London–Ankara oxu: Yeni geosiyasi ittifaq formalaşır

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Böyük Britaniyaya səfəri Ankara-London münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində imzalanmış “Strateji Tərəfdaşlıq üzrə Çərçivə Sazişi” iki ölkə arasında hərbi, siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, Avropa İttifaqı xaricində yeni güc mərkəzinin formalaşması ehtimalını gündəmə gətirib.

İki günlük səfərin ilk günündə imzalanan sənədin əhəmiyyəti ondadır ki, bu razılaşma klassik diplomatik protokoldan kənara çıxaraq uzunmüddətli geosiyasi koordinasiya mexanizmi yaradır. Sazişə Britaniya hökuməti adından daxili işlər naziri İvett Kuper də imza atıb. Bu isə Londonun Türkiyəni artıq regional tərəfdaş deyil, strateji dayaqlardan biri kimi gördüyünü göstərir.

Birgə bəyanatda tərəflər bu ittifaqı qlobal çağırışlara adekvat cavab adlandırıblar. Söhbət NATO daxilində koordinasiyanın gücləndirilməsindən, Yaxın Şərqdə təhlükəsizlik əməkdaşlığından, həmçinin xarici işlər, müdafiə və kəşfiyyat strukturları arasında daha sıx əlaqələrin qurulmasından gedir. Bu, faktiki olaraq Ankara ilə London arasında təhlükəsizlik oxunun formalaşdığını göstərir.

Yeni yol xəritəsinin əsas istiqamətlərindən biri müdafiə sənayesidir. Tərəflər 20 ədəd “Eurofighter Typhoon” qırıcısının alınması üzrə danışıqları praktiki mərhələyə keçirir, paralel olaraq süni intellekt, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində birgə platformaların yaradılması planlaşdırılır. Bu əməkdaşlıq Türkiyənin sürətlə inkişaf edən müdafiə sənayesi ilə Britaniyanın texnoloji və maliyyə imkanlarının sintezini nəzərdə tutur.

İqtisadi müstəvidə də yeni mərhələ başlayır. Tərəflər genişləndirilmiş Azad Ticarət Sazişinin hazırlanması barədə razılığa gəliblər. Bu addım ikitərəfli münasibətləri sadəcə ticarət dövriyyəsi çərçivəsindən çıxararaq sənaye kooperasiyası, investisiya və logistika inteqrasiyasına yönəldir.

Bu yaxınlaşmanın siyasi fonu da diqqət çəkir. Türkiyə və Britaniya Avropanın Avropa İttifaqının üzvü olmayan iki ən böyük hərbi və iqtisadi gücüdür. Brüsselin Ankara və Londonu 150 milyard avroluq SAFE müdafiə proqramından kənarda saxlaması, faktiki olaraq, alternativ geosiyasi xəttin sürətlənməsinə səbəb olub.

Bğyük Britaniya üçün bu tərəfdaşlıq post-Brexit dövründə strateji təcridin yumşaldılması vasitəsidir. Eyni zamanda, Vaşinqtonla “xüsusi münasibətlər” əvvəlki eksklüziv xarakterini itirdiyi üçün London yeni dayaqlar axtarır. Bu kontekstdə Qafqazdan Balkanlara qədər geniş təsir imkanlarına malik Türkiyə Britaniya üçün mühüm geosiyasi tərəfdaşa çevrilir.

Türkiyə baxımından isə Britaniya ilə yaxınlaşma Qərb sistemində manevr imkanlarını artırır, müdafiə texnologiyalarına çıxışı genişləndirir və Ankaranın beynəlxalq çəkisini gücləndirir. Xüsusilə son illər regional vasitəçi və hərbi sənaye gücü kimi mövqelərini möhkəmləndirən Türkiyə üçün Londonla ittifaq əlavə strateji dividend deməkdir.

Beləliklə, burada söhbət yalnız iki ölkə arasında münasibətlərin inkişafından getmir. Formalaşan London–Ankara xətti Avrasiya təhlükəsizlik arxitekturasında yeni balans yarada, Avropa daxilində isə Avropa İttifaqı mərkəzli siyasi çəkini nisbi şəkildə zəiflədə bilər. Bu proses yaxın illərdə Qərb daxilində yeni güc bölgüsünün əsas indikatorlarından biri olacaq.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya