Cənub bölgəsində yaşıl aksiyalar

post-img

Lənkəran

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Lənkəran şəhərinin küçələri, park və xiyabanları əsaslı şəkildə yenilənir, abadlaşdırılır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin, rayonun idarə və müəssisələrinin, xidmət sahələrinin, “Regional İnkişaf” İctimai Birliyinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran Regional “ASAN xidmət” mərkəzinin, Lənkəran Gənclər evi Sosial Xidmət Müəssisəsinin nümayəndələrinin iştirakı ilə “Sağlam və dayanıqlı şəhər naminə” növbəti aksiya keçirilib.
Şəhərin Heydər Əliyev prospektində 1 hektar ərazidə 600 həmişəyaşıl Eldar şamı əkilib, ağaclar suvarılıb və dayaqlarla bərkidilib. Aksiya ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadəsinin təşviqi məqsədilə təşkil olunub.

Masallı

Masallıda da rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti yaşıl aksiya keçirilib.

Masallı şəhərinin girişində 350 ədəd zeytun ağacı əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyada Masallı Rayon İcra Hakimiyyəti aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, gənclər iştirak ediblər. Aksiya yaşıllıq sahələrinin genişləndirilməsinə, ekoloji mühitinin yaxşılaşdırılmasına və şəhərsalma mədəniyyətinin inkişafına xidmət edir.

Cəlilabad

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonda silsilə tədbirlər həyata keçirilir. Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad şəhərinin Qurtuluş küçəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkilib, ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik, abadlıq işləri görülüb. Aksiya təbiətə qayğı və ətraf mühitin qorunması istiqamətində aparılan maarifləndirmə işlərinə töhfə verəcək.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri





Sosial həyat