Avropa daxilində yeni strateji əməkdaşlıq xətti

post-img

Almaniya və Britaniya qarşılıqlı müdafiə razılaşması imzaladı 

Avropanın iki aparıcı dövləti – Almaniya və Böyük Britaniya təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirmək istiqamətində ciddi addım atıb. Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer Londonda qarşılıqlı müdafiəni nəzərdə tutan ikitərəfli saziş imzalayıblar. Sənəd tərəflərin hərbi hücum halında bir-birinə yardım etməsini nəzərdə tutur.

Razılaşma Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə və ABŞ-ın – xüsusən Donald Tramp administrasiyasının – NATO-nun kollektiv müdafiə prinsiplərinə sadiqliyi ilə bağlı Avropa daxilində artan narahatlıqlar fonunda imzalanıb. Bloomberg-in yaydığı məlumata görə, Almaniya-Britaniya razılaşması NATO-nun əvəzləyicisi deyil, lakin təhlükəsizlik sahəsində Avropa daxilində yeni strateji əməkdaşlıq xəttidir.

Almaniyanın müdafiə siyasəti üçün bu razılaşma xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, Fransa ilə yanaşı, Böyük Britaniya Avropanın iki nüvə dövlətindən biridir. Almaniya hələ də ABŞ-ın nüvə “çətiri” altındadır, lakin son zamanlar Berlin siyasətində müstəqil Avropa nüvə strategiyası ilə bağlı müzakirələr güclənib. Xristian-Demokrat İttifaqı və onun Bavyera üzrə tərəfdaşı olan Xristian-Sosial İttifaq fraksiyasının lideri Yens Şpanın sözlərinə görə, Avropa özünü qorumaq üçün nüvə çəkindiriciliyinə malik olmalıdır.

“Kim ki nüvə çəkindiriciliyinə malik deyil, o, böyük güclərin geosiyasi oyununda, sadəcə piyada olacaq”, – deyə Şpan bildirib. O, həmçinin müstəqil Avropa nüvə strategiyasının zəruriliyindən danışaraq Fransa və Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq təklifini dəstəkləyib.

Razılaşmada nüvə silahı birbaşa qeyd olunmasa da, tərəflər önümüzdəki onillikdə 2000 km-dən artıq məsafəni vura bilən yeni uzaqmənzilli raket sistemlərinin istehsal və təchizatında əməkdaşlıq edəcəklər. Bu təşəbbüs təkcə müdafiə qabiliyyətini artırmaqla qalmayacaq, həm də Avropa müdafiə sənayesinə ciddi investisiyalar cəlb edəcək.

Bundan əlavə, Almaniya və Böyük Britaniya birgə istehsal etdikləri hərbi texnikanın – Eurofighter Typhoon qırıcılarının, Airbus A400M nəqliyyat təyyarələrinin və Boxer zirehli maşınlarının – üçüncü ölkələrə ixracını da planlaşdırır.

Bu saziş Avropa təhlükəsizliyi sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və bölgədə daha balanslı, müstəqil müdafiə strategiyasının formalaşmasına təkan verə bilər.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya