Çinlə qadın və uşaq məsələləri sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

post-img

28 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, xüsusilə qadın və uşaq məsələləri sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanla Çin arasında yüksək səviyyəli münasibətləri vurğulayaraq, tərəflərin bu əməkdaşlığa böyük diqqət yetirdiyini qeyd edib. Bu münasibətlərdə qadın, uşaq və ailələrin, ümumilikdə insan kapitalının inkişafının böyük əhəmiyyət kəsb etdiyini deyən sədr,  Azərbaycanın “Vahid Çin” siyasətini, “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini bildirib.

B.Muradova, Pekin Konfransından keçən müddət ərzində mühüm sənədlərin qəbul edildiyini, Pekin platforması üzrə bütün dünyada gedən proseslərdə Azərbaycanın yaxından iştirak etdiyini, müvafiq istiqamətlər üzrə ölkədə siyasətlərin, mexanizmlərin formalaşdırılması sahəsində mühüm işlərin görüldüyünü deyib.

Azərbaycanın beynəlxalq platformalardakı artan roluna diqqət çəkən Komitə sədri, xüsusilə AQEM-in Azərbaycan sədrliyində Qadınlar Şurasının yaradılmasının əhəmiyyətini qeyd edərək, ölkəmizin regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakını bir daha nümayiş etdirdiyini vurğulayıb.

Sədr qarşıdakı dövrdə Qadınlar Şurasının rolunun daha da artırılması üçün Çin ilə əməkdaşlığın genişləndirilməsinin mümkün olduğunu bildirib. O, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qadınların səlahiyyətlərinin genişləndirilməsi, onların ictimai-siyasi həyatda, idarəetmə və qərarqəbuletmə proseslərində iştirakının artırılması istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd edib.

Çin Xalq Respublikasının Azərbaycan Respublikasaındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey səmimi qəbula görə təşəkkür edib.

Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən səfir iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada əsaslanaraq davamlı şəkildə inkişaf etdiyini qeyd edib.

O, dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığını qeyd edib. Bildirib ki, bu əməkdaşlıq müxtəlif istiqamətləri, o cümlədən qadın və ailə məsələlərini əhatə edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişaf etdiyini qeyd edən səfir, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Səfir Lu Mey hər iki ölkədə qadınların rifahı və inkişafına xüsusi önəm verildiyini bildirib, bu sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu qeyd edib.

Tərəflər görüş zamanı rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi, qadınların inkişafı, eləcə də həssas qruplara aid uşaqların müdafiəsi və rifahının gücləndirilməsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Sosial həyat