Hörmüz – dünya iqtisadiyyatının boğazı bağlı qalarsa...

post-img

İki aydır ki, dünya siyasətçilərinin, politoloqların, iqtisadçıların və ekspertlərin dilindən düşməyən və az qala bütün beynəlxalq medianın gündəmini zəbt edən bir ifadə var – Hörmüz boğazı. Bu gün dünya bazarının boğazında “ilan tıxı”na çevrilib, onlarla ölkənin iqtisadiyyatını fəlakətə sürükləyən Hörmüz boğazı yüksək texnologiyalar əsrini yaşayan bəşəriyyət üçün nədən bu qədər mühümdür? 100 il əvvəl neft və neft məhsullarının daşınmasında etibarlı tranzitə çevrilən Hörmüz boğazı necə və niyə dünyanın ən vacib su yollarından biri olub? Nədən bu boğazda hər hansı səbəbdən “tıxac” yarananda dünya bir-birinə dəyir?

Dünya mətbuatı bu sualların qısa cavabını belə verir: “Enerji qiymətləri və Avropa və Asiyanın onlarla ölkəsinin iqtisadiyyatı Hörmüz boğazının daimi və normal işləməsindən çox asılıdır”. Təkcə enerji qiymətlərimi, yalnız Asiya və Avropa ölkələrindəmi? Bu cavab heç də boğazın qlobal bazar üçün nə qədər vacib olduğunu tam izah etmir. Bu səbəbdən məsələnin tarixi, geosiyasi və iqtisadi aspektlərini bir qədər ətraflı araşdırmaq qərarına gəldik.

Hörmüz boğazı: tarix nə deyir?

Fars körfəzi ilə Oman körfəzi (Hind okeanının bir hissəsi) arasında yerləşən dar Hörmüz boğazı Ərəbistan dənizi vasitəsilə Fars körfəzindən Hind okeanına gedən yeganə dəniz yoludur. Boğaz Şimal sahili ilə İranı Omandan ayırır və Birləşmiş Ərəb Əmirliklərinin ərazi suları ilə həmsərhəddir.

Bir əsrə yaxındır ki, Hörmüz boğazı Bəhreyn, İraq, İran, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dən Asiya bazarlarına neft və mayeləşdirilmiş təbii qazın əsas tranzit yoludur. Neft trafikinin 25 faizinin və mayeləşdirilmiş təbii qazın (LNG) 20 faizi bu boğazın payına düşür. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2025-ci ildə hər gün Hörmüz boğazından təxminən 20 milyon barel neft daşınıb. ABŞ və İzrailin defakto İrana qarşı apardığı müharibədən əvvəl hər ay Hörmüz boğazından təxminən 3 min gəmi keçirdi. Amma bu hələ sonra baş verəcəkdi...

* * *

Coğrafi aspektləri: Dərinliyi 70-200 metr olan boğazın uzunluğu təxminən 195 kilometr, eni isə 97 kilometrdən 33 kilometrə qədər dəyişir. Buna baxmayaraq, gəmiçiliyin hərəkəti üçün olan zolaqlar xeyli dardır və hər biri təxminən 3 kilometr enində olan iki dəhlizdən ibarətdir. Onlar 5 kilometrlik bufer zonası ilə ayrılır. Gəmilər Fars körfəzinə bir marşrutla daxil olur və digər marşrutla oradan çıxırlar. Pik dövrlərdə qonşu gəmilər arasındakı interval altı dəqiqəyə qədər ola bilirdi.

Boğazın hər iki tərəfində on iki dəniz mili və ya təxminən 22 kilometr hazırda İran və Omanın ərazi sularına aiddir. Bu, onlara BMT-nin 1982-ci ildə qəbul etdiyi Dəniz Hüququ Konvensiyası çərçivəsində verilən hüquqdur. Boğazın ən dar nöqtəsində bu zonalar kəsişir və su sahəsi 1974-cü il sərhəd müqaviləsində nəzərdə tutulduğu kimi, iki ölkə arasında orta xətt boyunca bölünür. Boğazdan keçərkən xarici gəmilər bu dövlətlərin ərazi sularından keçirlər.

