Yaxın Şərqdən enerji və ərzaq bazarlarına “qara yellər” əsir

post-img

Yaxın Şərqdə artan hərbi gərginlik qlobal enerji, ərzaq təhlükəsizliyi və regional sabitlik müstəvisində də ciddi təlatüm yaradıb. ABŞ-İran danışıqları dalana dirənərkən, paralel olaraq vasitəçilik təşəbbüsləri, yeni siyasi manevrlər və geoiqtisadi risklər ön plana çıxır. İran, ABŞ, Rusiya və region ölkələri arasında formalaşan yeni geosiyasi konfiqurasiya beynəlxalq münasibətlər sistemində həssas dönüş siqnalları yaradır. Xarici media proseslərin həm də neft bazarlarında gübrə təchizatına, terror təhlükəsindən böyük güclərin mövqelərinə qədər geniş təsirini diqqətə çatdırır.

“Tasnim”: İranın xarici işlər naziri Abbas Əraqçi Omana səfəri ilə bağlı “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, ölkənin xarici siyasətində qonşuları ilə münasibətlər prioritet təşkil edir. O, həmçinin Omana səfəri zamanı keçirdiyi görüşlərdə regional proseslər barədə mühüm müzakirələr aparıldığını diqqətə çatdırıb: “Hörmüzün yeganə sahilyanı dövlətləri olaraq diqqət mərkəzimizə bütün qonşuların və dünyanın xeyrinə olan təhlükəsiz tranziti təmin etmək yolları daxil idi”.

“CENTCOM”: ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının məlumatlna görə, İran limanlarının dəniz blokadası başlayandan 38 ticarət gəmisi dayandırılıb: “ABŞ HDQ gəmilərin daxil olmasına və çıxmasına yol verməyərək İran limanlarının blokadasını həyata keçirməyə davam edir. Amerika Silahlı Qüvvələri 38 gəmiyə istiqamətini dəyişmək və ya geri, limana qayıtmaq barədə əmr verib”.

“Axios”: İran ABŞ-a münaqişənin həlli üzrə blokadanın ləğvini, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ardınca Tehranın nüvə proqramı üzrə danışıqlara keçidi özündə ehtiva edən yeni təklif göndərib. Məlumata görə, İran tərəfi Pakistanın vasitəçiliyi ilə yeni təklifi Vaşinqton nümayəndələrinə çatdırıb. Təşəbbüs danışıqlar prosesindəki mövcud dalandan çıxmağa və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılaşma əldə etmək naminə getməyə hazır olduğu nüvə güzəştlərinin həcmi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib. İranın təşəbbüsü, ilk növbədə, Hörmüz boğazı ətrafındakı böhranlı vəziyyətin həllinə və blokadanın ləğvinə hesablanıb. Hər iki tərəfin qüvvədə olan atəşkəs rejimini uzun müddətə uzatması və ya hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması barədə razılığa gəlməsi nəzərdə tutulur.

“Al Jazeera”: Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Berlində mühafizəkar XDS partiyasının və onun Bavariya filialı olan XSS-nin nümayəndələrinin görüşündə deyib ki, İrana qarşı sanksiyaların ləğv edilməsi hələ tezdir. Lyayen əlavə edib ki, sanksiyalar İranın öz əhalisini sıxışdırması ilə əlaqədar tətbiq olunub: “Hesab edirik ki, sanksiyaları ləğv etmək hələ tezdir. Bunun üçün əvvəlcə İranda əsaslı dəyişiklikləri görməliyik”.

“Al Arabiya”: "Hizbullah"ın lideri Naim Qasem Livanın İsraillə birbaşa danışıqlar aparmaq planlarını tənqid edərək onları ölkədə sabitliyi pozan "ağır günah" adlandırıb: “Biz İsraillə birbaşa danışıqları qəti şəkildə rədd edirik və hakimiyyətdə olanlar anlamalıdırlar ki, onların hərəkətləri nə Livana, nə də onların özünə fayda gətirəcək”. O, hakimiyyəti Livanı qeyri-sabitliyə aparan belə bir ağır günahdan çəkinməyə çağırıb.

“Reuters”: ABŞ ilə İran arasında fikir ayrılıqlarını aradan qaldırmaq istiqamətində işlər dayanmayıb. Vasitəçi Pakistan mənbələrinin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp nümayəndələrinin səfərini ləğv etdikdən və “İran razılaşma istəyəndə zəng etsin” dedikdən sonra birbaşa diplomatiya uğursuz olsa da, təmaslar davam edir. İran mənbələri Tehranın son təklifini açıqlayıb. Təklifə əsasən, ilk mərhələdə müharibənin dayandırılması və Fars körfəzində gəmiçiliyə dair qarşıdurmanın həlli nəzərdə tutulur, İranın nüvə proqramı ilə bağlı daha geniş danışıqlar sonrakı mərhələyə saxlanılır. Lakin bu yanaşmanın Vaşinqtonu qane edəcəyi çətin görünür, çünki ABŞ hesab edir ki, nüvə məsələləri danışıqların başlanğıcından həll olunmalıdır.

“WSJ”: Yaxın Şərq münaqişəsi fonunda son dörd ildə ikinci dəfə gübrə qiymətlərində kəskin artım dünyada fermerləri ciddi çətinliklərlə üz-üzə qoyub. Vəziyyət qlobal ərzaq istehsalını risk altına sala bilər. Yaxın Şərq gübrə istehsalının əsas mərkəzlərindən biridir və dünya gübrə ticarətinin böyük hissəsi adətən Hörmüz boğazından keçir. Münaqişə səbəbindən bu marşrutda nəqliyyat, faktiki olaraq, iflic vəziyyətinə düşüb. Dünyanın ən iri istehsal müəssisələrindən biri olan Qətərdən karbamid (azot əsaslı gübrə) tədarükü dayandırılıb.

“Mehr”: İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ İranla iqtisadi qarşıdurmada təzyiq rıçaqlarının böyük hissəsini artıq tükədib, Tehran isə hələ də istifadə edə biləcəyi mühüm “kartlara” malikdir. O, hər iki tərəfin “iqtisadi oyun kartları”nı müqayisə edərək ABŞ rəsmilərinin üstünlük iddialarını rədd edib. Qalibaf İranın təklif yönümlü alətləri – Hörmüz boğazı, Bab əl-Məndəb boğazı və neft kəmərləri ilə ABŞ-ın tələbyönümlü mexanizmlərini, o cümlədən strateji neft ehtiyatlarından istifadəni, tələbin idarə olunmasını və qiymət tənzimləmələrini müqayisə edən formul təqdim edib. O vurğulayıb ki, İranın bəzi imkanları hələ işə salınmayıb, halbuki ABŞ öz alətlərinin bir hissəsini artıq tükədib və ya qismən səfərbər edib.

“Bloomberg”: İranın xarici işlər naziri Abbas Əraqçi səkkiz həftədir davam edən müharibənin dayandırılması ilə bağlı ABŞ-la danışıqlar dalana dirəndiyi bir vaxtda Rusiyada Prezident Vladimir Putinlə görüşə gəlib. İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayılan açıqlamaya görə, Əraqçi bildirib ki, ABŞ-İsrail hərbi kampaniyasının İranla ikitərəfli təmasları pozmasından sonra Rusiya rəsmiləri ilə koordinasiya aparmaq zərurəti yaranıb.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Dünya