ki, qanunvericilər bəziləri ilə razılaşmaya bilər. Bununla belə, həm Senat, həm də Nümayəndələr Palatası respublikaçıların nəzarəti altındadır, ona görə də administrasiya ümid edir ki, dövlət başçısının fikirlərinin ümumi istiqaməti nəzərə alınacaq.
Donald Trampın dövlət xərclərini kəskin azaltmaq vədlərinə baxmayaraq, onun administrasiyası müəyyən sahələrdə xərcləri rekord səviyyəyə çatdırmaq qərarına gəlib. Ağ evin təkliflərinə əsasən, ABŞ-ın hazırkı prezidentinin əsas prioriteti milli təhlükəsizliyin maliyyələşdirilməsidir. Belə ki, gələn il üçün cənab Tramp Konqresdən müdafiə üçün 1,01 trilyon dollar istəyib və bu məbləğ Amerika tarixində ilk dəfə bu maddə üzrə 1 trilyon dolları ötüb. Cari maliyyə ili ilə (892,3 milyard dollar) müqayisədə Ağ evin rəhbəri hərbi ehtiyaclara 13 faiz çox vəsait xərcləməyi planlaşdırır. Pentaqonun özü 961 milyard dollar alacaq ki, bu da bu illə müqayisədə, təxminən, 113 milyard dollar və Co Bayden administrasiyasının 2026-cı il üçün ayırmağı planlaşdırdığından 84 milyard dollar çoxdur.
Bu cür istəklərə cavab olaraq müdafiə naziri Pit Heqset dərhal vəd edib ki, Pentaqon “hər bir vergi ödəyicisinin dollarını ağıllı şəkildə xərcləmək" niyyətindədir. Donald Tramp isə bildirib ki, Ağ ev “xərclərə diqqətlidir”, lakin “ordu yaratmağa” məcburdur. ABŞ KİV-i yazır ki, büdcədə “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılması, nüvə arsenalının modernləşdirilməsi və hərbçilərin maaşlarının 3,8 faiz artırılması nəzərdə tutulur. Bundan əlavə, Donald Tramp sərhədlərdəki vəziyyətə cavabdeh olan Daxili Təhlükəsizlik Departamentinin ehtiyacları üçün xərcləri 65 faiz artıraraq 175 milyard dollara çatdırmaq istəyir.
Bununla yanaşı, cənab Tramp və komandası daxili mülki xərclərin maliyyələşdirilməsini 2025-ci il büdcəsi ilə müqayisədə 22,6 faiz və ya 163 milyard dollar azaltmağı təklif edir. Ağ ev qərara gəlib ki, hökumət xərclərinin vəd edilən azaldılması bərpaolunan enerji, ətraf mühitin mühafizəsi, irqi bərabərsizliyin aradan qaldırılması, elm, təhsil, uşaqlara qulluq, səhiyyə, mənzil və şəhərsalma kimi sahələrə xərclərin radikal və ya tam azaldılması yolu ilə həyata keçirilə bilər. Administrasiya qeyd edib ki, bu, “2017-ci ildən bəri qeyri-müdafiə xərclərinin ən aşağı səviyyəsidir”. Bundan əlavə, Vaşinqton xarici yardıma, o cümlədən beynəlxalq təşkilatlara ayrılan vəsaitləri də kəsməyi planlaşdırır. Qərb mediasının məlumatına görə, xarici siyasət layihələrinin ümumi maliyyələşdirilməsi, təxminən, 84 faiz azalaraq 9,6 milyard dollara çatacaq. Xüsusilə, Ağ ev BMT-nin sülhməramlı əməliyyatları üçün maliyyəni tamamilə kəsəcək. ABŞ prezident administrasiyası bu addımı onunla izah edir ki, Vaşinqton artıq beynəlxalq xərclərin “qeyri-mütənasib payını” daşımaq niyyətində deyil.
Ağ evin təklifləri demokratların tənqidinə səbəb olub. Respublikaçılar arasında da tənqidçilər var. Müşahidəçilərin sözlərinə görə, cənab Trampın təklifləri asan qəbul edilməyəcək. Doğrudur, Konqresin büdcə planlarını təsdiqləmək üçün hələ demək olar ki, beş ayı var. Bu müddət ərzində tərəflər arasında kompromislərin əldə olunacağı da istisma edilmir.
S.ELAY
XQ