Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu” mövzusunda birgə tədbir keçirib.
İcra Hakimiyyətindən XQ-yə bildirilib ki. tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Milli Qurtuluş Günü münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, məşhur “91”-lərin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev, Milli Məclisin deputatları Mübariz Qurbanlı, Rasim Musabəyov, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları Milli Qurtuluş Gününün siyasi-tarixi əhəmiyyətindən danışıb, onu Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndiriblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb, Azərbaycan dövləti isə parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilib.
Qeyd edilib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, müstəqil Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınması, qlobal siyasətdə layiqli yerini tutması, iqtisadiyyatının güclənməsi, ən nəhayət ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması ilə səciyyələnir.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının yubiley yaşında olan veteranları, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri təltif olunub, partiyanın yeni üzvlərinə vəsiqələri təqdim edilib.








