Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qarşılıqlı sərmayə fəaliyyətinin genişlənməsi də iqtisadi inteqrasiyanın vacib istiqamətinə çevrilib. 1995-2025-ci illəri əhatə edən dövr üzrə TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxın olub.
XQ xəbər verir ki, bunu Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Səməd Bəşirli bildirib ki, ümumi kapitalı 600 milyon ABŞ dolları olan Türk İnvestisiya Fondu türk dövlətləri tərəfindən yaradılmış ilk birgə maliyyə institutudur və üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq, regional inkişafı dəstəkləmək məqsədini daşıyır: “Bununla yanaşı, Azərbaycan Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə ikitərəfli investisiya fondları təsis edib. Bu mexanizmlər ölkələrimiz arasında kapital axınının sürətlənməsinə, sənaye və investisiya layihələrinin birgə maliyyələşdirilməsinə və qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşmasına şərait yaradır”.

