Baş Prokurorluqda kollegiya iclası

post-img

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə cari ildə görülən işlərə və qarşıda duran aktual məsələlərə həsr olunan geniş kollegiya iclası keçirilib.

İclası giriş nitqi ilə açan Baş prokuror bildirib ki, dünyada və regionda müşahidə olunan mürəkkəb geosiyasi vəziyyət fonunda Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə ölkədə ictimai-siyasi sabitliyin qorunması, hüquqi islahatların davam etdirilməsi, iqtisadi inkişafın dayanıqlılığının təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkədə sabitlik təmin edilməklə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb.

Eyni zamanda, prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

İclasda, həmçinin, bu müddət ərzində prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs edilərək xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb.

Daha sonra Geniş Kollegiya iclasının gündəliyinə uyğun olaraq bir sıra aktual məsələlər müzakirə olunub. İclasda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun müavini Heydər Məmmədov məruzə ilə çıxış edib.

İclasa yekun vuran Baş prokuror cari ildə prokurorluq orqanlarının qarşısında duran kifayət qədər məsuliyyətli məsələlərin həlli istiqamətində hər bir prokurorluq əməkdaşının öz bilik və təcrübəsini səfərbər edəcəyinə əminliyini ifadə edib.

 

Son xəbərlər