Bundan əlavə, İran Qeşm, Hörmüz, Larak, Həndqam, həmçinin BƏƏ-nin iddia etdiyi mübahisəli Əbu Musa, Böyük və Kiçik Tunb adalarına sahibdir. Artıq xeyli müddətdir ki, bir neçə adada İranın hərbi bazaları və gəmi əleyhinə raketləri yerləşir ki, bu da Tehrana boğaza, fiziki olaraq, nəzarət etmək imkanı verir.

Maraqlıdır, bəs boğaz kimə məxsusdur?

Hörmüz boğazı formal olaraq heç kimə məxsus deyil. BMT-nin Dəniz Hüququ Konvensiyası Hörmüz boğazını beynəlxalq marşrut kimi müəyyən edib: hərbi gəmilər də daxil olmaqla, bütün gəmilərin boğazdan tranzit keçid hüququ var və sahil ölkələrinin onları bağlamaq və ya birtərəfli şəkildə gəmiləri dayandırmaq hüququ yoxdur. Reallıqda isə məsələ daha mürəkkəbdir.

1930-cu illərdə Fars körfəzində nəhəng neft yataqları aşkar edildi. O vaxtdan başlayaraq Hörmüz boğazı qlobal əhəmiyyət daşımağa başladı. Bu onillikdə iki hadisə baş verdi: Fars dövləti rəsmi olaraq İran dövləti oldu və bölgədəki Britaniya hökmranlığına son qoymaq üçün donanma yaratmağa başladı.

1951-ci ildə “neft əsrinin” ilk böyük münaqişəsi baş verdi. İranın Baş naziri Məhəmməd Müsəddiq İran neftini milliləşdirdi. Buna cavab olaraq, Böyük Britaniya öz donanmasını göndərdi və İran iqtisadiyyatını boğmaq üçün Hörmüz boğazını, faktiki olaraq, blokadaya aldı.

Karter doktrinası: XX əsrin ortalarından bəri Hörmüz boğazı vaxtaşırı təkrarlanan münaqişələr nöqtəsinə çevrildi. 1980-ci ildə İranda hakimiyyət dəyişikliyinə səbəb olan İslam inqilabından sonra isə ABŞ prezidenti Cimmi Karter xüsusi doktrina elan etdi. Tarixə “Karter doktrinası” adı ilə düşən bu sənədlə bəyan olundu ki, hər hansı xarici gücün Fars körfəzi üzərində nəzarət yaratmaq cəhdi ABŞ-ın milli maraqlarına birbaşa təhdid kimi qəbul ediləcək. Bununla da boğaz “Soyuq müharibə” dövründə qlobal qarşıdurmanın əsas nöqtəsinə çevrildi.

1980-ci ildə İran-İraq müharibəsi başladı və 1988-ci ilə qədər davam etdi. Bu, Hörmüz boğazı uğrunda mübarizənin ilk qaynar mərhələsi idi. 1984-cü ildən 1988-ci ilə qədər olan dövr isə tarixə “Tanker müharibəsi” kimi düşdü. İran və İraq bir-birinin tankerlərinə və boğazdan keçən digər gəmilərə hücum etdilər. Münaqişə həmçinin sahil neft daşınması infrastrukturunu da əhatə edirdi. Hər iki tərəfə məxsus 239 neft tankeri zədələnsə də, boğazdan keçən gəmiçilik davam edirdi.

Müharibə dövründə – 1982-ci ildə BMT Hörmüz boğazının statusunu müəyyən edən Dəniz Hüququ haqqında Konvensiya qəbul etdi və bununla da boğaz açıq dənizlərin bir hissəsi (Hind okeanı) ilə digər hissəsi (Fars körfəzi) arasında naviqasiya üçün istifadə edilən beynəlxalq boğaz kimi tanındı. Bu isə o demək idi ki, bütün dövlətlər Hörmüz boğazından tranzit keçid hüququndan istifadə edir və sahilyanı ölkələrin (İran və Oman) bu keçidə maneə törətmək, onu məhdudlaşdırmaq və ya dayandırmaq hüququ yoxdur.

Lakin İran BMT-nin Dəniz Hüququ Konvensiyasını imzalasa da, sənəddə göstərilən xarici hərbi gəmilərin boğazdan keçməsinə icazə verən müddəalarla razılaşmadığını bildirərək, konvensiyanı ratifikasiya etməyib. Elə ABŞ özü də bu konvensiyanı ratifikasiya etməyib. Formal olaraq, bu o deməkdir ki, ABŞ və İran üçün konvensiyanın müddəaları məcburi müqavilə normaları deyil və ölkə daxilində heç bir qüvvəsi yoxdur. Bu da, indiki məqamda, İrana boğazın hüquqi rejimini öz xeyrinə təfsiri üçün rəsmi bəhanə verir.

