12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü
Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyinin, hüquqi və demokratik idarəçilik sisteminin möhkəm hüquqi təməlidir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən bu ali sənəd, xalqımızın iradəsini, dövlətimizin müstəqilliyini və milli dövlətçilik ənənələrini özündə əks etdirir.
Konstitusiyanın hazırlanması və qəbul edilməsi prosesi müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. Məhz dahi liderin uzaqgörən siyasəti nəticəsində qəbul edilən bu sənəd demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi bazasını formalaşdırmışdır.
Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Bu fikirlər Azərbaycan Konstitusiyasının həm milli, həm də beynəlxalq səviyyədə dəyərləri uzlaşdıran sənəd kimi əhəmiyyətini aydın şəkildə ifadə edir.
Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsiplərinə uyğun aparılan islahatlar dövlətin hüquqi sisteminin, iqtisadiyyatın və vətəndaş cəmiyyətinin inkişafını təmin etmişdir. Dövlət başçısı vurğulayır:
“Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə bu ali sənədin tarixi və ideoloji əhəmiyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

