Vüqar Novruzoğlu: “AMEA nəsillərin maariflənməsi və aydınlanması yolunda uca və şərəfli bir missiya daşıyır”

post-img

Əslində, həm TÜRKSOY, həm də Azərbaycan Milli Elmlər Akademiyası nəsillərin maariflənməsi və aydınlanması yolunda uca və şərəfli bir missiya daşıyırlar. Onların hal-hazırda gənc nəsillərə xitabən gördükləri işlərin əsası Akademiyada 80 il əvvəl, TÜRKSOY-da isə təxminən 32-33 il öncə qoyulub.

Bu sözləri XQ-yə açıqlamasında AMEA-nın 80 illik yubileyi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mətbuat şöbəsinin əməkdaşı Vüqar Novruzoğlu deyib.

O bildirib ki, bu illər ərzində TÜRKSOY və Elmlər Akademiyası birlikdə müvəffəqiyyətli işbirliyi qurmuş və bir sıra uğurlara imza atmışlar.

“Bu baxımdan TÜRKSOY ədəbiyyat, elm, mədəniyyət sahəsində çalışan insanları hər zaman dəstəkləyir, onların əsərlərinin, elmi nəşrlərin təbliğini həyata keçirir. Bu qurumların hər ikisinin elmin, mədəniyyətin, ənənələrin köklü şəkildə gələcək nəsillərə ötürülməsində xidmətləri danılmazdır.

Bu gün Azərbaycanın elm ocağının 80-ci ilini təbrik etmək üçün burada iştirak edirik və bu çox qürurvericidir ki, illər boyunca yetişdirdiyi uğurlu tədqiqatçıları, alimləri təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində şöhrətə qovuşmuş və öz çalışmaları ilə elmə istiqamət vermişlər. Bu səbəblə Akademiyanın 80-ci ilini təbrik edirik. Həmçinin Akademiyanın TÜRKSOY-la olan işbirliyinin artdığını görürük və gələcəkdə onun daha da irəliləyəcəyinə və çox mükəmməl olacağına əminik. 80 yaşın mübarəkdir Akademiya!”, - deyə Vüqar Novruzoğlu vurğulayıb.

Elm