ABŞ və İran arasında yaxın vaxtlarda imzalana biləcək anlaşma memorandumuna əsasən, Vaşinqton yeni münaqişəyə başlamamaq və təhdidlərdən istifadə etməmək öhdəliyi götürür.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
"Tasnim" xəbər agentliyinin yaydığı məlumata görə, nazir bildirib: “Razılaşmaya əsasən, ABŞ müharibəyə başlamamağı və ya təhdidlərdən istifadə etməməyi öhdəsinə götürür”.
Əraqçinin sözlərinə görə, hər iki tərəf bir-birinin suverenliyinə hörmət etməyi və daxili işlərinə qarışmamağı da öhdəsinə götürür.
İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, sənəd imzalanana qədər memorandumun bəzi detallarını açıqlamayacaq.
Nazir, həmçinin bildirib ki, memorandumun mətni bir neçə dəfə dəyişdirilib. Onun sözlərinə görə, sənəddə digər məsələlərlə yanaşı, Hörmüz boğazı ilə bağlı məsələlər də müzakirə olunacaq, həmçinin ABŞ tərəfindən tətbiq edilən blokadanın ləğvi nəzərdə tutulur. Əraqçi əlavə edib ki, boğazda gəmiçiliyin idarə olunması münaqişədən əvvəlki vəziyyətə qaytarılmayacaq.
O bildirib ki, memorandum imzalanacağı təqdirdə, ABŞ İranın dondurulmuş aktivlərinin sərbəstləşdirilməsi istiqamətində addımlar atacaq.
Xarici işlər naziri vurğulayıb ki, sənəddə nəzərdə tutulan atəşkəs Livan da daxil olmaqla bütün cəbhələri əhatə etməlidir.
Bununla yanaşı, tərəflər nüvə proqramı və İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi məsələlərini daha sonra ayrıca razılaşma çərçivəsində müzakirə edəcəklər.

