Aprelin 24-də Dövlət Gömrük Komitəsinin 2026-cı ilin birinci rübü üzrə fəaliyyəti ilə bağlı müşavirə keçirilib.
XQ xəbər verir ki, tədbirin əvvəlində gömrük əməkdaşlarının peşə bayramı ərəfəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə gömrük orqanlarında səmərəli fəaliyyətinə görə yüksək dövlət mükafatlarına layiq görülən gömrük əməkdaşlarına təltifləri təqdim olunub. Təltif olunan əməkdaşlar göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını ifadə edib, hər zaman vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini bildiriblər.
Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov tərəfindən 2026-cı ilin birinci rübünün nəticələrinin müqayisəli təhlilinə dair təqdimat nümayiş etdirilib, cari dövr ərzində gömrük orqanlarının fəaliyyətinin yekunları ilə bağlı müzakirələr aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi, prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.


