Hörmüz boğazında sığorta böhranı: mümkün zərər 27 trilyon dollar

post-img

Türkiyənin Hürriyet qəzetinin köşə yazarı Noyan Doğan Hörmüz boğazında yaranan vəziyyətin qlobal dəniz ticarəti və sığorta sektoruna ciddi təsir etdiyini yazır. Onun sözlərinə görə, ABŞ və İsrailin İrana hücumundan sonra bölgədə artan gərginlik nəticəsində Hörmüz boğazı ətrafında gəmi hərəkəti faktiki olaraq məhdudlaşıb.

Müəllif qeyd edir ki, hazırda boğazda təxminən 3 minə yaxın gəmi var və onlardan təxminən 900-ü boğazın daxilində sıxışıb qalıb. Sığorta şirkətləri müharibə riskinin artmasını əsas gətirərək gəmilərin P&I sığortalarını ləğv ediblər. Bu isə hər gəmi üçün təxminən 1 milyard dollarlıq sığorta təminatının qüvvədən düşməsi deməkdir.

Noyan Doğanın yazısına görə, mövcud vəziyyət enerji bazarlarına da təsir edir. Çünki Hörmüz boğazı dünya neft və qaz daşımalarının əsas marşrutlarından biridir və burada yaranan risklər beynəlxalq ticarətin ləngiməsinə səbəb olur.

Müəllif həmçinin bildirir ki, ABŞ Prezidenti Donald Trump bölgədəki neft tankerlərinin təhlükəsizliyini təmin etmək üçün ABŞ donanmasının müşayiət mexanizmini və siyasi risk sığortası modelini gündəmə gətirib. Bu mexanizm vasitəsilə gəmilərin mümkün itkilərinin müəyyən hissəsinin sığortalanması planlaşdırılır.

Yazıda diqqət çəkilən əsas məqamlardan biri isə sığorta sektorunun ən böyük risk ssenarisidir. Əgər boğazda sıxışıb qalan gəmilər uzun müddət, – təxminən bir ildən artıq, – hərəkət edə bilməsə, bu vəziyyət “tam itki” kimi qiymətləndirilə bilər. Belə halda sığorta şirkətləri gəmi və yüklərə görə ümumilikdə 27 trilyon dollara qədər təzminat ödəmək riski ilə üzləşə bilər.

Noyan Doğan hesab edir ki, bu cür ssenarinin qarşısını almaq üçün beynəlxalq ticarətin davamlılığını təmin edəcək dövlət zəmanətləri və yeni sığorta mexanizmləri hazırlanmalıdır. Onun fikrincə, əks halda Hörmüz boğazında yaranan böhran qlobal sığorta və enerji bazarlarında ciddi maliyyə itkilərinə səbəb ola bilər.

Hazırladı:

Səbuhi MƏMMƏDOV

XQ

Dünya