Digər tərəfdən, Tehran 1993-cü ildə Hörmüz boğazı ilə bağlı qəbul etdiyi daxili qanunu çərçivəsində fəaliyyət göstərir. Ölkənin bu normativ aktında İranın ərazi sularında yalnız xarici gəmilərin “dinc keçidinə” icazə nəzərdə tutulur. Fövqəladə və ya hərbi təhlükə yarandıqda, Tehran boğazı bağlamaq və xarici hərbi gəmilərin keçidi üçün təsdiq tələb etmək hüququnu özündə saxlayır.

1988-ci ildə Amerika freqatı İran minasına dəyəndə boğazın sularında İranla ABŞ arasında qarşıdurma başladı. Buna cavab olaraq, ABŞ Hərbi Dəniz Qüvvələri “Praying Mantis” əməliyyatına başladılar və İranın 2 neft platformasına hücum etdilər. Eləcə də İranın 2 freqatını və bir neçə kiçik gəmisini məhv etdilər. Elə həmin il ABŞ-ın “Vincennes” hərbi kreyseri Hörmüz boğazı üzərindən uçan Airbus A300 sərnişin təyyarəsini qırıcı təyyarə ilə səhv salaraq vurdu. Qəza nəticəsində 298 sərnişin və heyət üzvü həlak oldu.

2000-ci illərin ikinci yarısında boğazda gərginlik yenidən artdı. Bu isə bilavasitə İranın uran zənginləşdirməsi şübhəsi ilə ona qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə bağlı idi. 2008-ci ilin yanvar ayında beş İran patrul gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə 200 metr yaxınlaşdı və ABŞ bunu təxribat kimi qiymətləndirdi.

4 il sonra İran boğazda böyük hərbi təlimlər keçirdi və ABŞ-la AB-nin sanksiyalarına cavab olaraq, gəmiləri saxlayacağı ilə hədələdi. ABŞ administrasiyası buna boğazın bağlanmasını keçilə bilməyən “qırmızı xətt” elan etməklə cavab verdi. Buna baxmayaraq, İran sonradan dəfələrlə xarici gəmilərin su yolundan keçməsinə mane oldu və boğazda onlarla oxşar hadisə qeydə alındı. 2018-ci ilin may ayında Vaşinqton nüvə sazişindən çıxdıqdan və Tehrana qarşı sanksiyaları yenidən tətbiq etdikdən sonra vəziyyət daha da pisləşdi.

İran hökuməti dəfələrlə - həmçinin 2011, 2018 və 2025-ci illərdə boğazı bağlaya biləcəyini bəyan edib. Sonuncu hadisə isə İsrailin İrana qarşı “Kükrəyən Aslan” əməliyyatının başlaması ilə əlaqələndirilirdi. Lakin Tehran heç vaxt təhdidlərini gerçək olaraq axıra qədər yerinə yetirmirdi. Vəziyyət 28 fevral 2026-cı ildə İsrail-ABŞ hərbi qüvvələrinin İrana qarşı birgə əməliyyata başlaması ilə dəyişdi. Martın 4-də İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazına tam nəzarəti ələ keçirdiyini elan etdi.

Regionda baş vermiş bu hadisə elə ilk gündən dünya iqtisadiyyatında, xüsusilə enerji bazarında fırtınaya səbəb oldu. İndi dünya iqtisadiyyatını sarsıdan təkcə enerji bazarındakı qiymətlərin sürətli artımı deyil. Eyni zamanda, bu hadisələrin uzanacağı təqdirdə, bunun Avropa və Asiya ölkələrinin enerji resurslarından asılı olan sənayelərinin çöküşü və dünya iqtisadiyyatını resessiyaya sürükləyəcəyi ilə bağlı qorxulu proqnozların özlərini doğrultmaqda olmasıdır.

Faktlara diqqət edək: Bu gün Hörmüz boğazından hansı ölkələr daha çox neft alır?

