NYT: ABŞ Avropada NATO daxilində təyyarə və hərbi gəmilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir

post-img

"The New York Times" qəzetinin Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ NATO-nun Avropadakı əməliyyatlarına ayrılan təyyarə və hərbi gəmilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.

Mənbənin sözlərinə görə, qərar iyunun əvvəlində müttəfiqlərə yazılı sənəd şəklində çatdırılıb və sənədin bəzi hissələri jurnalistlər tərəfindən nəzərdən keçirilib.

Bu, onilliklər ərzində NATO-nun təhlükəsizlik sisteminin əsas elementi hesab edilən Avropa müdafiə arxitekturasında Amerika hərbi iştirakına böyük bir düzəlişdir.

Dərc olunmuş məlumata əsasən, plan aşağıdakıları nəzərdə tutur:

"F-16" və "F-15E" qırıcılarının sayının təxminən 150-dən 100 ədədədək azaldılması;

Dəniz kəşfiyyat təyyarələrinin sayının 26-dan 15-dək azaldılması;

Əvvəllər Avropaya cəlb olunmuş hər səkkiz yanacaqdoldurma təyyarəsinin hamısının geri çağırılması;

Raket silahı ilə təchiz edilmiş atom sualtı qayıqlarından birinin və bir təyyarədaşıyan gəminin, eləcə də bir sıra hərbi gəmilərin yenidən bölüşdürülməsi;

Avropa istiqamətinin müdafiəsi üçün nəzərdə tutulmuş iki strateji bombardmançı qrupundan birinin ixtisar edilməsi.

Avropalı rəsmilərin qiymətləndirməsinə görə, bu cür tədbirlər NATO-nun uzaq məsafəyə zərbələr endirmək imkanlarına, həmçinin regiondakı kəşfiyyat və havada yanacaqdoldurma potensialına mənfi təsir göstərə bilər.

Bununla belə, sözügedən qərar ABŞ-ın hərbi resursları yenidən bölüşdürmək və Vaşinqtonun təxminən 80 ildir dəstəklədiyi Avropa təhlükəsizlik teatrına düşən birbaşa yükü azaltmaq yönümündəki daha geniş strateji addımının bir hissəsi kimi nəzərdən keçirilir.

Məlumatın dərc olunduğu anadək Pentaqon və NATO tərəfindən rəsmi şərh verilməyib.

S.ELAY

XQ

Dünya