Biləsuvarda Qərbi azərbaycanlılar qayıdışa hazırdırlar
Qərbi Azərbaycan İcmasının Biləsuvar Rayon Nümayəndəliyinin rəhbəri Rəfiqə Cəfərovanı hələ 1980-ci illərin ortalarından, jurnalist kimi Biləsuvara (o dövrdə Puşkin rayonu adlanırdı) ezamiyyətə getdiyim vaxtdan tanıyıram. O zaman çox gənc olsa da, rayon partiya komitəsinin ideoloji məsələlər üzrə katibi vəzifəsində çalışırdı.
Əmək fəaliyyətinə Azərbaycan dili və ədəbiyyatından dərs deyən kənd müəllimi kimi başlayan Rəfiqə xanım ötən illərdə Biləsuvarda müxtəlif vəzifələrlə çalışıb. 1990-cı illərin əvvəllərində Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaranmasında fəal iştirak edib. Ulu öndər Heydər Əliyevin ideyalarına dərin inam və sədaqət göstərib. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin parlaq liderliyilə Azərbaycanımızın əldə etdiyi hərtərəfli uğurlara görə isə dünyalar qədər sevinir.
Rəfiqə Cəfərova hazırda təqaüddə olsa da, rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Qərbi Azərbaycan İcmasının (QAİ) Biləsuvar təşkilatı yarananda bu icmaya rəhbərlik etmək təcrübəli yerli kadr kimi ona həvalə olunub. Həm rayonda, həm də QAİ-nin mərkəzi aparatında Rəfiqə Cəfərovanın bu mühüm işin də öhdəsindən gəlməsi razılıq doğurur.
Bu günlərdə Rəfiqə Cəfərova ilə telefonla əlaqə saxlayıb rəhbərlik etdiyi nümayəndəlin fəaliyyəti barədə məlumat verməsini xahiş etdik.
Rəfiqə Cəfərovanın nümayəndliyin fəaliyyəti ilə bağlı XQ-yə bildirdi:
– Sizə yaxşı bəllidir ki, erməni millətçiləri son iki əsrdə xalqımıza qarşı bir-birindən ağır soyqırımları törədiblər. Onların əsas niyyəti soydaşlarımızı öz dədə-baba torpaqlarından çıxarmaq, tarixi ərazilərimizə yiyələnmək olubdur. Erməni şovinistləri bu zaman dəhşətli vandalizm aktları törətməkdən belə çəkinməyiblər. Belə ki, azərbaycanlılara məxsus olan məscidləri, qəbiristanlıqları və digər mədəni irsimizi vəhşicəsinə dağıdıblar.
Əlbəttə, bütün əndazələri aşan bu ədalətsiklər uzun müddət davam edə bilməzdi. Bu baxımdan 2022-ci il dekabrın 24-də dövlətimizin başçısının Qərbi Azərbaycan əsilli ziyalıların bir qrupu ilə keçirdiyi görüşdə səslənən fikirlər olduqca böyük tarixi əhəmiyyət kəsb edir. Bu görüşün materialları ilə dərindən tanış olandan sonra şəxsən əxz etdiyimiz əsas qənaət bu oldu ki, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma tarixi torpaqlarına qayıtmaq haqqı var və bu hüququ onların əlindən bundan sonra heç bir qüvvə ala bilməz.
Qərbi Azərbaycan İcmasının məramı, bir qədər əvvəl qeyd etdiyim kimi, xalqımızın taleyi ilə bağlı tarixi həqiqətləri bugünkü və gələcək nəsillərə çatdırmaqdır. Biz bütün dünyaya sübut etməliyik ki, qatı erməni millətçilərinin Qərbi Azərbaycan ərazilərində törətdikləri cinayətlər beynəlxalq hüququn, o cümlədən Cenevrə və UNESCO konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, dövlətimizin uğurlarından narahat olan bəzi düşmən qüvvələr bunu gözardı etmək istəyirlər. Amma unudurlar ki, dünyanın bütün qaranlıqları işığı, əsl həqiqəti ört-basdır etmək iqtidarında deyildir.
Bir daha bu fikri vurğulamaq istəyirəm ki, Qərbi Azərbaycan İcmasının yaradılması milli yaddaşın qorunması, tarixi həqiqətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından böyük önəm daşıyır. Unutmaq olmaz ki, Qərbi Azərbaycan məsələsi yalnız keçmişlə bağlı deyil, həm də gələcəyə yönəlmiş taleyüklü bir məsələdir. Bu sahədə cəmiyyətin bütün potensialı səfərbər edilməlidir.
Qərbi Azərbaycan İcmasının və onun yerli qurumlarının qarşısında duran vəzifələr adi məsələlər deyil, bunlar böyük strateji hədəflərdir. Bu yolda hər birimizdən əzm və səbir, səriştə və fədakarlıq, ən başlıcası, hünər və təəssübkeşlik tələb olunur. Azərbaycan vətəndaşları bəşəri dəyər və prinsiplərdən çıxış edərək tarixi ədalətin bərpa olunması naminə əllərindən gələni etməyə hazırdırlar. Bu, ədalətli və şərəfli bir missiyadır!
– Qərbi Azərbaycan əsilli soydaşlarımız Biləsuvarda nə vaxtdan və hansı şəraitdə məskunlaşıblar?
