Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan dövləti müharibə zamanı qəhrəmanlıq göstərən ukraynalı uşaqlara yardım göstərib.
XQ xəbər verir ki, Ukraynanın Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Qəhrəman uşaqlar” şüarı adı altında keçirilən tədbirdə bu ölkənin daxili işlər naziri İqor Klimenko, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Azərbaycanın Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəliyinin rəhbəri polis polkovniki Şahin Qocayev və SOCAR-ın bu ölkədəki nümayəndələri iştirak ediblər.
Ukraynanın daxili işlər naziri İqor Klimenko çıxışında qeyd edib ki, qəhrəmanlığın yaşı olmur: “Biz sizinlə fəxr edirik, Sizin qəhrəmanlığınız ona dəlalət edir ki, Ukrayna xalqının parlaq gələcəyi var. Dövlətimiz sizin kimi qəhrəman uşaqlarla daha da inkişaf edəcək”.
Ukraynalı qəhrəman uşaqlar üçün bu əlamətdar və ləyaqətli mükafatlandırma mərasimində iştirak etməkdən məmnunluğunu bildirən səfir Seymur Mərdəliyev bildirib ki, müharibənin ilk günlərindən etibarən Azərbaycan dost Ukrayna xalqına humanitar yardım göstərməyə başlayıb və onu ardıcıl olaraq genişləndirib. Azərbaycan Ukraynanın yenidənqurma, minatəmizləmə və enerji layihələrinə kömək edir.
“Lakin yardımımızın ən vacib sahələrindən biri də Azərbaycanda ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyasıdır. Artıq valideyn himayəsindən məhrum olan 630 ukraynalı uşaq hökumətimiz tərəfindən tam maliyyələşdirilən yüksəkkeyfiyyətli reabilitasiya xidmətləri alıb. Bu sahədə Azərbaycan və Ukrayna Daxili İşlər nazirlikləri arasında intensiv əməkdaşlıq mövcuddur”, - deyə səfir əlavə edib.
Sonra İqor Klimenko səfir Seymur Mərdəliyevlə söhbətində ağır və çətin gündə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Tədbirin sonunda qəhrəmanlıq göstərən uşaqlar mükafatlandırılıb, həmçinin Azərbaycan dövləti adından hədiyyələr təqdim edilib.

