ABŞ və Böyük Britaniyadan olan tədqiqatçılar Altsheymer xəstəliyinə qarşı dərmanların uğursuz klinik sınaqlarının nəticələrini təhlil edə bilən süni intellekt sistemi hazırlayıblar. Bu sistem vasitəsilə aparılan hesablamalar göstərib ki, preparatlardan biri bəzi pasiyentlərdə demensiyanın inkişafını 46 faiz ləngidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kembric Universitetinin mətbuat xidməti məlumat yayıb.
“Klinik sınaqlar zamanı bir çox perspektivli preparat pasiyentlərin sağlamlığına müsbət təsir göstərmir, çünki həmin müalicə prosesə artıq çox gecikmiş mərhələdə tətbiq olunur. Hazırladığımız süni intellekt modeli belə halları müəyyənləşdirməyə və uyğun könüllüləri sınaqlar üçün düzgün seçməyə imkan verir. Sınaqların daha sürətli və ucuz keçirilməsinə imkan yaranacaq ki, bu da demensiyaya qarşı mübarizədə olduqca vacibdir”, – deyə Kembric Universitetinin professoru Zoi Kurtsi bildirib.
Tədqiqatçılar qeyd edirlər ki, son 20 ildə alimlər Altsheymer xəstəliyinə qarşı heyvanlar üzərində və azsaylı könüllü insanlar üzərində keçirilən ilkin sınaqlarda yüksək effektivlik göstərmiş onlarla preparat hazırlayıblar. Lakin bu dərmanların demək olar ki, hamısı sonrakı mərhələlərdə – genişmiqyaslı klinik sınaqlarda – uğursuz olub və iştirakçıların yaddaş və koqnitiv qabiliyyətlərində ciddi yaxşılaşma müşahidə edilməyib.
Britaniyalı və amerikalı alimlərin ehtimalına görə, bu uğursuzluqların əsas səbəbi müalicənin ya xəstəliyin çox gec mərhələsində tətbiq olunması, ya da preparatın yalnız spesifik bir pasiyent qrupuna təsir göstərməsidir. Məhz bu fərqi müəyyənləşdirmək üçün tədqiqatçılar süni intellektə əsaslanan bir sistem hazırlayıblar. Bu sistem pasiyentləri müxtəlif qruplara ayırır və hər qrup üzrə müalicənin effektivliyini, həmçinin xəstəliyin inkişaf sürətini təhlil edir.