1961-ci il iyulun 2-si idi. Təhsilimi ali məktəbdə davam etdirmək üçün yenicə rayondan Bakıya gəlib qəbul imtahanlarına hazırlaşırdım. Buna qədər oyunlarını uzaqdan-uzağa, radio və televiziya reportajları vasitəsilə izlədiyim “Neftçi” SSRİ çempionatının güclülər dəstəsində növbəti görüşünü keçirirdi. Respublika stadionunun tribunalarına toplaşan azarkeşlər arasında mən də vardım. Rəqibimiz isə Xarkovun “Avanqard” komandası idi.
Bu gün diqqətinizə çatdırdığımız foto da 65 il əvvəlin futbolumuza əmanətidir. Oyun haqqında danışmazdan əvvəl 1937-ci ildə yaradılmış və 1961-də 24 yaşına çatmış “Neftçi” Peşəkar Futbol Klubunun fotodakı oyunçularını xatırlayaq (sağdan sola): Yuri Kuznetsov, Çingiz İsmayılov, Vyaçeslav Semiqlazov, Aleksandr Trofimov, Ravil Cəlilov, Yuri Alyoşin, Kamil Eynullayev, Anatoli Qryazev, Əhməd Ələsgərov, Omari Kaxiani, Adamas Qolodets.
Yaddaşım məni aldatmırsa, Moskva “Dinamo”sundan dəvət olunan Qolodets və gürcüstanlı Kaxianidən başqa, adları çəkilən oyunçuların hamısı Azərbaycan futbolunun yetirməsi idi.
“Avanqard”la matça gəldikdə, 23-cü SSRİ çempinatının ikinci dövrə görüşü idi. Oyunda ədaləti qorumaq moskvalı hakim V.Podqornıya həvalə olunmuşdu. Hesab tez açıldı. Artıq 7-ci dəqiqədə xarkovlu Nesterov qapıçımız Kosenkovu məyus etdi. Erkən qolla hesabda irəli çıxan qonaqlar fasiləyədək kiçik üstünlüyü qoruyub saxlaya bildilər. Azarkeşlər ikinci hissənin ortalarında daha bir qol gördülər. Bu dəfə Qolodetsin zərbəsindən sonra Ukrayna təmsilçisinin qapısında. Yeri gəlmişkən, Adamas mənim yadımda rəqib qapısı ağzında yaranan cüzi imkandan belə, dəqiq istifadə etməyi bacaran hücumçu kimi qalmışdır. Oyunda hesab bərabərləşəndən sonra başqa qol olmadı və rəqiblər meydandan səfərdə çıxış edən xarkovluları daha çox razı salan heç-heçə ilə ayrıldılar – 1:1.
Təxminən 1 il əvvəl Kamil Eynullayev haqqında danışdığımız yazıda sağ kənar hücumçumuzun 1961-ci ildə Xarkovda keçirilmiş “Avanqard”–“Neftçi” görüşündə komandasına çox mühüm qələbə qazandırdığını qeyd etmişdik. İndi xatırlatmaq yerinə düşər ki, həmin çempionatın mayda birinci dövrə görüşündə gərgin mübarizənin taleyini həll edən qələbə topunu Eynullayev 58-ci dəqiqədə vurmuş (1:0), qalan vaxt ərzində isə “Neftçi” müdafiədə səhvsiz oynayaraq evə 2 mühüm xalla qayıtmışdı.
Sonda onu da xatırladaq ki, 23-cü çempionatda “Neftçi”nin baş məşqçisi məşhur moskvalı mütəxəssis Boris Arkadyev, onun köməkçisi Əli Əbilzadə, komandanın rəisi isə Tofiq Bəhramov idi.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