– Qərbi Azərbaycan əsilli azərbaycanlıların Biləsuvar rayonunda məskunlaşması əsasən XX əsrin müxtəlif dövrlərində, xüsusilə də kütləvi deportasiya və köçürülmə hadisələri zamanı baş verib. Belə ki, 1918, 1948–1953, 1988–1991-ci illərdə on minlərlə azərbaycanlı indi Ermənistan Respublikası adlandırılan ərazidən Azərbaycanın ayrı-ayrı bölgələrinə, o cümlədən indiki Biləsuvar rayonunun ərazisinə köçürülüb.
Qərbi azərbaycanlılar ən çox rayonun Bağbanlar kəndi ərazisində məskunlaşıblar. O ağır, çox çətin günlərdən düz 78 il keçib. Deportasiyaya məruz qalan soydaşlarımız arasında xoşbəxtlikdən sağ qalanlar, yaşlı, ahıl insanlar da var. Məsələn, Bahar Əhmədova adlı ahıl ağbirçək bir xanımın bu günlərdə 97 yaşı tamam olub. Vedidəki doğma ata ocağından ailəsi ilə birlikdə zorla çıxarılarkən isə Baharın cəmi 9 yaşı olub. Bahar xalanın yaddaşı çox yaxşıdır, o dövrdə ailələrinin başına gətirilən müsibətləri hələ də unutmayıb.
Bahar xala ilə tez-tez görüşürəm. Mən 1984-cü ildə Naxçıvanda ezamiyyətdə olarkən oradan Vediyə getmişdim. Oralar, həqiqətən, olduqca füsunkar, necə deyərlər, cənnət kimi gözəl yerlərdir. Bahar xala Vedidə gördüklərimi ona danışmağı dönə-dönə xahiş edir. Deyir ki, Rəfiqə, qızım, sən xoşbəxt insansan ki, babalarının yurdu Vedini öz gözlərinlə görübsən. Bu sözləri söyləyən zaman Bahar xala adətən çox kövrəlir. Həqiqətən, yurd, torpaq nisgili ağır dərddir.
– Nümayəndəlik Qərbi Azərbaycanla bağlı həqiqətləri adi, sıravi insanlara, xüsusilə də yetişməkdə olan gənc nəslə çatdırmaq istiqamətində hansı işləri görür?
– Alim və ziyalılarımız möhtərəm Prezidentimiz İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycanla bağlı fundamental elmi araşdırmalar aparırlar. Bu mövzuya həsr olunan çoxlu dəyərli elmi, publisistik nəşrlər işıq üzü görür. Belə dəyərli nəşrlərdən biri də “Qərbi Azərbaycan İrsi” kitabının I cildidir. Burada müxtəlif ölkələrin arxiv və kitabxanalarından toplanan xəritələr, peyk görüntüləri, deportasiya olunmuş şəxslərin xatirələri və digər mənbələrdən istifadə olunub. Biz nümayəndəlikdə bu dəyərli nəşrin təqdimatını da keçirmişik.
Biz rayonun ayrı-ayrı müəssisələrində təşkil olunan görüşlər zamanı erməni vandalizminin sivil dünya üçün nə qədər təhlükəli olduğunu uşaq, yeniyetmə və gənclərə izah və şərh etməyə çalışırıq. Bu istiqamətdə Biləsuvar Rayon İcra Hakimiyyəti və YAP-ın rayon təşkilatı ilə birgə maraqlı sərgi və müzakirələr təşkil edirik. Bu barədə yerli və respublika mətbuatında xeyli yazılar dərc olunub.
Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq üçün əhali ilə mütəmadi görüşlər son dərəcə vacibdir. Bu günlərdə yolum hələ 2000-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Biləsuvar rayonunda cəbrayıllı məcburi köçkün ailələri üçün inşa edilmiş qaçqın qəsəbələrinə düşmüşdü. Orada köhnə tanışım olan bir xanım mənə dedi ki, Rəfiqə xanım, Cəbrayılın azad olunması xəbərini eşidəndə özümü dünyanın ən xoşbəxt insanı sandım. Tezliklə doğma kəndim Şıxalıağalıya qayıdacağıq. Allah sizə də Vedidəki doğma yurd yerlərinizə qovuşmağı nəsib etsin! Nə gizlədim, bu sözlərdən çox təsirləndim.
Biləsuvardakı həmin qaçqın düşərgələrinə İkinci Qarabağ müharibəsi veteranı olan oğlum Fəridin maşınında getmişdim. Fəridin sinəsini 44 günlük şanlı savaşda göstərdiyi igidliklərə görə 3 medal bəzəyir. Mən bir ana kimi bundan qürur duyuram. Yolu geri qayıdanda Fərid hiss etdi ki, bir az kövrəlmişəm. Başa düşdü ki, yenə Vedinin dağları yadıma düşüb. Dedi ki, ana, darıxma, o yerlərə də əlimiz çatacaq.
Dedim oğlum, yox, biz ora beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə qayıdacağıq. İlahi ədalət, mütləq qələbə çalacaq!
Söhbətin sonunda qeyri-ixtiyari olaraq dilimdən bu misralar qopdu:
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar.
Burda bir el var idi.
Siz deyin, hanı dağlar?!!
Müsahibim inamla dedi:
– Orada bir el var idi, yenə də olacaq!
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ


