Yaxın Şərq danışıqlarında “maneə aysberqləri”

post-img

Regionda təhlükəsizlik mövzusu gündəmdə

Xarici media diqqəti Vaşinqton-Tehran xəttində danışıqların perspektivi, İran hakimiyyətində parçalanma, regional təhlükəsizlik arxitekturası və böyük güclərin fərqli mövqelərinə yönəldib. Enerji bazarları, sanksiya təhdidləri, Hörmüz boğazı ilə bağlı risklər və Avropa–Yaxın Şərq xəttində artan narahatlıq kimi mövzular da gündəmdən düşmür. Görünən odur ki, regionda hərb və diplomatiya arasında incə balans qorunmağa çalışılır və qarşıdakı günlər bu prosesin həlledici mərhələsi olacaq.

“Fox News”: ABŞ-ın dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində bildirib ki, Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması yolunda ən böyük maneə İran rəhbərliyindəki parçalanmadır. Onun sözlərinə görə, iranlı nümayəndələrlə hakimiyyət nümayəndələri arasında fikir ayrılıqları olur ki, bu da sülh danışıqları imkanlarını ciddi şəkildə məhdudlaşdırır: “Ölkə daxilində (İran - red.) dərin parçalanma var və düşünürəm ki, bu həmişə belə olub. Lakin indi özünü daha güclü göstərir. İranı anlamağın ən yaxşı yolu hazırda orada siyasi bir sinfin formalaşdığını başa düşməkdir. Bilirsiniz, insanlar mötədillər və sərt xətt tərəfdarları haqqında danışırlar”.

“Sky News”: Böyük Britaniyanın Baş naziri Kir Starmer davam edən münaqişə fonunda qiymətlərin artmasının Britaniyanın tətil planlarına təsir göstərə biləcəyi ehtimalını istisna etməyib: “Deyə bilərəm ki, mənfi təsirlər davam edərsə, insanlar bu il hara səyahət etdikləri, supermarketdən nə aldıqları və bu kimi şeylər baxımından vərdişlərini dəyişə bilərlər”. O qeyd edib ki, hökumətin “Cobra” Fövqəladə Hallar Komitəsinin iclasında bu məsələlərə toxunulacaq.

“Daily Mail”: ABŞ dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçi ilə heç vaxt əlaqə saxlamadığını bildirib: “Dediyim kimi, o, nadir hallarda bizimlə ünsiyyət qurub. Bunlar əsasən dolayı danışıqlardır”. Onun sözlərinə görə, son həftələr İslamabadda keçirilən görüşlərlə bağlı birbaşa əlaqələr olub. O əlavə edib ki, onlarla birbaşa əlaqələr çox məxfidir və yalnız onların sistemindəki bir və ya iki nəfər vasitəsilə baş verir.

“Tasnim”: İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bəyan edib ki, bütün dünya ABŞ ilə qarşıdurmada İranın real gücünü görüb və aydın olub ki, İslam Respublikası sabit, möhkəm və qüdrətli bir sistemdir. O əlavə edib ki, bu müharibədə İranın Rusiya kimi dost və müttəfiqinin olduğu müəyyənləşib.

“CNN”: İran və ABŞ arasında potensial sülh razılaşmasının birinci mərhələsi münaqişədən əvvəlki status-kvoya qayıtmaq ola bilər. Telekanalın məlumatına görə, danışıqların ikinci mərhələsinin olmamasına baxmayaraq, tərəflərin mövqeləri göründüyü qədər uzaq deyil. Mənbələr iddia edirlər ki, mərhələli həllə yönəlmiş aktiv pərdəarxası diplomatiya davam edir. İlk addım Hörmüz boğazından sərbəst keçidin bərpası və eskalasiyadan əvvəlki mövqelərə qayıtmaq hesab olunur. Məlumata görə, İranın nüvə proqramı məsələsinin müzakirəsi sonrakı mərhələdə planlaşdırılır. Həmçinin qeyd olunur ki, vasitəçilər tərəflərə razılığa gəlmək üçün təzyiq göstərirlər və qarşıdakı günlər həlledici ola bilər.

“Reuters”: İranın müdafiə nazirinin müavini Rza Talei-Nik Bişkekdə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin müşavirəsində çıxışı zamanı bəyan edib ki, İran hərbi imkanlarını “müstəqil ölkələrlə”, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri ilə bölüşməyə hazırdır.

“WSJ”: ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Amerika administrasiyası İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər. Onun sözlərinə görə, sanksiya tətbiq edilən İran aviaşirkətləri ilə iş görmək ABŞ sanksiyalarına məruz qalma riskini daşıyır. Xarici hökumətlər öz yurisdiksiyalarındakı şirkətlərin bu təyyarələrə aviasiya yanacağı, qida, eniş haqqı və idarəetmə xidmətləri də daxil olmaqla xidmət göstərməməsi üçün bütün zəruri tədbirləri görməlidirlər”.

“Mehr”: İran XİN-in sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkə hesabında yazıb ki, Avropa İttifaqının İrana qarşı sanksiyaları heç vaxt insan hüquqları ilə bağlı olmayıb: “Onlar sadə iranlıların əsas hüquqlarını tapdalamaq üçün hazırlanıb. Bu cür nümayişkaranə mövqe dünya arenasında sizə və ya ətrafınıza bir qram belə etibar qazandırmayacaq. Əslinə qalsa, bu, sadəcə olaraq, Avropa hakim sinfinin ikili standartlarını daha çox nümayiş etdirir və birliyin süqutunu sürətləndirir”.

“Bəhreyn DİN”: Bəhreyn hakimiyyəti 69 nəfəri və onların ailə üzvlərini vətəndaşlıqdan məhrum edib. Bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN-in bəyanatında bildirilib ki, bu vətəndaşlar İranın hücumlarına münasibətdə dəstək ifadə ediblər.

“Al Arabiya”: Səudiyyə Ərəbistanı bu gün Ciddədə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının növbədənkənar sammitini keçirəcək. Sammit Körfəz dövlətləri rəhbərlərinin fevralın 28-də ölkələrinin İranla qarşıdurmaya cəlb olunmasından sonra ilk əyani görüşü olacaq. Görüşün məqsədi İran tərəfindən həyata keçirilən raket və dron hücumlarına qarşı ümumi cavab hazırlamaqdır. Sammitdə Qətər, Küveyt və Bəhreyn rəhbərlərinin iştirakı gözlənilir. Oman və Birləşmiş Ərəb Əmirliklərini kimin təmsil edəcəyi barədə məlumat isə hələlik açıqlanmır.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Dünya