Düşənbə görüşü: Azərbaycan Qərblə Rusiya arasında

post-img

Təyyarə olayı və... rəsmi Bakının regional gündəliyi

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü Qərbin bəzi dairələrinin Cənubi Qafqazda Kremlə qarşı ikinci cəbhə açmaq planlarını alt-üst etdi. Yəni, zahirən görünən reallıq həm də bunu deməyə əsas verir. Ancaq daha vacib məqam var. Söhbət Azərbaycan amilinin əhəmiyyətindən gedir və buna sonda Qərb-Rusiya ziddiyyətləri fonunda aydınlıq gətirəcəyik. Hələlik isə bəzi cəhətlərə nəzər salaq

Əlbəttə, Putinin şəxsində rəsmi Moskva Cənubi Qafqazda özünə qarşı planların mövcudluğundan ehtiyatlansa da, xüsusi əndişə duymur. Məsəl var, islanmışın yağışdan qorxusu yoxdur. Hazırda Rusiya, bir növ, tarana gedir. Ölkə rəhbərliyi geridönüşü olmayan yoldadır, bu, öz yerində. Azərbaycan isə müstəqillik illərində həmişə balanslı siyasət yürüdüb. Daha doğrusu, bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, Qərbin regional ambisiyalarında alət olmayıb. 

İndi Azərbaycan dövləti kənar təsirlərə daha dayanıqlıdır. Rəsmi Bakının onu hansısa oyunların alətinə çevirmək niyyəti güdənlərə qarşı immuniteti əvvəlki illərlə müqayisədə çox güclüdür. Ölkəmiz öz gündəliyini əzmlə qorumaq potensialına malikdir. Deməli, lap nəzəri yanaşsaq belə, hazırda dünyanın nəbzini yoxlayıb Rusiyaya zidd mövqedə dayanmağın mənası yoxdur. Haşiyə çıxaq ki, Bakı indiyədək cənub qonşusu İrana qarşı koalisiyalara da qatılmayıb. Yəni, Bakının hadisə və proseslərə individual yanaşması hər zaman olub.

***

Azərbaycan rəsmiləri son on aydakı müsahibə və açıqlamalarının hər birində bildiriblər ki, Rusiya ilə yaranmış problemin kökündə ötən ilin dekabrında AZAL-ın təyyarəsinin Qroznu səmasında vurulması dayanır. Bununla bağlı fikirlərin yalnız birinə diqqət yetirək. Məsələn, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təxminən üç ay əvvəl Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibədə Bakı-Moskva münasibətlərində əsaslı dəyişikliklərin baş vermədiyini demiş, lakin son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlığın və gərginliyin artdığından söz açmışdı. Cənab Hacıyev, eyni zamanda, bu fikirləri də diqqətə çatdırmışdı: “Belə hadisələr qonşu ölkələr arasında da baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası (AZAL təyyarəsi - red.) ilə başladı. Qəza Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş verib və biz bunun necə baş verdiyini bilirik – bu, artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir”. 

Doğrudur, son aylarda Rusiyada yaşayan soydaşlarımıza qarşı total “miqrant ovu” həyata keçirildi. Eyni hal yenə müşahidə edilir və Azərbaycan Xarici İşlər Nazirliyinin buna reaksiyası olmuşdu. Qurumun reaksiyasında iki xüsusiyyət rəhbər tutulmuşdu. Birincisi, diplomatik norma və prinsipləri gözləmək, ikincisi, Moskva ilə əlaqələrdəki sərinliyin başlıca motivi olan təyyarə olayını arxa plana atmamaq. Yəni, rəsmi Bakı, böyük ölçüdə, Kremllə yeni gərginlik fazası müəyyənləşdirməkdən uzaq durmuşdu. Hazırda yaşananlar bu qərarın uzaqgörənliklə verildiyinin sübutudur. 

***

Bəli, Prezident İlham Əliyevin Düşənbədə rusiyalı həmkarı ilə bir araya gəlməsi göstərir ki, dövlətimizin təyyarə olayına ədalət gözləntisi reallaşıb. Hər halda, Prezident Putinin hava gəmimizə hücumla bağlı hüquqi məsuliyyətin müəyyənləşəcəyini, o cümlədən təzminatın ödəniləcəyini bildirməsi adi məsələ deyil. Gedişatın Kreml rəhbərinin dediyi kimi olacağına inamımız böyükdür.  Yəni, onun vədi yerinə yetməlidir. 

