Azərbaycan-Ukrayna: prinsipial yanaşma və humanitar dəstək amili

post-img

Rəsmi Bakı üçün 5 əsas məqam

Ukrayna ilə münasibətlər müstəqillik dövrü Azərbaycanının xarici siyasət strategiyasında xüsusi əhəmiyyətə malikdir. Bu münasibətlər dövrün və zamanın sınağından çıxmaqla, geniş məzmun və diapazon qazanıb. Ölkəmiz hər zaman mövcud trayektoriyaya sadiq qalaraq, əlaqələrin inkişafı naminə böyük səylər göstərib. 

Azərbaycan xarici aləmə münasibətdə beynəlxalq hüquqa, özünün balanslı siyasət kursuna, habelə bəşəri dəyər və normalara uyğun prinsipial xətt nümayiş etdirib. Bu xəttin mühüm halqasını münaqişədən əziyyət çəkən regionlara və xalqlara dəstək məntiqi təşkil edir. Axı ölkəmiz və xalqımız uzun illər müharibənin törətdiyi çətinlik və məşəqqətlərinə qatlaşıb, çeşidli bədii əsərlərə sığmayacaq insan faciələri yaşayıb. 

Bütün bunlara görə hazırda Ukraynanın düşdüyü durumun ağırılığı hər birimiz üçün həssas mahiyyət daşıyır. Ona görə də Azərbaycan dövləti bu ölkədən dəstəyini əsirgəmir və hesab edir ki, mövcud yanaşma Bakı-Kiyev münasibətlərinin həm hazırkı axarını müəyyənləşdirən faktordur, həm də gələcək üçün müstəsna mənəvi dividenddir. 

Azərbaycanın Ukraynaya humanitar dəstəyi özünü bir neçə cəhətdən göstərir. İlk növbədə, Ukraynadan olan uşaqların reabilitasiya proqramlarının həyata keçirilməsini vurğulamaq istərdik. Ölkəmiz oxşar problemi yaşamış məmləkət kimi savaşın ilk psixoloji travmasını məhz uşaqların almasının fərqindədir. Onu da deyək ki, yaxın vaxtlarda ukraynalı tələbələrin də Azərbaycanda reabilitasiyasına başlanılacaq.

İkincisi, məlumdur ki, müharibə Ukraynanın enerji sistemini sıradan çıxarıb və müvafiq olaraq durum humanitar çətinliklərə yol açıb. Hazırda ölkədə mülki şəxslər, xəstəxana və digər səhiyyə müəssisələri ciddi əziyyət çəkirlər. Ona görə də Azərbaycan Ukraynaya elektrik generatorları göndərib. 

Üçüncüsü, müharibə şəraitində cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri arasında təmasların sabit saxlanılması son dərəcə böyük əhəmiyyətə malikdir.  Bu, psixoloji və mənəvi durumun, ümumən insanlığın xarakterinin sarsılmaması baxımından vacibdir. Ukraynada isə böyük Azərbaycan diasporu fəaliyyət göstərməkdədir və bu diasporun nümayəndələri Ukrayna cəmiyyətinin fəal ictimai industriyası kimi çıxış etməkdədirlər. Deməli, Azərbaycanın ölkəyə humanitar dəstəyinin daha bir səbəbi məhz bununla əlaqədardır. 

Dördüncü məqam. Azərbaycan həm müharibədən əziyyət çəkmiş, həm də savaş sonrası mina terroru ilə üzləşmiş ölkədir. Elə bir terrorla ki, indinin özündə də onun fəciələrini yaşamaqdayıq və bu cəhət dəstək presedenti yaradır. Dəstək üçün isə bəlli potensial var. Nəzərə alaq ki, Azərbaycan minatəmizləmə işində böyük təcrübəyə malikdir. O təcrübə ki, hazırda institsional xarakter almaqdadır. Yəni, Ukrayna ilə minatəmizləmə işindəki təcrübə bölüşülür, həm də Azərbaycan ölkəyə müvafiq avadanlıq verir. Bu zaman isə mina terroru qurbanlarının günahsız mülki əhali ola bilmə ehtimalının böyüklüyü əsas götürülür. 

Azərbaycanın Ukraynaya humanitar dəstəyi xüsusundakı beşinci məqamdan söz açarkən, ölkəmizin bərpa və quruculuq sahəsində də dünyada unikal təcrübəyə malik olduğunu vurğulamalıyıq. Əlbəttə, Ukraynada hələ müharibə davam edir, ancaq gələcəkdə Bakı Kiyevlə bərpa və quruculuq layihələrinin reallaşdırılmasındakı geniş potensialını bölüşə bilər. 

Sonda bir məqamı da diqqətə çatdıraq. Əslində, bu barədə əvvəldə söz açdıq və bildirdik ki, ölkəmiz beynəlxalq hüquq prinsiplərini əsas götürür. Bu prinsiplərin özəyində ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı dayanır. Azərbaycan da özünün fundamental baxışına əsasən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ancaq bu, heç də o demək deyil ki, rəsmi Bakı Ukrayna ilə Rusiya arasındakı münaqişədə hansısa formada iştirak edə bilər. Kiyevə dəstəyimiz hərbi komponentlərdən tamamilə uzaqdır. 

Digər tərəfdən, problem yaşayan ölkələrlə eyni, bərabərhüquqlu şəkildə əlaqələri inkişaf etdirməyin müasir nümunəsinə çevrilmiş, vaxtilə yaşanmış Moskva-Tbilisi ziddiyyətləri fonunda real təcrübəyə malik Azərbaycan Rusiya ilə də əlaqələrini gələcəyə daşıyır. Ölkəmiz həmişə özünə dost məmləkətlər arasında yaxınlıq münasibətlərinin inkişafını təşviq edir və bu səbəbdən Rusiya-Ukrayna müharibəsinin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Ölkəmiz özünü danışıqlar platforma kimi irəli sürür ki, bu, eyni zamanda, dövlətimizin humanitar anlayışlar kriteriyalarının genişliyindən qaynaqlanır.

Ə.RÜSTƏMOV,

XQ

Siyasət