Eynşteynin xəbərdarlığı və Manhetten layihəsi

post-img

Əfsanəfi “Domokl” qılıncı necə gerçəkləşdirildi?

1939-cu il avqustun 2-də Ruzveltin ofisinə bir neçə nəsil alimlər üçün əsl qorxu yaradacaq bir məktub daxil oldu. Məktub məşhur alim Eynşteyndən gəlmişdi, o, müharibəni və tarixin özünü dəyişdirə biləcək yeni bir güc barədə xəbərdarlıq edirdi. Bu, əslində, adi bir məktub deyildi, dünyanı əbədi olaraq dəyişdirəcək bir siqnal idi.

Dünyaca məşhur fizik olan Albert Eynşteynin ABŞ prezidenti Franklin Delano Ruzveltə ünvanladığı məktub tezliklə XX əsrin ən mühüm sənədlərindən birinə çevriləcəkdi. Məktubun mətnini Eynşteynin özü deyil, nüvə fizikasında kəşflərin misli görünməmiş gücə malik silahlara çevrilə biləcəyini anlayan ilk alimlərdən biri olan macar fiziki Leo Szilard yazmışdı. Sadəcə, Eynşteynin dəstəyi sayəsində məktub diqqət cəlb etmişdi.

Alimlər təşviş içində idilər. Nasistlər hakimiyyətə gəldikdən sonra Eynşteynin qaçdığı Almaniyada nüvənin parçalanması ilə bağlı araşdırmalar sürətlə gedirdi. Szilard və onun həmkarları nasistlərin müttəfiqlərdən əvvəl atom bombası hazırlaya biləcəyindən qorxurdular. Məhz bu qorxu onları ABŞ prezidentinə müraciət etməyə vadar etmişdi.

Məktubda prezident Ruzveltə “yeni növ son dərəcə güclü bomba” yaradılması ehtimalı barədə xəbərdarlıq edilir və hökumətlə fiziklər arasında əməkdaşlıq təklif olunurdu. Alimlər texniki təfərrüatları və hesablamaları ehtiva etməsələr də, əsas təhlükəni və təcili tədbirlər görülməsinin vacibliyini qeyd edirdilər.

Ruzvelt məktubla tanışlıqdan sonra xüsusi komitə yaratdı. Bu addım bir neçə il sonra Manhetten layihəsinə çevriləcək işin başlanğıcı oldu. Proqram görkəmli alimləri, böyük resursları bir araya gətirdi və hərbi nizam-intizam yaratdı. Nəticə 1945-ci ilin yayında Nyu-Meksiko səhralarında sınaqdan keçirilmiş ilk atom bombaları oldu.

Eynşteyn sonradan həmin məktubu imzaladığına görə peşman olmuşdu. O, layihədə iştirakçı olmayıb və adının kütləvi qırğın silahları ilə bağlı çəkilməsini istəmirdi. Ona görə də sonralar etiraf etmişdi ki, Almaniyanın atom bombasını hamıdan əvvəl hazırlaya bilməyəcəyini bilsəydi, heç vaxt o məktubu dəstəkləməzdi.

Bununla belə, məktub elmi xəbərdarlığın siyasi qərarları və dünyanın taleyini necə dəyişdirə biləcəyinin simvolu oldu. Eynşteyn ömrünün sonuna qədər nüvə silahlarına nəzarət edilməsinin və elmin dinc məqsədlərlə istifadəsinin vacibliyi fikrini müdafiə etdi. Onun Ruzveltə yazdığı məktub indi tarixi sənəd kimi arxivdə saxlansa da, dərsləri hələ də aktualdır. Axı hər bir yeni texnologiya – istər nüvə enerjisi, istərsə də süni intellekt olsun, həm tərəqqi vasitəsinə, həm də təhlükə mənbəyinə çevrilə bilir.

XQ

Dünya