Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran üçün milyardlarla dollar vəsaitin blokdan çıxarılmasına razılıq verib. Bu barədə dörd fərqli mənbə məlumat yayıb. "Reuters" qeyd edir ki, bu addım ABŞ və İsrailin İran İslam Respublikası ilə müharibəsi fonunda Körfəzin varlı ərəb dövlətinə qarşı həftələrdir davam edən İran hücumlarından sonra atılan taktik bir addımdır.
Əvvəllər barəsində heç bir məlumat verilməyən bu qərar Tehran ilə Vaşinqton arasında müharibənin dayandırılmasına yönəlmiş daha genişmiqyaslı danışıqların yekun mərhələsi ilə eyni vaxta təsadüf edir. Diplomatların sözlərinə görə, bu danışıqlar ABŞ sanksiyaları səbəbindən xarici banklarda dondurulmuş on milyardlarla dollar dəyərində İran neft gəlirlərinin sərbəst buraxılmasını da əhatə edə bilər.
Bölgədəki iki fərqli mənbənin "Reuters" agentliyinə verdiyi məlumata görə, BƏƏ ümumilikdə 10 milyard dolların sərbəst buraxılmasına razılıq verib və bu vəsaitin artıq 3 milyard dollardan çoxu qarşı tərəfə ötürülüb. Saziş barədə məlumatı olan digər iki mənbə isə sözügedən ümumi məbləğin 20 milyard dollar olduğunu qeyd edib. Onlar bu addımın İranın BƏƏ-yə hücumlarını dayandırması müqabilində razılaşdırıldığını əlavə ediblər.
Razılaşmadan xəbərdar olan mənbələrdən biri isə 3 milyard dollarlıq ilk tranşın artıq istifadəyə verildiyini təsdiqləyib.
"Reuters" transfer üçün nəzərdə tutulan vəsaitlərin BƏƏ-yə məxsus olduğunu, yoxsa BƏƏ-nin bank sistemində və ya digər yerlərdə uzun müddətdir dondurulmuş İran hesablarından qaynaqlandığını dəqiqləşdirə bilməyib.
S.ELAY
XQ

