Astara rayonunda Səhiyyə Nazirliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə növbəti tibbi aksiya keçirilib. Aksiya akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunub.
XQ xəbər verir ki, aksiya çərçivəsində Səyyar Klinika rayon sakinləri üçün tibbi müayinələr aparıb. Müraciət edənlər göz sağlamlığı ilə bağlı müayinələrdən keçib, xəstəliklər vaxtında aşkarlanıb və müalicə yolları müəyyən edilib. Həkimlər əldə olunan nəticələri dəyərləndirərək pasiyentlərə lazımi tövsiyələr veriblər. Eyni zamanda, ciddi oftalmoloji problemlərlə üzləşən və əməliyyata ehtiyacı olan şəxslərə daha geniş tibbi yardım göstərilməsi üçün onların Milli Oftalmologiya Mərkəzinə müraciət etmələri üçün şərait yaradılıb.
Aksiya çərçivəsində Mərkəzin Səyyar Klinikasında 200 nəfərdən artıq şəhid və aztəminatlı ailə üzvləri, qazilər və müharibə iştirakçıları müayinə olunub, onlara müvafiq müalicələr təyin edilib.

