Azərbaycan kinematoqrafiyasının uğurlu nümunələrindən olan “Yeddi oğul istərəm” filmində yaddaqalan səhnələrdən biri Qasımın bayramqabağı hazırlıq zamanı o vaxtın ən məşhur “Cümlə-cahan proletarları, toplaşın!” şüarını divardan asarkən yerli adamlardan birinin yazını hecalayaraq oxuyub “oğlum, proletarları nədir” sualına komsomolçunun “sənsən proletar” cavabı və soruşanın da “mən hara, proletarları hara” deyə təəccüblənməsidir.
Həmin epizodu hər dəfə biri mənə “bəy” deyə müraciət edəndə xatırlayır, müraciət edənin heç bir pis niyyət güdmədiyini bildiyimdən “mən hara, bəy hara?” deyib onu incitmək istəmirəm. Halbuki sual yersiz deyil. Bu gün Azərbaycanda xitab forması həddən çox yanlışlıqlarla doludur. Ən yayğın formalar da kişilərə müraciətdə “bəy” və “müəllim” deyilməsidir. Özlüyündə çox dərin siqləti olan bu sözlər yersiz işlənməklə ucuzlaşdırılır, ilkin, əsl mənaları cılızlaşdırılır.
Yaşımın o məqamına gəlmişəm ki, uşaq vaxtı böyüklər deyəndə anlamadığım, hətta ağız büzdüyüm “bizim vaxtımızda” ifadəsini indi tam hüquqla işlədə bilərəm. “Bizim vaxtımızda belə deyildi” deyənlər cismən sağ olsalar da, artıq dəbi dəyişdirmək, ona yön vermək iqtidarında olmadıqlarını elə minnətlə deyirlər ki, sanki “onların vaxtında” hər şey güllük-gülüstanlıq olub və onlar da bu gülüstanın bağbanı olublar. Yox. Sadəcə indi gördüklərinə etirazın ifadəsindən başqa bir şey deyil bu deyingənlik.
İçində həqiqət payı olan deyingənlik. Belə ki, bizim vaxtımızda bütün kişilər “bəy” deyildi. Daha dəqiq desək, bizim vaxtımızda “bəy” yalnız evlənən gənc idi, vəssalam. Çünki bəylərin kökünü sovet hökuməti, bolşeviklər 1917-ci ildən başlayıb 1937-ci ilə qədər amansızcasına qazımışdılar. Bəy dediyin də birdən-birə yaranmır, göbələk kimi yerdən çıxmır. Bunu deməklə əsil-kökündə bəylik olanları yaralamaq, incitmək niyyətim yoxdur. Həqiqət belədir ki, dövran əsl bəyləri də həyatda yer tuta bilmək üçün öz köklərindən imtina etməyə zorlamışdı. 90-cı illərin əvvəlində, SSRİ dövləti tarixin arxivinə getdikdən sonra dünənki kommunistlərin bu gün birdən-birə bəy olması, hətta televiziya ekranlarına çıxıb “cibimdə partbilet olsa da, daim o quruluşa nifrət edirdim” deməsi ən yüngül ifadə ilə riyakarlıq idi. İndi bunun qeybətini etməyə dəyməz. Müstəqilliyin ilk illərində də “bəylər” bir yandan rəğbət doğursalar da, digər yandan bu xitabın ucuzlaşmasında az rol oynamadılar. Sərhədlər açılandan, türk qardaşlarımızla ünsiyyət artdıqdan sonra da bəylərin sayı çoxalmağa başladı. Halbuki bu gün Türkiyədə “bəy” xitabının ünvanı olanlar “sıravi” vətəndaşlardan fərqlənirlər. Azərbaycanda və respublikadan kənarda yaşayan azərbaycanlılar arasında isə ucdantutma hamıya bəy, ya da müəllim demək bir “pandemiya” halına gəlib.
Bizim vaxtımızda bəy də yox idi, çobana, mühəndisə, çilingərə müəllim deyilmirdi, kişilər görüşəndə öpüşmürdü. Yeri gəlmişkən, bu kişi öpüşünü də dəbə salan elə SSRİ dövlətinin Stalindən sonra ən uzunömürlü başçısı olmuş Brejnev idi. Biz tələbə olan vaxt, keçən əsrin ikinci yarısında, kişilərin (yaşlı, cavan) rastlaşanda görüş şəkli əl sıxmaq idi. Görüşərkən əl sıxmanın öz anlamı var.
Kişilər yalnız sağ əllə görüşərlər. Bu, solaxaylar istisna olmaqla insanların işlək əlinin (silah tutan, yumruq vuran və s.) sağ əl olduğuna görədir və sağ əllə bir-biri ilə görüşənlər hətta küsülü olanda belə xoşniyyətli olduqlarını, silahsız gəldiklərini nümayiş etdirmişlər. Təsadüfi deyil ki, indi də diplomatik protokollarda aralarında hüsumət olan liderlərin görüşündə əsas diqqətçəkən məqamlardan biri onların əl verib görüşmələridir.
Sözün qısası, gündəlik davranışımızda rast gəldiyimiz bəzi etiket qaydalarının düzəlişə ehtiyacı var. Tanımadığın adama ilk görüşdə “qardaş” deyə müraciət etmək hər adamın cəsarət edəcəyi xitab deyil. Halbuki dinimiz də, əxlaqımız da “hər kəs bir-birinə qardaşdır” məfkurəsini təbliğ edir. Belə olduğu halda, “eloğlu”, “dost”, “əmioğlu” kimi, gənclərin yaşlılara “əmi”, “dayı” kimi, yaşlıların gənclərə “bacıoğlu”, “qardaşoğlu” kimi uzun illərdən bəri dilimizdə işlənən ifadələrlə müraciət etməsində nə nöqsan var? Televiziya verilişlərinə dəvət olunan adamlara adı ilə, ixtisasına, peşəsinə görə müraciət etmək daha düzgün olar. Məsələn, həkimə müəllim demək nə dərəcədə doğrudur? Aşıq, xanəndə, usta, ustad, sənətkar kimi onlarca müraciət forması var ki, yerinə görə işlədilsə peşəyə, sənətə münasibəti də dəyişər.
Əlbəttə, bəlli bir zümrə də var ki, onlardan danışmamaq olmaz. Son vaxtlar teleməkanlarda, xüsusən şou proqramlarında özünə “yer tutmuş” “həci” ifadəsi. Həm də “hacı” yox, məhz “həci” şəklində. İmanlı insanların, ziyarəti həyatının mənası kimi qəbul edib bütün günahlardan uzaq duran insanların etiqadlarına hörmət boynumuzun borcudur və Tanrıdan ziyarətlərinin qəbul olunmasını diləyirik. Amma söhbət həcc ziyarətini turist səyahətinə çevirib adının kimlərəsə sponsorluq edən “xeyriyyəçi” kimi yerli-yersiz hallanmasına izin verən “dindarlardan” gedir. Bu məsələnin dərininə getmədən son vaxtlar televiziya məkanında işartısı görünən islahatlara çox ümid bəslədiyimi dilə gətirmək istəyirəm ki, “həci sponsoru ilə öyünən müğənnikimilər” də keçmişdə qalsınlar.
Dilimizin təmizliyinə, səlisliyinə çalışdığımız kimi müraciət formalarının da fərqlənməsinə, minillərdən bəri cilalanmış əxlaq qaydalarının itməməsinə fikir vermək təkcə yazarların, jurnalistlərin deyil, hər bir ziyalının borcu olmalıdır.
Cəfər SADIQ
tərcüməçi-jurnalist
Moskva

