Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Télévisions” kanalına müsahibəsində Yaxın Şərqdə davam edən müharibədən söz açıb.
AZƏRTAC xəbər verir ki, o, repatriasiya əməliyyatları, Livandakı vəziyyət və “Charles de Gaulle” aviadaşıyıcısının yerləşdirilməsi barədə danışıb. ABŞ-ın strategiyası barədə sualı cavablandıran Barrot bildirib ki, ABŞ Prezidenti Donald Trumpın İrana qarşı əlavə zərbələr və “B-52 Stratofortress” bombardmançı təyyarələrinin göndərilməsi barədə açıqlamalarından sonra Fransa bu əməliyyatları dəstəkləməyib.
“Bu hərbi əməliyyatların məqsədi aydın müəyyən edilməmişdi, onlar beynəlxalq hüquqdan kənarda həyata keçirilirdi və regionda genişmiqyaslı münaqişə riskini artırırdı”, – deyə nazir qeyd edib.
Barrot əlavə edib ki, bu risklər İsrail və amerikalıların İran rejimi ilə bağlı problemi həll etmək üçün təklif etdikləri həllərdən daha böyük ola bilər.
ABŞ təyyarələrinin Fransa bazalarından istifadə etməsi məsələsinə toxunan nazir qeyd edib ki, Paris icazələri təqdim olunan missiyanın xarakterindən asılı olaraq verir. Onun sözlərinə görə, Fransa ABŞ tərəfdən “Istres Air Base“ bazasında yerləşdirilən vasitələrin heç bir halda İrana qarşı hərbi əməliyyatlarda istifadə olunmayacağına dair təminat alıb.
Barrot, həmçinin İsrailin maliyyə naziri Bezalel Smotrichin Livanın bəzi rayonlarını Xan Yunisə (Khan Younisə) çevirməklə hədələməsi barədə açıqlamaları sərt tənqid edib. “Bu sözləri mən də eşitdim və onlar məni dərindən qəzəbləndirdi”, – deyə o bildirib və israilli həmkarı ilə son telefon danışığında buna etirazını ifadə edib.
Fransanın Tehrandakı səfirliyinin bağlanması ehtimalına gəlincə, nazir bu ssenarini təsdiqləməkdən imtina edib və diplomatik heyətin lazım olduğu müddət ərzində qalacağını bildirib.
Sonda Barrot “Charles de Gaulle” aviadaşıyıcısı və amfibiya helikopterdaşıyan gəminin Aralıq dənizinə yerləşdirilməsi barədə danışaraq vurğulayıb: “Bu bizim müharibəmiz deyil”.
Onun sözlərinə görə, Fransanın əsas vəzifəsi regiondakı vətəndaşlarının, obyektlərinin və müdafiə sazişləri bağladığı tərəfdaşlarının təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, Paris regional eskalasiyanın qlobal iqtisadiyyata və fransız vətəndaşlarının alıcılıq qabiliyyətinə təsirini minimuma endirməyə çalışır.

