Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda öz müstəqil dövlətinin gələcəyini müəyyən edən əsas qanun – Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Bu hadisə milli dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu və xalqımızın demokratik, hüquqi, dünyəvi dövlət qurmaq iradəsini təsdiqlədi.
Konstitusiyanın hazırlanmasında və qəbul edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan bu sənəd müasir dünyanın sivil dəyərlərinə, hüquqi təcrübəsinə və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu barədə demişdir: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”
Müstəqil dövlətin ali hüquqi sənədi kimi Konstitusiya insan hüquq və azadlıqlarının qorunmasını, qanunçuluğun, ədalətin və vətəndaş məsuliyyətinin təmin edilməsini əsas prinsip kimi müəyyənləşdirir.
Konstitusiyanın tətbiqinə nəzarət və onun aliliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkədə hüquqi islahatların dərinləşdirilməsində mühüm rol oynayır.
Bu gün Konstitusiyamız ölkənin ictimai-siyasi həyatında sabitliyin, ədalətin və vətəndaş həmrəyliyinin başlıca təminatçısıdır.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi isə bu əlamətdar sənədin milli və dövlətçilik tariximizdəki əvəzsiz rolunun bir daha təsdiqidir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

