BƏƏ OPEC və OPEC+dan çıxır

post-img

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən etibarən OPEC və OPEC+ alyansını tərk etmək qərarı verib. Bu barədə ölkənin energetika naziri Suheyl əl-Məzrui açıqlama verib. Onun sözlərinə görə, qərar düzgün vaxtda qəbul olunub və qlobal neft bazarına ciddi təsir göstərməyəcək.

Nazir bildirib ki, gələcəkdə dünya daha çox enerji resursuna ehtiyac duyacaq. O qeyd edib ki, OPEC-dən çıxış BƏƏ-yə tərəfdaşlar və investorlarla daha sərbəst əməkdaşlıq etməyə, dünya neft məhsulları bazarının tələbatını qarşılamağa imkan verəcək.

Suheyl əl-Məzrui qərarın qəbulundan əvvəl Səudiyyə Ərəbistanı ilə məsləhətləşmələrin aparılıb-aparılmaması barədə suala cavabında deyib ki, BƏƏ bu məsələ ilə bağlı heç bir ölkə ilə birbaşa konsultasiya keçirməyib.

Məlumata görə, BƏƏ-nin alyansı tərk etməsinin mümkün nəticələri iyun ayında keçiriləcək OPEC+ üzv ölkələrinin toplantısında müzakirə olunacaq.

Xəbərin yayılmasından sonra neft bazarında qiymət dəyişiklikləri qeydə alınıb. Londonun ICE birjasında Brent markalı neftin iyul fyuçersləri əvvəlcə bir barel üçün 105,2 dollara qədər yüksəlsə də, daha sonra 104 dollara enib. Sonrakı ticarətdə isə qiymət 104,7 dollar səviyyəsində olub. Buna baxmayaraq, gün ərzində Brent nefti ümumilikdə təxminən 3 faiz bahalaşıb.

S.ELAY

XQ

İqtisadiyyat