Ümumən, Azərbaycan rəhbərliyi özünün balanslı siyasət kursunun Rusiya vektorunu kənara qoymaq barədə də düşünməyib. Yəni, Şimal qonşumuzdakı bəzi dairələrin gərginliyi əldə bayraq edib ölkəmizin, guya, birbaşa Qərbə meyilləndiyini bildirmələri cəfəngiyyatdan başqa bir şey deyildi. Rusiyada yox, bütün dünyada bilməlidirlər ki, Azərbaycan yalnız öz maraq və mənafelərindən çıxış edir. Maraqlarımız isə kimlərinsə, hansısa xarici qüvvələrinsə ədalət anlayışına yamaq ola bilməz. Siyasətimiz proqmatizmə və rasionallığa söykənir. Rəsmi Bakı ətraf aləmlə münasibətlərini qarşılıqlı hörmət və ehtiram əsasında qurur, özünə qarşı heç bir haqsızlığı qəbul etmir və etməyəcək. 

Sevindirici haldır ki, Rusiyada Azərbaycanın tutduğu yolun mütərəqqiliyini dərk edən qüvvələr var. Heç şübhəsiz, Prezident İlham Əliyevlə Prezident Putinin uzun fasilədən sonra bir araya gəlmələrində bu amil də həlledici rola malikdir. Rusiyanın hadisə və proseslərə yanlış pəncərədən baxan siyasi kəsimi kimi, Qərbdəki avantüristlər də anlamalıdırlar ki, Bakı-Moskva gərginliyinə siyasi sərmayə yatıraraq nəyəsə nail olmaq cəhdləri tam mənasızdır. Əslində, rəsmi Bakı belə cəhdləri önləyir də. 

Məsələn, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamənin imzalandığı zaman kəsiyinə diqqət yetirək. Həmin vaxt bəzi siyasi ekspertlər həm Birləşmiş Ştatların vasitəçik görüntüsünü, həm də Birgə Bəyannamənin “Tramp marşrutu” kazusunu rəhbər tutaraq vurğuladılar ki, Bakı və İrəvan Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq naminə birləşib. 

Üstəlik, rəsmi Moskvanın ayrı-ayrı təmsilçilərinin Vaşinqtonda əldə edilmiş razılığın əhəmiyyətini şübhələndirən çiy açıqlamaları oldu. Onlar da öz növbələrində, bəlkə də fərqinə varmadan, Qərbin görüntüsünü formalaşdırdığı Cənubi Qafqazda anti-Rusiya ovqatına dramatik obraz qazandırdılar. Halbuki, bir qədər konseptual davranmaq, diqqətli olmaq lazım idi. Axı duruma müfəssəl aydınlıq gətirən ali şəxs var. Elə isə Prezident İlham Əliyevin avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telakanalına müsahibəsində Vaşinqton anlaşması ilə regional kommunikasiyaların açılması məsələsinə verdiyi izahdan söz açaq. 

Nəzərə alaq ki, dövlətimizin başçısı həmin müsahibədə regional kommunikasiyaların açılması mövzusunun Azərbaycan dövləti üçün prioritet məqamını vurğuladı. Söhbət Naxçıvana maneəsiz yoldan gedir. O yol ki, 44 günlük müharibənin nəticələrini təsdiqləyən, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da əksini tapmışdı. O yol ki, rəsmi İrəvan ötən müddətdə onun açılmasına qarşı çıxır və ən müxtəlif siyasi spekulyasiyalara baş vururdu. Onu da nəzərə alaq ki, Vaşinqtonda “Tramp marşrutu” kimi leqallıq qazanmış marşrut, faktiki olaraq, Zəngəzur dəhlizidir və dəhlizin işlək duruma gəlməsi Rusiyanın da maraqları çərçivəsindədir. 

Əlqərəz, Azərbaycan, Rusiya ilə gərginliyə baxmayaraq, ötən on ayda Kremlin regional kommunikasiyaların açılması marağını ikinci plana daşıyacaq heç bir addım atmadı. Əksinə, Prezident Əliyev “Əl-Ərəbiyyə” müxbirinin Zəngəzur dəhlizinin ənənəvi Şimal-Cənub marşrutuna ziyan verib-verməyəcəyinə dair sualını cavablandırarkən bildirdi ki, birinci ikinciyə yalnız dəstək olacaq: “Bəli, bu, sadəcə, dəstək olacaq. Çünki əvvəlcə planlaşdırılmış və layihələndirilmiş Şimal-Cənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. Xəritəyə baxsanız, o, Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir”. 

