Azərbaycann Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi , Özbəkistanın “Hunarmand” Assosiasiyası və Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyinin birgə təşkilatçılığı ilə Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı tədbir çərçivəsində sərginin açılışı olub, ustad dərsləri keçirilib.
AMM-nin direktoru Akif Marifli bildirib ki, bu kimi layihələr Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. O qeyd edib ki, bu formatda ustad dərslərinin təşkili və sənətkarların birgə yaradıcılıq prosesində iştirakı ilk dəfədir həyata keçirilir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Direktor vurğulayıb ki, ornament və naxışlar xalqların tarixi yaddaşını və milli kimliyini əks etdirən mühüm mədəni kodlardır.
“Hunarmand” Assosiasiyasının sədri Rasuljon Mirzaahmedov çıxışında tədbirin sənətkarlar arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, bu cür platformalar ustalar arasında təcrübə mübadiləsinə şərait yaradır və milli sənət ənənələrinin qorunmasına xidmət edir.
Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyi direktorunun müavini Zuxra Xolikova isə bu kimi təşəbbüslərin muzeylər və sənətkarlar arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayaraq belə layihələrin davamlı xarakter daşımasının vacibliyini qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Mədəniyyət laboratoriyası” layihəsi çərçivəsində “Ornamentin dili” adlı ustad dərsləri zamanı Azərbaycan və Özbəkistanın dekorativ-tətbiqi sənət ənənələri canlı şəkildə nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycanı təmsil edən sənətkarlar tərəfindən müxtəlif istiqamətlər üzrə ustad dərsləri keçirilib. Xalçaçı-rəssam, miniatür ustası Ağasadıq Süleymanov ənənəvi xalçaçılıq sənətinin incəliklərini nümayiş etdirərək toxuculuq prosesini əyani şəkildə təqdim edib, eyni zamanda miniatür sənəti üzrə ustad dərsi keçirib.
Oyma sənəti ustası Tofiq Əliyev ağac üzərində oyma texnikasını canlı şəkildə göstərərək bu sənətin xüsusiyyətlərini izah edib. Battal ebru texnikası üzrə sənətkar Sevinc Əliyeva su üzərində rəsm sənətinin mərhələlərini nümayiş etdirib, keramika ustası Ruhəngiz Bağırova isə dulusçuluq prosesini praktiki şəkildə təqdim edərək ənənəvi keramika nümunələrinin hazırlanma qaydaları ilə iştirakçıları tanış edib.
Tədbirdə həmçinin Özbəkistanın sənət ustaları Nasiba Satiboldiyeva, Bibisora Rahmatullayeva və Şuxrat Ahmednazarov iştirak edərək öz əl işlərini təqdim edib, milli dekorativ-tətbiqi sənət ənənələrinin xüsusiyyətlərini nümayiş etdiriblər.
Ustad dərsləri zamanı hazırlanmış və nümayiş etdirilmiş sənət nümunələri əsasında sərginin açılışı baş tutub. Sərgidə Azərbaycan və Özbəkistanın dekorativ-tətbiqi sənət nümunələri, milli ornamentlər və ənənəvi sənət əsərləri təqdim edilib.
Tədbir yerli ziyarətçilərlə yanaşı, Daşkəndə səfər edən çoxsaylı xarici qonaqlar və turistlər tərəfindən də böyük maraqla qarşılanıb. Xarici ziyarətçilər təqdim olunan sənət nümunələri ilə yaxından tanış olaraq Azərbaycan və Özbəkistanın zəngin mədəni irsi barədə ətraflı məlumat əldə ediblər.
Tədbirin bədii hissəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ zəfəri” rəqs ansamblı və “Xarıbülbül” teatr truppasının üzvləri tərəfindən musiqili və səhnə çıxışları təqdim olunub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd







