Bir işıq - min ümid: Akademik Zərifə Əliyevanın xatirəsi BDU-da yad edilib

post-img

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatı və “Azərbaycan Uşaqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Bir işıq - min ümid” adlı ədəbi-bədii tədbir keçirilib.

BDU-dan XQ-yə bildirilib ki, humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxışında Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib. Bildirib ki, göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyəti olan akademik Zərifə Əliyevanın sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub. Akademik Zərifə Əliyeva böyük alim, nüfuzlu ictimai xadim olmaqla yanaşı, örnək bir ana və sadiq ömür-gün yoldaşı kimi xalqımızın yaddaşında əbədi iz qoyub.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə akademik Zərifə Əliyevanın həyatının və elmi irsinin hər bir gənc üçün nümunə olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması üçün dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu sahədə ali təhsil ocaqlarının da üzərinə mühüm vəzifələr düşür: “BDU uşaqların hüquqlarının təmin edilməsi və müdafiəsi istiqamətində daim imkanlarını səfərbər edən nümunəvi təhsil ocaqlarındandır. Gələcəyimiz olan uşaqları yaxşı təhsil verməklə yanaşı, sevgi və qayğı ilə əsl vətəndaş kimi yetişdirə bilərik".

Daha sonra BDU tələbələri və İctimai Birliyin üzvləri “İncə bellim”, “Nağara”, “İgidlər”, “Qavalla rəqs”, “Zəfər”, “Gürcü” rəqsləri, "Ey həyat, sən nə qəribəsən”, “Gəl, ey səhər”, “Dilbərin ariyası”, “Məsafələr” kimi musiqi nömrələri ifa ediblər.

Sonda İctimai Birliyin “Özgə uşağı olmur” himni səsləndirilib.

Təhsil