Dövlətimizin başçısı müsahibəsində onu da vurğuladı ki, ölkəmizin Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəsi var. Ardınca isə Prezident İlham Əliyev son dərəcə ciddi trayektoriya cızdı ki, əslində, ölkəmizin liderinin dedikləri yeni dünya düzəninin region seqmentini canlandırdı: “Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.

Prezident İlham Əliyevin hər fikri və sözü, az qala, hər cümləsi istər Qərbdə, istərsə də Rusiyada ciddi şəkildə təhlil olunur, ölkəmizə münasibət və yanaşma dövlətimizin başçısının bildirdiklərinə nəzərən formalaşır. Heç şübhəsiz, ölkəmizin Moskva ilə ziddiyyətlər fonunda siyasi oyun qaydalarını pozmadığını Kremldə də yetərincə yaxşı gördülər. 

Vaşinqton anlaşması ilə ölkəmizin Qərbə yaxınlaşdığına dair ab-havanın yaradıldığı zamanda da Azərbaycan dövlətinin Rusiya ilə soyuqluğun təyyarə faciəsi motivini qabartması və məlum şərtlər irəli sürməsi, əslində, əvvəlki düzənə qayıtmaq üçün yalnız bir yolun olduğuna dair mesaj idi. Hesab edirik ki, Prezident Putin Düşənbədəki görüş zamanı məhz o yolda addımladı. Hər halda, görüşün hamımızın seyr etdiyi məcrada keçəcəyi, Azərbaycan üçün prinsipial etirafın açıqlanacağı, başqa sözlə desək, Putinin ölkəmizin tələbinin yerinə yetiriləcəyi ilə bağlı fikirləri dilə gətirəcəyi əvvəldən aydın olmaya bilməzdi. Əks halda, çox güman, ikitərəfli təmas baş tutmazdı.

***

Sonda əvvəldə vurğuladığımız fikrə qayıdaq və diqqətə çatdırdıqlarımız fonunda Qərbin bəzi dairələrinin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni açmaq planlarının iflasa uğradığına nəzər salaq. Əlbəttə, Moskvaya da belə bir cəbhənin mövcudluğu qətiyyən sərf etməz. Amma islanmışın yağışdan qorxusunun olmadığını təsadüfən vurğulamadıq. Yəni, Ukrayna müharibəsi fonunda dünyanın qarşısına alan ölkənin tarixən özünə bağlı Cənubi Qafqaz coğrafiyasında da inadlı davranacağı birmənalıdır. İnad ona daha böyük ziyan gətirəcək, bu, başqa söhbətin mövzusudur.

Mövcud dolaşıq siyasi labirintdə əsas olan isə Azərbaycan amilidir. O amil ki, Prezident İlham Əliyevin diqqətə çatdırdığımız fikirlərinə nəzərən onun xeyli dərəcədə birləşdirici, yaxud tənzimləyici missiya daşıdığı aşkardır. Bu missiya Rusiyaya qarşı barışmaz mövqedə dayanmış Qərbə də sərfəlidir. Axı Cənubi Qafqazda regional kommunikasiyaların açılması dünya üçün vacibdir. 

Nəticəyə gəlirik ki, Azərbaycan tərəfi istər həmin vacibliyi nəzərə alaraq, istərsə də öz maraqlarını düşünərək bütün qütblərə faydalı gündəlik təklif edir. Üstəlik, ölkəmiz, müəyyən mənada, regional qarantyor ampluasındadır. Bu ampluanın isə diktə etdiyi iki şərt var. Birincisi, Qərb Rusiya ilə ziddiyyətlərinin davamını istəyirsə, onu başqa müstəvidə axtarmalıdır, Cənubi Qafqazda yox. İkincisi, Moskva Qərbə qarşı inadından geri dayanmayacaqsa, öz baxış bucağı naminə regionumuzdan istifadə etməməlidir. 

Nəhayət, Cənubi Qafqaz bütün konfrantasiyalardan uzaq iqtisadi platforma olmalıdır ki, həmin platforma özündə Qərbə və Kremlə bərabər ədalətli  şərtlər altında mənfəətlə yanaşı, region xalqlarına sülh, asayiş və rifah gətirməlidir. Prezident Putinin şəxsində Rusiya Düşənbədə məhz bu cür təminata görə təyyarə olayına obyektiv münasibət göstərməli idi və göstərdi də. Bəs doğrudanmı faciə ilə əlaqədar əsl tərəfrrüatları bilmək bu qədər vaxt apardı? Yəni, əvvəldən heç nə aydın deyildi ki? Güman edirik, bu kimi suallara cavabı zaman özü verəcək. 

Ə.CAHANGİROĞLU,

XQ

 

 

Siyasət