Əlbəttə, Asiya dominant alıcıdır. Bu regiondakı ölkələr Hörmüz boğazından keçən bütün xam neft və kondensatın 89,2 faizini alır. Bu, regionun iqtisadiyyatını boğazdakı hər hansı bir pozuntuya qarşı son dərəcə həssas edir. Amma məsələ heç də Asiya ölkələri ilə bitmir. Dünya bazarında neftin qiyməti sürətlə artır.

2025-ci ilin birinci rübü etibarilə Hörmüz boğazı qlobal neft ticarətinin 26,6 faizini təşkil edirdi. Buna görə də boğaz vasitəsilə tədarük zəncirinin qırılması və ya hər hansı azalma neft qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Rəqəmlərə diqqət edək:

• Yanvar-fevral ayları arasında Brent markalı xam neftin qiyməti 1 barel üçün 61 dollardan 72 dollara, Urals markalı xam neft isə 41 dollardan 50 dollara yüksəldi.

• Açıq münaqişə 28 fevralda başladı. 12 marta qədər artıq Brent markasının 1 bareli 100 dollarlıq psixoloji baryeri aşmışdı. Urals markalı xam neft həmin vaxt 96 dollar idi.

• Neftin qiymətləri artmağa davam etdi və mart ayının sonunda qiymət 126 dollara çatdı - bu, tarixdə ən böyük aylıq artımdır.

• Rusiyanın Urals markalı xam nefti də 13 il ərzində ən yüksək səviyyəyə çatdı və 1 barel üçün 116 dolları keçdi. 8 apreldə ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması və Hörmüz boğazının açılması xəbərindən sonra Brent markalı xam neftin qiyməti 14 faizə düşərək 1 barel üçün 94 dollara düşdü.

Buradan aydın görünür ki, Hörmüz boğazı bütün bu dövrdə neftin qiymətlərinin tənzimlənməsində nə qədər böyük əhəmiyyətə malikdir. Sual oluna bilər ki, təkcə neftinmi? Əlbəttə, yox.

Qlobal neft və neft məhsulları trafikinin dörddəbirini təşkil etməklə yanaşı, Hörmüz boğazı qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin də beşdəbirini təşkil edir.

Təbii ki, zərərçəkən təkcə neft və qaz alan dövlətlər deyil. Tədarükçü ölkələr, bilavasitə Fars körfəzinin neft və qaz ixracatçıları da bu fəlakətin fəsadlarını ciddi şəkildə hiss edirlər. Çünki Hörmüz boğazından ixrac edilən neft və qaz məhsullarının ümumi həcminin 93,6 faizi fars körfəzi ölkələrinin payına düşür.

Faktlara nəzər salaq:

• Səudiyyə Ərəbistanı boğaz vasitəsilə ən böyük ixracatçıdır (37,2%). Qırmızı dənizə alternativ boru kəmərlərinin mövcudluğuna baxmayaraq, bu ölkənin ixracının əksəriyyəti Hörmüz boğazından keçir.

• İraq 22,8 faiz payla ikinci yerdədir. İraq üçün boğaz, demək olar ki, yeganə ixrac yoludur.

• BƏƏ – 12,9 faiz, İran – 10,6 faiz və Küveyt– 10,1 faizlə ilk beşliyi tamamlayır. Küveyt və İran üçün boğaz həm də neftlərini qlobal bazara çatdırmaq üçün vacib bir arteriyadır.

Sadəlövh insanlar düşünürlər ki, niyə bu daşımalar Hörmüz boğazından yan keçməklə həyata keçirilmir? Doğrudur, indi neft tədarükünü qorumaq üçün Fars körfəzi ölkələri alternativ daşıma üsullarını fəal şəkildə tətbiq etməyə başlayıblar. Lakin bunların hər biri tanker daşımalarından xeyli az səmərəlidir.

Bütün bunlardan sonra və regionda davam edən gərginlik, müharibənin yenidən alovlanacağı fonunda, dünyanın hansı sarsıntılarla qarşılaşa biləcəyi də az maraq doğurmur.

Bu həftə, ABŞ və İran arasındakı gərginliyin zəifləməsi fonunda, fond bazarlarında artma qeydə alındı və neftin qiymətləri düşdükcə, dünyanı sarsıdan enerji şokunun tez bir zamanda səngiyəcəyi və qlobal iqtisadiyyatın tənəzzülə yuvarlanma ehtimalı azalmağa başladı.

