General Ross: ABŞ-a vahid antidron sistemi lazımdır

post-img

Keçən il keçirilən hərbi təlimlər zamanı Pentaqon Florida ştatındakı hərbi bazalardan birində Ukraynanın “Hörümçək toru” əməliyyatını imitasiya edib. Təlimlərin nəticəsi göstərib ki, ABŞ hərbi bazaları da bu cür hücumlardan Rusiya bazaları qədər zəif qorunur - yəni faktiki olaraq yetərincə müdafiə olunmur. Bu barədə ingilisdilli Defense One nəşri yazır.

Pentaqonun pilotsuz uçuş aparatlarına qarşı mübarizə mərkəzinə rəhbərlik edən briqada generalı Mett Rossun sözlərinə görə, ssenari üzrə hücum zamanı kiçikdən böyüyə qədər geniş çeşiddə dronlardan istifadə olunub. Onların arasında radioelektron maneələrə davamlı, həmçinin optik liflə idarə olunan pilotsuz aparatlara da yer verilib.

Qeyd olunur ki, bu sınaq Rusiya-Ukrayna müharibəsinin real şəraitinə uyğunlaşdırıldığı üçün Pentaqonun indiyədək dronlara qarşı keçirdiyi testlərdən ciddi şəkildə fərqlənib.

Florida təlimləri göstərib ki, ABŞ ordusunun dron əleyhinə bölmələrinə uzaqmənzilli radarlar, kəşfiyyat dronları və lokal müdafiə sistemlərindən gələn məlumatları bir mərkəzdə birləşdirən vahid idarəetmə sistemi lazımdır.

General Ross bildirib ki, təlimlər ilk növbədə uzaqmənzilli dron təhlükəsinə fokuslanmağın vacibliyini ortaya qoyub. Belə dronlar komanda-idarəetmə məntəqələri, logistika infrastrukturu və hava hücumundan müdafiə sistemləri kimi yüksək prioritetli hədəflərə zərbə endirə bilər. Daha kiçik dronlara qarşı isə ABŞ bahalı zenit raketləri əvəzinə, daha ucuz başa gələn dron-tutucu sistemlər hazırlamalıdır.

Ross əlavə edib ki, Müdafiə Nazirliyi artıq bəzi belə sistemləri satın alıb və onların inteqrasiyasına başlayıb. Son altı həftə ərzində bu problemin həlli, xüsusilə yeni zenit dron texnologiyalarının sürətli tətbiqi üçün 600 milyon dollardan çox vəsait ayrılıb.

Bundan əvvəl UNIAN yazmışdı ki, Ukrayna hərbçiləri ilk dəfə Almaniyaya təhsil almaq üçün deyil, alman əsgərlərini hazırlamaq üçün gediblər. Ukraynalı təlimatçılar Bundesver əsgərlərinə dronlara qarşı mübarizə və hücum əməliyyatlarında pilotsuz aparatların istifadəsini öyrədirlər. Almaniyada bu təlimlərin təcili xarakter daşıdığı və 2029-cu ilə qədər Rusiyadan mümkün təhlükə ilə əlaqələndirildiyi vurğulanır.

Bundan başqa, Britaniya zabitlərindən biri də Böyük Britaniyada keçirilən təlimlər zamanı ukraynalı hərbçilərin yalnız öyrənmədiyini, həm də öz döyüş təcrübələrini britaniyalı instruktorlarla bölüşdüyünü bildirib.

S.ELAY

XQ

Dünya