İqtisadi nəzəriyyəni zənginləşdirən alim

post-img

Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi və ölkənin iqtisadi qurumları iqtisad elmləri doktoru, professor Rəşad Muradovun 60 illik yubileyini alimin elmi uğurlarına baxış əlaməti və səmərəli elmi-pedaqoji fəaliyyətinə qədirbilənlik duyğuları ilə qeyd edir. Bu günlərdə tanınmış alimə ünvanlanan təbriklərdə onun mənalı ömür yoluna nəzər salınır, milli iqtisad elminə və ölkədə ali iqtisadçı kadrlar hazırlığına verdiyi töhfələr yüksək qiymətləndirilir.

Rəşad Şahbaz oğlu Muradov 28 aprel 1966-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəb illərində biliklərə dərin marağı, yüksək zəkası ilə seçilən Rəşad iqtisadçı olmaq arzusunu asanlıqla gerçəkləşdirərək 1983-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (keçmiş Xalq Təsərrüfat İnstitutu) daxil olub. 1989-cu ildə perspektivli elmi-pedaqoji kadr kimi məzunu olduğu ali məktəbdə saxlanılıb. Elmi fəaliyyətə tələbəlik illərindən maraq göstərən gənc mütəxəssis 1992-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək “siyasi iqtisad” ixtisası üzrə iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.

Gənc alim sonrakı illərdə tədqiqatlarını daha da genişləndirərək 2003-cü ildə “iqtisadi nəzəriyyə” ixtisası üzrə doktorluq dissertasiyasını da müdafiə edərək 37 yaşında iqtisad elmləri doktoru elmi dərəcəsi qazanıb. O, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin idarəetmənin təşkili kafedrasının professoru elmi adına layiq görülüb. Rəşad Muradovun həmin kafedraya rəhbərliyi dövründə elmi-pedaqoji kollektivin yaradıcı potensialı yüksəlib, bazası güclənib, uğurları çoxalıb. Onun elmi rəhbərliyi ilə 10-dan artıq elmlər namizədi və doktoru hazırlanıb, yeni iqtisadçılar nəslinin yetişməsinə sanballı töhfə verilib.

Rəşad Muradov beynəlxalq akademik mühitdə də fəal iştirak edib, müxtəlif elmi proqramlar çərçivəsində xarici universitetlərdə təhsil və təcrübə keçib. O, 1993–1994-cü illərdə TACİS proqramı çərçivəsində İrlandiya Respublikasının Dublin Universitetində, 1996–1998-ci illərdə isə Niderland Krallığının Amsterdam Universitetində yüksək kurs keçib. Bu təcrübə onun elmi dünyagörüşünün genişlənməsinə, Qərb iqtisadi məktəbləri ilə tanış olmasına və müasir iqtisadi nəzəriyyələrin mənimsənilməsinə önəmli təsir göstərib.

Professor Rəşad Muradov beynəlxalq elmi dairələrdə ardıcıl və məhsuldar iştirakı ilə seçilən alimlərdəndir. O, Türkiyə, Belarus və Rusiya kimi ölkələrdə keçirilən nüfuzlu elmi konfrans və simpoziumlarda müntəzəm olaraq məruzəçi olub, irəli sürdüyü nəzəri yanaşmalar və analitik ümumiləşdirmələri peşəkar elmi ictimaiyyət yüksək qiymətləndirib.

Nəzəriyyəçi alimin çıxışları yalnız elmi nəticələrin təqdimatı ilə məhdudlaşmayıb, eyni zamanda, müasir iqtisadi düşüncənin inkişafına da töhfə verən konseptual müzakirələrin formalaşmasına yönəlib. Bu fəaliyyət alimə beynəlxalq elmi nüfuz gətirib, davamlı akademik əməkdaşlıq platformalarının qurulmasına dəstək qazandırıb.

Gənc yaşlarından ali təhsil sistemində pedaqoji və elmi fəaliyyətlə məşğul olan Rəşad Muradov ömrünün yetkinlik yaşında biznesin idarə edilməsi kafedrasının professoru kimi fəaliyyətini uğurla davam etdirir. Onun elmi maraq dairəsi iqtisadi nəzəriyyənin müasir problemlərinin sistemli təhlilini, milli iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişaf strategiyalarının işlənib hazırlanmasını, bazar iqtisadiyyatına keçid proseslərinin institusional və struktur aspektlərinin araşdırılmasını, idarəetmə və təşkilati strukturların səmərəliliyinin artırılması yollarının müəyyənləşdirilməsini, eləcə də qloballaşma şəraitində iqtisadi inteqrasiya proseslərinin milli iqtisadiyyatlara təsirinin kompleks şəkildə öyrənilməsini əhatə edir.

90-a yaxın elmi əsərin müəllifi kimi professor Rəşad Muradovun elmi irsinə monoqrafiyalar, dərs vəsaitləri, metodik materiallar və çoxsaylı elmi məqalələr daxildir. Bu əsərlər iqtisadi nəzəriyyənin aktual problemlərinin təhlilinə, Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətlərinə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə həsr olunub. Alimin əsərlərindən elmi mühitlə yanaşı, tədris prosesində də geniş istifadə olunur və gənc tədqiqatçılar üçün faydalı metodoloji baza rolunu oynayır.

Dərin zəka və nüfuz sahibi olan iqtisadçı alimimiz Rəşad Muradovun təhsil və elm sahəsində xidmətləri çalışdığı ali məktəbdə yüksək qiymətləndirilib. Nəzəriyyəçi alimin iqtisad elminə verdiyi töhfələr akademik dairələrdə həmişə təqdir edilib. O, Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Ömrünün yeddinci onilliyinə qədəm qoyan Rəşad Muradov Azərbaycan iqtisad elmini inkişaf etdirən, fəaliyyət istiqamətində məktəb formalaşdıran alim kimi tanınır və sevilir. Yubilyar həmkarımızı səmimi təbrik edir, ona ömrünün müdriklik çağında daha böyük uğurlar arzulayırıq.

Məhəmməd ƏLİYEV,
İqtisad Universitetinin professoru,
Əməkdar müəllim,

Zahid MƏMMƏDOV,
iqtisad elmləri doktoru, professor,
Əməkdar müəllim

Mədəniyyət