Lakin bu nikbinlik uzun sürmədi. Ötən şənbə günü İran ordusu Hörmüz boğazında məhdudiyyətlərin yenidən tətbiq olunduğunu elan etdi və bu vacib su yolunun statusunu şübhə altına aldı.

Bu qeyri-müəyyən vəziyyət, görünən sakitliyin arxasında tamamilə fərqli bir reallığın olduğunu göstərir: pozulmuş təchizat zəncirləri və zədələnmiş infrastruktur - bunların hamısı enerji istehsal, nəql və istehlak edənlər arasında artan narahatlığa səbəb olur. Narahatlıq isə səbəbsiz deyil.

Hörmüz boğazının blokadasından danışarkən, biz bilavasitə neft və onun qiymətini qeyd edirik. Amma təkcə bununla məsələ bitmir. Boğazın bağlanması üzündən dünyada ehtiyatları tükənən daha mühüm bir məhsul var - helium. Bu, dünya mediasının nadir hallarda bəhs etdiyi bir qazdır. Adi insan üçün bu, uşaqların ad günü şarlarının doldurulması vasitəsi kimi yada düşür. Lakin məsələ daha ciddidir. Bu qaz olmadan çip istehsalı yavaşıyır, laboratoriyalar işləmir. Müasir tibbi avadanlıqların və qabaqcıl texnologiyaların çox hissəsini helium enerji ilə təmin edir. Narahatlıq doğuran odur ki, helium yalnız bir neçə ölkədə istehsal olunur və 28 fevraldan bəri diqqətlə izlədiyimiz marşrutla daşınır.

Bu ölkələrdən biri Qətərdir. Hörmüz boğazı Qətər heliumunun Fars körfəzindən çıxıb böyük dünyaya gedən yolun qapısıdır. O, alıcılara Qırmızı dəniz və Süveyş kanalından keçən uzun bir marşrutla çatdırılır. Buna görə də heliumun Hörmüz boğazında bir neçə gün ləngiməsinin yaratdığı stres, neft də daxil olmaqla, bir çox digər məhsulların gecikməsindən yaranan stresdən iki dəfə artıqdır.

Hörmüzün əhəmiyyəti bununla da tamamlanmır. Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı və birinci müavini işləmiş, ötən il bu vəzifəsindən ayrılaraq Harvard Universitetinə professor kimi qayıtmış, ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalının “aparıcı qlobal mütəfəkkirlərdən” biri adlandırdığı Gita Qopinat “Neue Zürcher Zeitung” nəşrinə verdiyi müsahibədə deyir: “İran münaqişəsi staqflyasiya şoku yaradıb: istehsal artımı yavaşıyır və inflyasiya artır. Yalnız neft və qazın deyil, həm də gübrələrin və digər aralıq malların çatışmazlığı üzə çıxıb. Böhranın bir çox nəticələri hələ də ciddi nəzərə alınmır. Məsələn, gübrənin qiymətinin artması təxminən altı ay ərzində ərzaq qiymətlərinə təsir edəcək.

...Etiraf edim ki, dünya miqyasında həyat səviyyəsi növbəti 10 ildə aşağı düşə bilər. Bunun səbəblərini qaydalara əsaslanan qlobal nizamın yaşadığı sarsıntılarda, eləcə də azalan iqtisadi artım templərində görürəm”.

Əlbəttə, Hörmüz boğazının dünya üçün əhəmiyyəti neft, qaz, gübrə və heliumla məhdudlaşmır. Lakin bu kateqoriyadan olan vacib məhsulların Hörmüz boğazından azad keçidə bu gün ciddi ehtiyacı var. Bu azad keçid ən qısa zamanda təmin edilməsə, Tramp və Netanyahunun dünyanı sürüklədiyi böhran təkcə enerji şoku ilə məhdudlaşmayacaq, həm də ən optimist siyasətçilərin, politoloq və ekspertlərin belə hazırda dərk etdiyindən daha çox şeyi əhatə edəcək. Ümumilikdə, bu böhran bəşəriyyətin həyat tərzini tamamilə dəyişə və hətta düşünmədiyimiz proseslərə belə təsir göstərə bilər.

İlqar RÜSTƏMOV,
XQ-nin analitiki



Siyasət